Ana Sayfa > Sosial / Manşet > Biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı şok iddialar

Biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı şok iddialar


12-10-2015, 10:08. Yazar: admin
Biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı şok iddialar
Parlament seçkiləri yaхınlaşdıqca kimlərin mandat qazanıb-qazanmayacağı ilə bağlı suallara yavaş-yavaş aydınlıq gəlir. Hazırda Milli Məclisdə təmsil olunan, yenidən namizədliyi irəli sürülənlərin bəzilərinə mandat verilməyəcəyi dəqiqdir.

Bu səbəbdən də bəzi millət vəkillərinin gələcəyi sual altındadır. Belələrindən biri də Cavanşir Feyziyevdir. 115 saylı Şəki kənd ikinci Seçki Dairəsindən parlamentdə təmsil olunan deputat da belələrindən biridir.

Cavanşir Feyziyev parlamentin biznesmen-deputatlarından biridir. AVROMED şirkətinin təsisçisi olan millət vəkilinin adı bir sıra qaranlıq işlərdə hallanır. Xüsusən də dərman qaçaqmalçılığında əsas fiqurlardan biri olan biznesmenin adamı olduğu bildirilən Mustafayev Anar Nazim oğlu bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri zamanı həbs olunmuşdu. Bu barədə məlumatda bildirilirdi ki, Anar Mustafayev müvafiq dövlət qeydiyyatından keçmədən, lisenziya almadan Azərbaycan, Türkiyə və İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2010-cu ildən 2011-ci ilin may ayının sonunadək külli miqdarda, yəni 53 min manatdan artıq məbləğ dəyərində müfxtəlif adda və sayda dərman preparatlarını qaçaqmalçılıq yolu ilə sərhəddən gömrük nəzarətindən gizli keçirərək, Türkiyə və İrandan Azərbaycana gətirilməsini və Bakı şəhərində satışını təşkil ediblər.

İstintaq-əməliyyat tədbirləri çərçivəsində Anar Mustafayevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə, eləcə də yaşadığı mənzilə keçirilmiş baxış zamanı Türkiyədən və İrandan Azərbaycana qaçaq yolla gətirilmiş 163 adda 53 min manatdan artıq dəyərdə çoxlu sayda dərman preparatları aşkar edilərək götürülüb. Daha sonra məlum olmuşdu ki, Anar Mustafayev Cavanşir Feyziyevin adamıdır. O həbs olunarkən maşınında olan dərmanları deputatın "Avromed" şirkəti üçün gətirirmiş. Bu barədə məlumat verən mənbələr bildirib ki, onun qaçaq yolla ölkəyə gətirdiyi dərmanın miqdarı çox olub, amma külli miqdarda pul qarşılığında onun bir qismi rəsmiləşdirilib.

Millət vəkili ilə bağlı məlumatlarda bildirilir ki, o, Qafqazda ən böyük dərman deposuna malikdir. Ölkənin dərman biznesinin təxminən 80-85 faizinə o nəzarət edir. Çindən keyfiyyətsiz dərmanları alıb İran vasitəsilə Azərbaycana gətizdirir, burada isə onu üzərində Almaniyada, Rusiyada istehsal olunduğu yazılan qutulara qoyduraraq baha qiymətə apteklərə paylatdırır.

Bir müddət əvvəl prezident İlham Əliyevin dərman bazarındakı bahalaşma ilə bağlı səsləndirdiyi iradlardan sonra qiymətlərin endirilməsi prosesi başladı. Dərman bazarında qiymətlərin bahalığı bu sahədə monopoliyanın olmasından və bəzi şəxslərin subyektiv maraqlarını önə çəkməsindən xəbər verir. Heç kimə sirr deyil ki, hazırda ölkəmizin dərman bazarının böyük hissəsi Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsus "Avromed Company" MMC-nin nəzarəti altındadır. İddialara görə, bazarda bahalaşmanı yaradan da məhz deputata məxsus şirkətdir.

