Ana Sayfa > Sosial / Manşet > "İynə üstündə oturan" icra başçısı...
"İynə üstündə oturan" icra başçısı...9-09-2015, 11:15. Yazar: admin |
Son günlər ölkə mətbuatında bir sıra yüksək vəzifəli məmurun yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı xəbərlər eşidilir. Həmin məlumatlarda bildirilir ki, istefası gözlənilən məmurlar sırasında nazirlər, komitə sədrləri və icra başçıları ön sırada qərarlaşıblar. Bu, onunla izah edilir ki, istefası hazırlanan vəzifə sahiblərinin fəaliyyətində ciddi qüsurlar aşkar edilib və bu da onların tutduğu postlardan uzaqlaşdırılacağına zəmin yaradıb. Budur, artıq bu istiqamətdə ilkin addımlara start verilib. Belə ki, bu günlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilən Nəsib Məhəməliyev baş tutmuş kadr islahatları nəticəsində vəzifəsindən kənarlaşdırıldı. Lakin buna baxmayaraq, hələ də bəzi icra başçıları var ki, ciddi neqativ hallara yol verməkdə davam edirlər. Ümumiyyətlə, qanunu daha çox pozan və insanları süründürməçiliyə məruz qoyan məmurlar arasında icra başçıları xüsusi yer tuturlar. Qeyd edək ki, işində ciddi nöqsanlar olan və rəhbəri olduğu rayona nəzarəti itirən icra başçılarından biri də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdur. Qəzetimizin daimi oxucuları çox gözəl bilir ki, dəfələrlə Xətai rayonunda baş verən neqativ hallar və hüquq pozuntuları barədə tutarlı arqumentlərə əsaslanan məqalələr dərc etmişik. Əhalinin yaşayış səviyyəsi, kommunal xidmətlərdən əziyyət çəkmələri, parkların bərbadlığı, yolların istənilən durumda olmaması və digər məsələlər ilə bağlı Xətai rayonu hər zaman problem yaşayıb. Belə ki, paytaxtın bir qədər kənar rayonlarından olan Xətaidə hər keçən gün vəziyyət daha da dözülməz hal alır. Çünki Razim Məmmədov adıçəkilən rayona lazımi səviyyədə nəzarət edə bilmir. Elə buna görə də Xətai rayonu ərazəsində, əsasən də Əhmədli, Köhnə Günəşli və "NZS" qəsəbələrində bu gün su, qaz, işıq və digər problemlər sakinlərin canını boğazına yığıb. Rayonun qəsəbələrində əhali yayı rahat keçirsə də, havalar azca soyuyan kimi bütün çətinliklər baş qaldırır. Belə ki, yay fəslində rayon sakinlərinin daha çox üzləşdiyi su problemi qışda kulminasiya həddinə çatır. Daha dəqiq desək, qış fəslində Xətai rayonunda əhalinin içməli su ilə təminatı çox bərbad səviyyədə təmin edilir. Bu azmış kimi, rayonda fəaliyyət göstərən müxtəlif dövlət idarələrinin rəhbərləri də insanları süründürməçiliyə məruz qoyurlar. Rayon qəsəbələrinin yollarından isə danışmağa belə dəyməz. Çünki bu qəsəbələrin yolları Razim Məmmədovun rəhbərlik etdiyi Xətainin hər ötən gün bir qədər də geriyə getdiyini göstərir. Halbuki rayon rəhbərliyinin marağında olsa, o zaman Əhmədli, Köhnə Günəşli və "NZS" qəsəbələrinin, eləcə də Xətainin digər ərazilərinin yolları güzgü kimi olar… Bu arada, məlumatlı şəxs iddia edir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayona lazımi səviyyədə nəzarət etmədiyindən artıq işıq, su və qaz idarələrinin rəhbərlərinə söz keçirə bilmir: "Belə olan halda çanaq yenə sadə camaatın başında çatlayır. Deyilənlərə görə, artıq rayonun qəsəbələrində Razim Məmmədovun əleyhinə kampaniyaya start verilib. Belə ki, Əhmədli, Köhnə Günəşli və "NZS" qəsəbələrinin sakinləri yaxın vaxtlarda üzləşdikləri çoxsaylı problemlərlə bağlı ölkə başçısına şikayət məktubu ünvanlamağı planlaşdırırlar". Məlumatlı şəxsin bilgilərində qeyd olunan məqamlardan biri də Xətai rayonunda fəaliyyət göstərən bələdiyyələr və onların rəhbərlərinin Razim Məmmədovla yaxın əlaqələridir. Belə ki, bununla bağlı verilən məlumatda deyilir ki, Xətai Rayon Bələdiyyəsinin sədri Teymur Məmmədov və Əhmədli Bələdiyyəsinin sədri Pərviz Quliyev əvvəllər Razim Məmmədovla yaxın münasibətlərdə olub və bu səbəbdən də icra başçısı adıçəkilən bələdiyyə sədrlərinə himayədarlıq edib: "Lakin sonradan Teymur Məmmədov və Pərviz Quliyevin Razim Məmmədova tabeçilik göstərməməsi tərəflər arasında narazılığa səbəb olub. Deyilənlərə görə, Xətai rayonunda baş qaldıran problemlərin birbaşa günahkarı məhz Razim Məmmədovdur. Odur ki, icra başçısının rayon sakinlərini dövlətdən incik salması, Xətaidə fəaliyyət göstərən idarə, təşkilat və müəssisə rəhbərlərinin qarşısına hər ay yeni "şərt"lər qoyması artıq yuxarı dairələrin nəzərinə çatdırılıb. Bu səbəbdən də tezliklə Xətai Rayon İcra Hakimiyyətində köklü yoxlamalara start veriləcəyi gözlənilir. Bu isə sonda Razim Məmmədovun icra başçısı postundan uzaqlaşdırılması ilə nəticələnə bilər". Geri dön |