Ana Sayfa > Sosial / Manşet > Elman Rüstəmov da yaşıllıqlara qənim kəsilib...
Elman Rüstəmov da yaşıllıqlara qənim kəsilib...28-07-2015, 11:35. Yazar: admin |
Vaxtaşırı bəzi rayon ərazilərində ağac kəsimlərinin ya şahidi oluruq, yaxud da bununla bağlı redaksiyamıza şikayətlər ünvanlanır. Bizlər də yaşıllıqların məhv edilməsinə biganə qala bilmədiyimiz üçün hər zaman daxil olan şikayətləri işıqlandırır və gündəmə gətirməyə çalışırıq. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədlərindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Ümumiyyətlə, ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Çünki bu, insanların sağlamlığıdır. Əslində təbiəti qorumaq hər kəsin borcudur. Bunu hər kəs çox gözəl bilir. Lakin təbiətə qənim kəsilənlər də az deyil. Çünki bu gün şəxsi maraqlar naminə ağacları qıranlar, yaşıllıqları məhv edənlər kifayət qədərdir. Etiraf edək ki, yaşıllıqların məhv edilməsi halları günü-gündən çoxalır. Ağacların kəsilməsi ilk növbədə təbiətə ziyandır, daha sonra isə insan sağlamlığına mənfi təsir göstərir. Amma çox təəssüflər olsun ki, paytaxtdan tutmuş rayonlara qədər ağaclar kəsilərək təbiəti məhvə sürükləyirlər. Hər kəsə bəllidir ki, rayonlarda ağaclar vətəndaşların odun tədarükünü təmin etmək üçün kəsilir. Paytaxtda isə yaşıllıqlar məhv edilərək yerində tikinti işləri həyata keçirilir. Kimisi özünə ofis tikdirir, kimisi restoran, kimisi isə əyləncə mərkəzi. Bir sözlə, ağaclar bəzi məmurların maraqları naminə gözqırpmadan məhv edilir. Müşahidələrimizdən də görürük ki, əvvəlcə yaşıllıq əraziləri hasarlayır, xüsusilə insanların etirazına səbəb olmasın deyə gecə ikən hamısını məhv edirlər. Bu ədalətsizliyə isə müvafiq qurumlar göz yumurlar. Heç olmasa, vaxtilə bu ağacları əkənlərin əməyini yerə vurmasınlar. Yaşıllıqların məhv edilməsi insanlara psixoloji gərginlik gətirir. Belə insanlar yalnız öz maraqlarını düşünürlər. Onları nə təbiətin mühafizəsi, nə də insanların sağlamlığı düşündürür. Çox təəssüflər olsun ki, bəzi qurumlar da, bunu görməzdən gəlirlər. Bundan başqa ağacları kəsməklə kifayətlənmir, eyni zamanda insanların rahatlığını da pozurlar. Həmin ərazi toz-torpağa qərq edilir ki, toz əlindən küçəyə çıxmaq müşkül məsələyə çevrilir. Bu gün məsələyə yenidən toxunmağımıza səbəb redaksiyamıza daxil olan şikayətlə bağlıdır. Belə ki, daxil olan şikayət "Planet" şadlıq sarayının ətrafında aparılan "yaşıl soyqırımıy"la bağlıdır. Ümumiyyətlə, dəfələrlə Nizami rayonunda yaşıllıqların məhv edilməsi və yerində müxtəlif obyektlərin tikilməsi ilə bağlı dəfələrlə məlumat vermişik. Nizami rayonu ərazisində yerləşən "Planet" şadlıq sarayını hər birimiz yaxşı tanıyırıq. Hətta onu da bilirik ki, bu restoranın Mərkəzi Bank sədri Elman Rüstəmova aid olduğu bildirilir. Və hazırda sakinlərin iddialarına görə, şadlıq sarayının ətrafındakı yaşıllıqlar məhv edilərək, hansısa obyekt tikilir. Sakinlər dəfələrlə məsələ ilə bağlı dəfələrlə müxtəlif qurumlara şikayət və iradlarını bildirsələr də, məsələyə hələ ki, baxılmaması göz önündədir. Gündəlik Bakı Geri dön |