Ana Sayfa > Sosial / Manşet > Nizaməddin Quliyev bu dəfə dağlara savaş açıb
Nizaməddin Quliyev bu dəfə dağlara savaş açıb10-08-2015, 11:17. Yazar: admin |
Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyevlə bağlı yeni xəbər almışıq. İcra başçısı dağlar qoynunda yerləşən, Naftalan şəhərinin inzibati ərazisinə aid Qaşaltı Qaraqoyunlu kəndində özünə istirahət mərkəzi-restoran tikdirir. Son zamanlar Naftalan şəhərində bir sıra infrastruktur layihələrin gerçəkləşməsi bu tanınmış kurort şəhərinə müalicəyə gələn turistlərin axınını xeyli artırıb.Naturaca peşəkar biznes adamı olan icra başçısı bu yerlərin perspektivli gələcəyini sanki hiss edərək istirahət mərkəzinin tikintisinə qərar verib. Bunun üçün Göranboy rayonundakı və Naftalan şəhərindəki dövlət idarələrindən kifayət qədər texnika cəlb edilib. Dövlət Əmək Müfəttişliyinin regional idarəsinin nümayəndələri əlbəttə, icra başçısının obyektində heç olmasa müşahidə aparmaq imkanlarından da məhrumdurlar. Bu səbəbdən, demək olar ki, obyektin tikintisində iştirak edənlərdən heç biri ilə müvafiq əmək müqaviləsi bağlanmayıb. Buna baxmayaraq icra başçısını razı salan bir məqam ondan ibarətdir ki, tiikintidə çalışan yerli sakinlər müvəqqəti də olsa günəmuzd işlə təmin olunublar. Nizaməddin Quliyevin yaxın çevrəsinə aid şəxsin kurasiyasında olduğu deyilən bu obyektin tikintisində iştirak etmək arzusunda olanlarınsa sayı günbəgün artır. Deyilənə görə, başçının şərəfinə bu obyektin inşasını ümumrayon tikintisinə çevirmək kimi ara-sıra təkliflər də səsləndirilir. Lakin başçı cənabı hələ ki, bu təklifə müsbət yanaşmayıb. Qeyd edək ki, tikiləcək istirahət mərkəzi əzəmətinə görə Nizaməddin Quliyevin Goranboy şəhərindəki istehsal və kommersiya obyektlərini, eləcə də "Dostluq" restoranını arxada qoyacaq. Bu baxımdan, Qaşaltı Qaraqoyunlu kənd sakinlərindən birinin redaksiyamıza ünvanladığı maraqlı məktubda dağlarda görülən işlərin miqyası vaxtilə Mingəçevir SES-in tikintisi ilə müqayisə edilir: -Car çəkir çarxların çaxnaşıq səsi, Car çəkir qışqırır nəhəng motorlar... Əlbəttə, bu gün Goranboy rayonunun sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə inşa edilən sosial təyinatlı obyektlərin də siyahısı uzundur. Lakin icra başçısı daha çox şəxsi obyektlərinin inşasında maraqlı görünür. Aparılan tikinti işlərinin regiondakı ekoloji vəziyyətə mənfi təsir göstərə biləcəyi ehtimalı da heç bir müvafiq dövlət qurumu tərəfindən nəzərə alınmır. Boz dağları çapan irihəcmli ekskavatorlar isə bu yerlərin öyrəşdiyimiz canlı sükutunu qəzəblə pozmaqda davam edir. Nizaməddin Quliyevin dağlara açdığı bu savaşla bağlı ekoloqlarımız həyəcan təbili çalmasa, təbiətin nadir incilərinin axırına çıxılacaq. Qaşaltı Qaraqoyunlu kəndi Tap Qaraqoyunludan heç də uzaq məsafədə yerləşmir. Bu kəndin də qismətinə icra başçısının biznes planları qeyri-rəsmi də olsa "yerləşdirilib". Söhbət Tap kəndinə çatmamış, yolun sağında salınan nar bağlarından gedir. Başçıya aid edilən bu bağların suvarılması üçün 5 ədəd artezian quyusunun istismara verildiyi deyilir. Məlumata görə Goranboy rayonunda 48 min hektar əkinə yararlı torpaq sahəsi var ki,bunun da 20 min hektarı təbii çayların, 23 min hektarı subartezian quyularının, 5 min hektarı isə nasos stansiyalarının hesabına suvarılır. Payız-qış mövsümündə əkin sahələrinin suvarılmasında problemlər demək olar ki, yaranmasa da, yay aylarında çaylarda suyun səviyyəsinin aşağı düşməsi müəyyən çətinliklər törədir. Lakin dövlətin diqqət və qayğısı sayəsində hər il rayonda onlarla yeni subartezian quyusu qazılaraq istifadəyə verilir ki, bu da problemlərin həllinə kömək edir. Hazırda rayonda 750-dən artıq subartezian quyusu var və əkin sahələrinin suvarılmasında onlardan səmərəli istifadə olunur. Dövlət başçısının ayırdığı vəsait hesabına bu il daha 20 subartezian quyusunun istifadəyə verilməsi nəzərdə tutulub. Görünür ki, onlardan 5-i icra başçısının "payına" düşüb.Nizaməddin Quliyev ünvanına səslənən tənqidlərdən sonra rayon camaatı ilə ünsiyyətdə sanki bir qədər səxavətli olmağa çalışır.Bu yaxınlarda Ramazan Bayramı münasibətilə icra başçısının təşəbbüsü ilə açıldığı deyilən iftar süfrəsi başına xeyli adamın yığışdığı bildirilir. Lakin mümkün tənqidlərdən ehtiyat edən başçı süfrəsinə adamları xüsusi sifarişlə toplayıb ki, ekstesslərə yol verilməsin. Yeri gəlmişkən, bu günlərdə Goranboy ictimaiyyəti rayonun yaradılmasının 85 illiyini qeyd edir. Məlumata görə, yubileylə bağlı rayon icra aparatının rəhbərliyi geniş tədbirlər planı hazırlayıb. Maraqlıdır ki, qəbul edilmiş prosedur qaydaları çərçivəsində ərazi icra nümayəndəlikləri və bələdiyyələrin rəhbərləri kabinetində Nizaməddin Quliyevə 300 dəfə salam verməli olacaqlar. Bu salamlardan bircəciyini də ixtisara salmaq onlara ciddi problem yarada bilər. Bu cür canfəşanlıqlara baxmayın, Nizaməddin Quliyev çoxdandır ki, rayonun sadə insanları üçün əlçatmaz olub. İcra başçısı ümumiyyətlə, son zamanlar əhali ilə birbaşa kontaktlardan imkan daxilində yayınır. Başçının bu cür davranışı əlbəttə, camaat tərəfindən müsbət qarşılanmır. Bizcə, Nizaməddin Quliyevə məxsus Qaşaltı Qaraqoyunlu kəndindəki obyektin tikintisində bir nəfər kimi iştirak etməyə çalışan belə zəhmətkeş insanlara qarşı sayğısızlıq göstərmək, ən azı insafsızlıqdır. Gündəlik Bakı Geri dön |