Ana Sayfa > Sosial / Manşet > Mahmud Quliyevi qəzəbləndirən nədir?

Mahmud Quliyevi qəzəbləndirən nədir?


6-07-2015, 10:42. Yazar: admin
Mahmud Quliyevi qəzəbləndirən nədir?
Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyevin qəzetimizlə məhkəmə haqq-hesabı çəkmək qərarının onun barəsində dərc etdiyimiz yazılarla əlaqədar olduğunu bilirik.Lakin başçının konkret hansı marağına və nüfuz dairəsinə toxunduğumuz bizləri hələ də məşğul edib. Ha düşünüb daşınırıq, bir nəticə hasil edə bilmirik ki, hörmətli Mahmud müəllimin qəzəbinə gəlməyimizin səbəblərini aydınlaşdıraq.

Odur ki, bu məsələni öz aləmimizdə müzakirə etməyə,Cəbrayılın icra başçısı barədə indiyə kimi yazdıqlarımızı bir daha nəzərdən kerçirməyə başladıq. Açığı, elə ciddi bir narazılığa səbəb ola biləcək məqam görə bilmədik. Bəli, Mahmud Quliyevin icra başçısından çox kommersant obrazını oxucularımızın diqqətinə təqdim etmişik. Elə oradaca əlavə etmişik ki, adı bir sıra topdansatış mağazalarına sahiblikdə hallanan başçıya başçı deməyə adamın dili gəlmir. Yəni bu adamın əsas şəxsi kommersiya və istehsal obyektlərinin idarəçiliyini dövlət postunda otura-otura həyata keçirməkdir. Baxın, bütün davranışı ilə şəxsi problemlərinin həllinə baş qarışdıran Mahmud Quliyevdən Cəbrayıl qaçqınları hansı diqqət və qayğı gözləyə bilər? Bu da bir yana, icra başçısı ona həvalə edilən dövləti vəzifələrin yerinə yetirilməsində passivlik nümayiş etdirməklə özünü rayon camaatının tənqid obyektinə çevirib.Bəzi hallarda bu tənqid Cəbrayıl camaatına xas olan baməzə yumorla müşayiət olunur. Belə yumoristik əhvalatları yaxın zamanda toplayıb oxucularımızın ixtiyarına verməyi düşünürük. Biz demirik, başçı qaçqın rayonun dərdini çəkməkdən mütləq əriyib çöpə dönməlidir. Onu da demirik ki, başçı yağ-bal içində yaşamağa, el arasına hərdən-bir çıxmağa borcludur. Allah xatirinə, kim nəyi istəyir onu da eləsin. Lakin qaçqın camaatın hissləri ilə oynamaq düzgün deyil. Söylədiyimiz də elə bu fikrin ətrafında apardığımız araşdırmalarla müşayiət olunur. Mahmud Quliyevin uzun illər formalaşdırdığı qaçqın rayonun büdcəsindən istifadə qaydaları da nəinki camaatın, eləcə də rayon icra aparatı işçilərinin, rayon idarələri rəhbərlərinin və yerli kənd icra strukturlarının nümayəndələrinin probleminə çevrilib. İş o yerə çatıb ki, tender müsabiqələrinə təqdim ediləcək şirkətlərin siyahısı icra başçısı tərəfindən şəxsən təsdiqlənir. Maraqlıdır ki, bu və digər mühüm məsələlərdə Cəbrayıl rayonu üzrə maliyyə şöbəsinin müdiri Famil Balayevin heç bir real səlahiyyəti yoxdur.Famil müəllimi qınamırıq. Rayonun digər təşkilat rəhbərləri də hər bir məsələdə başçının ağzından çıxan yükun "verdikti" gözləyir. Cəbrayıl rayonunun büdcəsinə qənim kəsilmiş şirkətlərin fəaliyyətinə xeyir-dua verən də başçının özüdür. Qeyd etdiyimiz kimi, həmin şirkətlər ki, hər il göstərdiyi iddia olunan müxtəlif xidmətlərin müqabilində yüz minlərlə dövlət vəsaitinin silinməsində vasitəçi rolunu oynayır. Rayonun büdcəsinə daraşmış bu şirkətlər barədə topladığımız ən son məlumatlara siz də fikir verin. Görəcəksiniz ki, təkcə 2014-cü ildə Cəbrayıl rayonunun səhiyyə, mədəniyyət və turizm, təhsil obyektləri üzrə tenderlərin qalibləri bir qayda olaraq "Dastan V", "Astroit" şirkətləri olub. İcra hakimiyyətinin sifarişlərini "Eltun-T", "R.M.M.", "Sayad-S", "Qartal" KM kimi müəssisələr həyata keçirib, guya. 2014-cü ildə Cəbrayıl