Ana Sayfa > Sosial / Manşet > Şamaxıda başçının “icra nümayəndəsi” problemi...

Şamaxıda başçının “icra nümayəndəsi” problemi...


1-09-2015, 09:17. Yazar: admin
Şamaxıda başçının “icra nümayəndəsi” problemi...
Deməli, bizim hər birimiz ölkədə məmur özbaşınalığının yaratdığı narazılıqları mətbuatda işıqlandırmalıyıq ki, dövlət başçısının, dövlətin bundan xəbəri olsun. Bu işdə jurnalistlər təbii ki, daha fəal olmalıdılar. Çünki bu onların peşə borcudur.
İllər öncə Şamaxıya bir icra başçısı təyin olunmuşdu - Asif Məmmədov. O, ilk gündən kəndləri gəzdi, özünü camaata göstərdi, Şamaxının tarixini, mədəniyyətini, əhalinin adət-ənənəsini dərindən bildiyini dedi. Mən də bir mətbuat nümayəndəsi kimi bu görüşlərin bir neçəsinin şahidi oldum, görüşlər barədə materiallar dərc etdim. Fikirləşdim ki, deyəsən, bu kişi şamaxılılar üçün nəsə edəcək...
A.Məmmədov iş fəaliyyətinə icra nümayəndələrini dəyişməklə başladı. Bu dəyşiklik Mədrəsə qəsəbəsində də baş verdi. A.Məmmədov əksər kənd və qəsəbələrdən fərqli olaraq Mədrəsəyə təyin etdiyi nümayəndə Fuaq Abdulrazaqov camaat tərəfindən xüsusi ehtiramla qarşılandı.
Bir gün qəsəbədə xəbər yayıldı ki, icra başçısı A.Məmmədov Mədrəsəyə gəlir və qəsəbə sakinlərilə görüşəcək. Qəsəbə nümayəndəsi Fuad Abdulrazaqov məsciddən xalça gətirdib başçı gələn yollara döşətdirdi ki, icra başçısının ayağı toza bulaşmasın.
Nəhayət, kartejlə qəsəbəyə daxil olan A.Məmmədovu Fuad müəllim qaşıladı və əli ilə ona xalçada yeriməsinə işarə etdi. 10-15 metrlik xalçanın üstü ilə kluba daxil olan başçını görən sakinlər ayağa qalxdı və öz hörmət-izzətlərini bildirdilər. Açığı, icra başçısı burada özünü çox səmimi göstərdi və söz verdi ki, bu qəsəbənin yol, su problemini, ümumiyyətlə, bütün kommunikasiya sistemini yoluna qoyacaq. Əlavə etdi ki, “görürsünüz, mən icra nümayəndənizi də gəncləşdirmişəm...”.
...Şamaxı mədəniyyətini “dərindən bilən” A.Məmmədovun ilk mədəniyyət işi Şamaxının giriş qapısında, əhalinin ziyarətgah hesab etdiyi “Pirsaat piri” yaxınlığında yekə bir həmədan eşşəyinin heykəlini qoyması ilə start verdi. Biz o zaman bu barədə geniş yazılar yazdıq və hətta təkliflər də verdik ki, “...bunun əvəzində, şamaxılı dahilərindən kiminsə heykəlini qoymaq olardı”. Nəhayət, A.Məmmədovun ikinci işi Bakı-Şamaxı magistralının 120-ci km-də balaca bir dairə tikdirdi ki, o dairə bu gün də böyük təhlükə, qəza mənbəyidir. Statistikaya baxsaq, bu dairədə nə qədər avtomobil qəzası olduğunun şahidi olarıq. A.Məmmədov hətta bu “Koroğlu” meydanında ilk sınağını da koroğlusayağı cəmiyyətin gözü qarşısında həyata keçirmişdi. Belə ki, o yüksək intellekti və mədəniyyəti olan müavini Q.Qasımova hücum çəkmişdi. Xöşbəxtlikdən xəsarət baş verməmişdi.
Bütün bu və ya sadalamağı müvafiq bilmədiyimiz “köhnə palanı” tökməkdə məqsədimiz onun kadr siyasətindəki yarıtmazlığından sakinlərin istirablar içində yaşadığını cəmiyyətə çatdırmaqdır.
Mədrəsə qəsəbə icra nümayəndəsi F.Abdulrazaqovun səriştəsizliyi ucbatından qəsəbə bu gün daha bərbad hala düşmüş, yollar sıradan çıxmış, özbaşınalıq, gənclərin asudə vaxtlarını keçirmələrindəki çatışmazlıq, ekoloji tarazlığın pozulması və bütün bunlara görə heç bir təşəbbüsün olmaması artıq böyük narazılığa səbəb olmaqdadır.
Əsasən Axısxa və Qərbi Azərbaycandan qaçqın düşmüş, eləcə də məcburi köçkünlərdən ibarət bu qəsəbədə hər an sosial narazılıqlar artmaqdadır. İş o çatıb ki, qəsəbədəki qədim Alban mədəniyyətini özündə əks etdirən tarixi abidənin həyət-bacası zəbt olunub, mal tövləsi və ot anbarı kimi istifadə olunur. Məbədin həyət-bacası hasara alınır, yöndəmsiz görkəmə salınır ki, bu da gələn turistlərdə Azərbaycan barədə mənfi təəssürat yaradır. Nəzərə alsaq ki, bu Məbəd YUNESKO-nun maddi-mədəniyyət abidələri siyahısındadır, deməli, bu özbaşınalıq həm də o təşkilatın xoşməramlı səfiri, ölkənin 1-ci xanımı Mehriban Əliyevanın ölkəmiz üçün gördüyü böyük işlərə kölgə salır.
Qəsəbənin içməli suya ehtiyacı olduğu halda, istər yerli bələdiyyə, istərsə də icra nümayəndəsi 300-400 metrlikdə olan böyük həcmdə axıb dərəyə gedən suyun qəsəbəyə gətirilməsinə təşəbbüs göstərmirlər. Bəlkə də təşəbbüs olarsa, əhali özü bu suyun gətirilməsinə köməklik göstərər. Əksinə, su istəyən sakinlər nümayəndəlik tərəfindən sorğu-suala çəkilir, susdurulur, insnlar konstitusion hüquqlarından məhrum edilir. Qəsəbədə onlarla gənc ali təhsilli mütəxəssislər var ki, onlar qəsəbə üçün daha məhsuldar iş görərlər. Lakin nədənsə, bu gəncləri idaretməyə yaxın buraxmırlar. Görəsən, səbəb nədir ki, bu qədər qaçqın və köçkünlərə onların psixologiyasını, adət-ənənəsini, çəkdikləri zülmlərdən xəbərsiz olan birini rəhbər təyin edirlər? Bu sual bu gün qəsəbə sakinlərinin hər birini düşündürməkdədir.
Görünür, belə idarəçilik kimlərisə təmin etdiyindən, A.Məmədovun kadrını indiki icra başçısı cənab Asif Ağayev də dəyişməyi məsləhət bilmir. Bəs niyə? Bax, məsələ də bu sualın cavabındadır...

A.Dönməz,
Şamaxı - Vertikal.az

Geri dön