Ana Sayfa > Sosial / Manşet > Azərbaycanlı holdinq rəhbərinin gözqamaşdıran biznesi

Azərbaycanlı holdinq rəhbərinin gözqamaşdıran biznesi


9-07-2015, 09:52. Yazar: admin
Azərbaycanlı holdinq rəhbərinin gözqamaşdıran biznesi
Ölkəmizdə mövcud olan əsas problemlərdən biri də bəzi məmurların və imkanlı şəxslərin övladlarının özlərini cəmiyyətdə normal apara bilməməsi ilə bağlıdır. Belə ki, atalarının puluna, həmçinin vəzifəsinə güvənən bəzi gənclər qanuna sığmayan hərəkətlərə yol verərək həm ictimai sabitliyi pozurlar, həm də insanların rahat yaşayışına maneçilik törədirlər. Dəfələrlə məmur və imkanlı şəxslərin övladlarının iştirakı ilə törədilən ağır yol nəqliyyat hadisələrinin şahidi olmuşuq.

Bəzi məmur balaları avtomobili yüksək sürətlə idarə edir, nəticədə ağır qəzalar qeydə alınır. Xatırlayırsınızsa, bir neçə ay əvvəl paytaxtın iri nəqliyyat şirkətlərindən hesab edilən "Xaliq Faiq oğlu" MMC-nin sədri Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi avtomobil qəzası haqda yazı dərc etmişdik. Məlumatı olmayanlar üçün bildirək ki, İqtisad Universitetinin tələbəsi olan Xaliq Seyidov bahalı maşını ilə Binəqədi rayonunun ərazisində yüksək sürətlə hərəkət edərkən qarşısına çıxan piyadanı vurub, həmin şəxs aldığı xəsarətdən elə hadisə yerindəcə keçinib. İş adamının oğlu isə dərhal hadisə yerindən qaçıb. Maraqlıdır ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi bu günə kimi araşdırılmayıb, günahkar şəxs layiq olduğu cəzanı almayıb. İddialara görə, MMC rəhbəri mötəbər əlaqələrinin sayəsində oğlunun törətdiyi cinayət hadisəsini ört-basdır etməyi bacarıb. Apardığımız araşdırmalar göstərir ki, adı müxtəlif qalmaqallı hadisələrdə çəkilən Faiq Seyidov biznesini xeyli genişləndirib. Artıq onun nəzarətindəki biznes şəbəkəsi "SAFA Holdinq" şirkəti adı altında fəaliyyətini davam etdirir. Məlumat üçün qeyd edək ki, şirkət 2004-cü ildə fəaliyyətə başlayıb. "Xaliq Faiq oğlu" adı ilə sərnişindaşıma sahəsində fəaliyyətə başlayan şirkət 2013-cü ildən fəaliyyət sahələrini genişləndirərək "SAFA Holdinq" brendi altında fəaliyyətini davam etdirməkdədir. Şirkət sərnişindaşıma, nəqliyyat, inşaat, neft məhsullarının satışı, biznes mərkəzi, sağlamlıq, istirahət mərkəzi, maliyyə-kredit sahələrində xidmət göstərir. Araşdırmalar nəticəsində məlum oldu ki, Binəqədi rayonu Mir Cəlal küçəsi 23 a ünvanında yerləşən " SAFA Plaza" inşa edilərkən tikinti sahəsindəki mövcud standartlara əməl edilməyib və piyadaların hərəkəti üçün nəzərdə tutulan səki zəbt edilib: "Buna baxmayaraq, biznesmen plazanı tikib başa çatdıra bilib. Bir müddət əvvəl istifadəyə verilmiş plazada SPA və estetik mərkəz, fitnes zal, restoran da xidmət göstərir. Ən maraqlı məqam " SAFA Plaza"nın illik rüblərdə dövlətə nə qədər vergi ödəməsidir. Burda fəaliyyət göstərən şirkətlər hər ay holdinqin rəhbərinə icarə haqqı verirlər. Bundan başqa, restorandan, fitnes zalından, masaj salonundan, hamamdan ay ərzində böyük miqdarda vəsait əldə olunur. Amma vergi ilə bağlı olan məsələlər bir qədər şübhəlidir. Deyilənə görə, şirkət rəhbəri həm tabeliyindəki işçilərin sayını vergi hesabatlarında az göstərir, həm də müəyyən əlaqələrini işə salmaqla vergidən yayınmağı bacarır. Vergidən yayındırılan vəsaitlərin isə milyonlara bərabər olduğu deyilir". Məlum olduğu kimi, Faiq Seyidovun rəhbərlik etdiyi "Xaliq Faiq oğlu" MMC xeyli müddətdir ki, paytaxtın sərnişindaşıma nəqliyyatının böyük hissəsinə nəzarət edir. Əldə etdiyimiz məlumatlara əsasən iş adamına məxsus avtobus xətlərində çalışan sürücülərin yetərli hissəsinin əmək kitabçası və əmək müqaviləsi yoxdur: "Üstəlik, bəzi sürücülər gündəlik həkim müayinəsindən keçmirlər. Həkim yoxlanışından keçmədən işə başlayırlar. Əgər sükan arxasında onların hansısa birinin səhhətində problem yaransa, onlarla sərnişinin həyatı təhlükə altına düşə bilər. Digər tərəfdən, "Xaliq Faiq oğlu"na məxsus avtobusları idarə edən sürücülərin bir çoxunun sürücülük vəsiqəsi yoxdur, həmçinin onlar vətəndaşlara qarşı kobud münasibət göstərirlər. Yaxud sükan arxasında olan vaxt siqaret çəkir, yemək yeyir və telefonla danışırlar. Halbuki, sürücülər sükan arxasında bu hərəkətlərin heç birini edə bilməzlər". Məlumata görə, geniş maliyyə imkanlarına sahib olan F.Seyidov tikinti sektorunda da paya sahibdir. Belə ki, onun nəzarətindəki "SAFA İnşaat" şirkəti Bakının bəzi ərazilərində yaşayış komplekslərinin tikintisini həyata keçirir. Yaxın günlərdə iş adamının fəaliyyətindəki digər neqativ hallar və masaj otağında baş verən hadisələrlə bağlı ətraflı məlumat verməyə çalışacağıq. Sonda Vergilər Nazirliyinin və səlahiyyətli qurumların nümayəndələrindən "SAFA Holdinq"də yoxlama aparmalarını xahiş edirik. Yoxlama aparılsa, iş adamının dövlətin büdcəsinə nə qədər ziyan vurduğu müəyyənləşə bilər.
Gündəlik Bakı
Geri dön