Xatırladaq ki, manatın ilk devalvasiyasından sonra "Avromed Company" MMC depolarını bağlamış və nəticədə paytaxtda, eləcə də bölgələrdə yerləşən apteklərin bir çoxu fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdı. Lakin dolların kursu nisbətən sabitləşən kimi apteklər kifayət qədər bahalaşmış preparatlarla doldu. Məlumatlara əsasən, dünyanın aparıcı dərman firmalarının məhsullarının Azərbaycana idxalı ilə məşğul olan "Avromed" bu sahədə vəziyyəti düzəltmək əvəzinə, əlavə problemlərin yaranmasına səbəb olur.

Bu şirkətin ölkəyə idxal olunan dərman preparatları, tibbi vasitələrinin sayı 15 mindən artıqdır. "Avromed"in infrastrukturuna Bakıda yerləşən mərkəzi ofisi, o cümlədən Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofisləri daxildir. "Avromed"in müştəriləri sırasına 15-ə yaxın dövlət xəstəxanası, 150-yə yaxın özəl klinika, eyni zamanda 2 min fərdi aptek və digər qurumlar daxildir. Paytaxtda yerləşən Mərkəzi Klinik Xəstəxana, MediClub, eləcə də Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ən iri xəstəxanalar, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və bir sıra dövlət qurumlarının nəzdində olan müalicə müəssisələri də "Avromed"in müştəriləridir. Dərman biznesində əsas satış monopoliyası son illər tam olaraq Cavanşir Feyziyevin sahibi olduğu şirkətin əlinə keçib.

Cavanşir Feyziyevlə bağlı daha bir maraqlı iddia var. Məlumatlara görə, biznesmen-deputat manatın devalivasiyasından əvvəl məsələdən xəbərdar olub. Və təkcə özünün deyil, həmçinin iş dünyasındakı bir çox dostlarından pul toplayaraq, onu dollara çevirib. İddialara görə, bu zaman dollara çevrilmiş manatın ümumi dəyəri 1,2 milyard dollar təşkil edib. Və həmin vaxt Milli Bank maliyyə bazarındakı "qara dəlik"ləri axtaran zaman ilk olaraq deputat-biznesmenin üzərinə gəlib çıxıb. Həmin dönəmdə ikinci "qara dəlik" kimi isə Beynəlxalq Bankın sabiq prezidenti Cavanşir Hacıyevin əməliyyatlarını aydınlaşdırıblar.

Məlumatda deyilir ki, Cavanşir Feyziyevin bu hərəkətindən bir müddət sonra xəbər tutulub. Və bu barədə ölkə rəhbərliyinə konkret faktlardan ibarət məlumatlar təqdim olunub. Durumunun ağırlaşdığını görən deputat-biznesmen isə təcili olaraq ölkəni tərk edib. Sonradan isə ölkəyə qayıdıb.

Bütün bunlar çoх ciddi ittihamlardır. Birincisi dövlət başçısının bütün tapşırıqlarına rəğmən dərman bazarı monopoliyada saхlanılır və qiymətlər süni şəkildə şişirdilir. Ucuz qiymətə satılan dərmanlar isə ölkəyə gətirilən ucuz və keyfiyyətsiz məhsullardır. İkinci məqam isə onun manatın devalivasiyası zamanı etdiyi "хəyanət" hesab oluna bilər. Məhz bu cür hərəkətlər sonradan ölkədə maliyyə böhranının güclənməsinə, dövlətin və yüksək çinli məmurların milyardlarla manat pul itkisinə məruz qalmasına səbəb oldu. Bu cür хəyanatlər isə heç bir halda bağışlanmır. Hətta Cahangir Hacıyev kimi hakimiyyətin ən etibarlı adamı bağışlanmırsa, Cavanşir Feyziyevin əfxv olunmasına ümid belə etmək olmaz.///qaynar.info

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri dön