rayon mədəniyyət və turizm şöbəsinin cari təmir işlərinə və Cəbrayıl rayon mərkəzi xəstəxanasına ayrılmış vəsaitlərin əsas hissəsi "Dastan V" şirkətinin əli ilə yox edib. 2013-cü ildə qeydiyyatdan keçmiş "Dastan V" şirkəti 5 saylı qaçqın düşərgəsində qeydiyyatda olan Hüseynov Vəzir Ramazan oğlunun adına sənədləşdirilib. "Astroit" MMC isə Saatlı rayonundakı Əlisultanlı kəndindəki qaçqın və köçkün düşərgəsində yaşayan Hüseynov Sehran İmran oğlunun adına qeydə alınıb. Məlumata görə, bu iki şəxs əmiuşağıdır və birbaşa başçı ilə əlbir fəaliyyət göstərir. Onların Bakıdakı topdansatış ticarət və istehsalat obyektlərinə arabir baş çəkdiyi də deyilir. Bunun nə üçün edildiyinin əlaqədar orqanlar yəqin ki, bir gün başçıdan soruşacaqlar. Tenderlərdə əsas rol oynayan şirkətlərdən biri də "Sayad-S" MMC-dir. Şirkətin rəhbəri Ramin Cəmil oğlu Qarayevdir. Qeydiyyata elə təcili qaydada 2014-cü ildə Biləsuvardakı qaçqın şəhərciyində alınıb. Raminin atası Cəmil Allahverdi oğlu Qarayev tərəfindən 2001-ci ildə Biləsuvardakı 8 saylı qaçqın düşərgəsində qeydə alınmış "Ramin" fərdi firması da tender qalibləri sırasında olur. Lakin 2015-ci ildə başçının tender məsələlərində ən yaxın müştərisi əvvəlki illərdə olduğu kimi "Protel -S" MMC-dir. Yadınızdadırsa qeyd etmişdik ki, şirkət 2014-cü ildə qaçhaqaç səviyyəsində Həqiqət Həsənovanın adına sənədləşdirilərək bir müddət öncəki müsabiqələrdən qalib çıxarılıb. 2014-cü ilin avqust ayında Biləsuvardakı 10 saylı qəsəbədə təsis edilmiş "Protel S" şirkəti qısa müddət ərzində 120 min manatlıq büdcə vəsaitinə "qonaq" edilib. Biz bilmirik həmin məbləğdən şirkətin direktoru Həqiqət Həsənovaya nə qədər çatıb. Amma əminliklə söyləmək olar ki, Mahmud Quliyevin "əl" qoyduğu məbləğin hesabına ərzaq məhsulları alınmayıb. Bundan heç cəbrayıllı qaçqınların məlumatı belə yoxdur. Saatlıda qeydiyyata alınmış "R.M.M" MMC isə rayon icra hakimiyyətinin təmir işlərini "görüb". Biləsuvardakı 8 saylı qəsəbədə tələm-tələsik 2014-cü ilin yanvarında qeydiyyatdan keçmiş "Eltun-T" MMC tikinti-abadlıq işlərinə və digər məqsədlərə ayrılmış təxminən 80 min manat vəsaitin başçıya transferində rol oynayıb. Bütün bunları sadalamaqda məqsədimiz odur ki, Mahmud Quliyevin Cəbrayıl camaatı qarşısında özünü təmizə çıxarmaq cəhdlərinin qarşısı vaxtında alınsın. Tender qaydalarının kobud surətdə pozulması şəraitində rəvac verilən büdcə yeyintiləri barədə rayon əhalisinin kifayət qədər məlumatlı olması gələcəkdə belə halların qarşısının alınmasında ictimaiyyətin rolunun artırılması deməkdir. Bizcə, Mahmud Quliyevi də qəzəbləndirən odur ki, rayonda baş verən bir sıra maliyyə fırıldaqlarının üstünün açılması ehtimalı var.Digər tərəfdən, gözləntilərimizə görə icra başçısı bizim ortaya qoyduğumuz faktların üzərində yaxşı-yaxşı düşünüb-daşınmalıydı. Sonra isə özüyçün münasib nəticə çıxarmalıydı. Biz demirik ki, Mahmud Quliyev sahiblik etdiyi kommersiya obyektlərinin gəlirləri barədə rayon camaatına hesabat versin. Deyirik ki, əldəqayırma ve Əli Kərimlinin vəkillərinin köməyinə arxalanmasın, öz camaatının qeydinə qalsın. Heç olmasa ildə bircə dəfə Cəbrayıllılar üçün "Elmed" tibb mərkəzində pulsuz həkim müayinəsi təşkil etmək olmazdımı, Mahmud Quliyev? Əlbəttə, olardı. Bir şərtlə ki, başçı-kommersant buna razılıq versin. Yoxsa tənqid söyləyənləri məhkəməyə çəkməyə, istəsən lap bunun üçün ətək-ətək xərc çəkməyə nə vardı ki?!

Geri dön