Ana Sayfa > Sosial / Manşet > Ağdamda “imtiyazlı tələbələr” zümrəsi formalaşıb

Ağdamda “imtiyazlı tələbələr” zümrəsi formalaşıb


1-07-2015, 10:48. Yazar: admin
Ağdamda “imtiyazlı tələbələr” zümrəsi formalaşıb
Məlum olduğu kimi, bir müddət bundan əvvəl Ağdam Dövlət Sosial-İqtisadi Kollecində yer almış çoxsaylı qanun pozuntuları ölkə mətbuatında tez-tez müzakirələrə çıxarılan mövzulardan biri kimi diqqət çəkirdi. Bundan bir müddət sonra isə kollecin rəhbərliyində baş vermiş dəyişiklik mövzunun gündəmdən düşməsinə səbəb oldu. Düşünmək olardı ki, bu təhsil müəssisəsinə yeni direktor təyin olunmuş Natiq Cavadov kollecdə yer almış neqativ halların aradan qaldırılması, tədrisin səviyyəsinin yüksəldilməsi üçün lazımi tədbirləri həyata keçirəcəkdir. Lakin son vaxtlar yenidən ölkə mətbuatına, o cümlədən redaksiyamıza daxil olmağa başlayan məlumatlarda bunların heç də baş vermədiyi bildirilir. Əksinə, mənbələr iddia edirlər ki, Natiq Cavadov kollecdə rüşvətxorluq və digər korrupsiya əməllərinin tətbiqinə görə hətta öz sələfini belə çox-çox geridə qoyur. Məlumatlarda bilirilir ki, kollecin direktorunun yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları təkcə pedaqoji kollektivin və tələbələrin deyil, həm də rayon ictimaiyyətinin kəskin iradlarına səbəb olur. Təhsil sahəsində həyata keçirilən islahatlar və ölkədə aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri fonunda saxta diplom və arayışların verilməsi kimi hallar bu gün də Natiq Cavadovun əl atdığı maxinasiyalar sırasında xüsusi yer tutur. Bizə təqdim olunan məlumatlarda belə bir fakt da vurğulanır ki, sessiya imtahanları dövründə kollecdə rüşvət yığımlarının şiddəti xüsusilə artır. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri artıq çoxdan alver predmetinə çevrilmişdir. Həmçinin mənbələr qeyd edirlər ki, bu gün artıq Ağdam Dövlət Sosial-İqtisadi Kollecində xüsusi “imtiyazlı tələbələr” zümrəsinin formalaşması da ayrıca bir problemə çevrilməkdədir. Məsələ bundadır ki, bəzi imkanlı tələbələrə kollecin direktoru tərəfindən verilən bu “imtiyazlar” birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Belə ki, həmin tələbələr Natiq Cavadov tərəfindən təyin olunan aylıq ödənişləri həyata keçirməklə dərslərə gəlməkdən azad olunurlar. Bu isə əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməz. Mənbələr isə iddia edirlər ki, Natiq Cavadov bu müəssisədə ümumiyyətlə normal tədris metodikasının tətbiqində qətiyyən maraqlı deyil. Bu xüsusda açıqlama verən mənbələrdən biri yaranmış vəziyyəti belə təsvir edir: “Ağdam Dövlət Sosial-İqtisad Kollecində təhsilin səviyyəsi barədə təsəvvür yarada biləcək birinci kriteri davamiyyətdir. Burada adları jurnalda gedən, lakin semestr ərzində heç dərsə gəlməyən tələbələr var. Bu kollecdə bir ay dərsə gəlmədən davamiyyəti qoruyub-saxlamağın qiyməti 70-100 manat arasında dəyişir. Hətta elə tələbələr var ki, onlar hazırda Rusiya bazarlarındadır. Belələrini görən digər tələbələr də oxumaq istəmir, dərslərdən yayınır, Quzanlının küçələrində və başqa inzibati ərazilərdə veyillənirlər. Hətta rayonun hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə bu barədə kollec direktoruna şifahi xəbərdarlıqlar da edilmişdir...” Qəzetimizin ötən saylarında dərc etdiyimiz yazılarda da biz hər dəfə belə bir fikri xüsusi olaraq vurğulamışıq ki, kollec sistemi təhsil sahəsinin ayrılmaz və çox önəmli bir hissəsidir. Kollec sitemində təhsil almış mütəxəssislər daha geniş və əhatəli sahələrdə əmək fəaliyyəti göstərmək imkanları əldə edirlər. Bu isə öz növbəsində kolleclərdə həyata keçirilən reformaların ən qısa zamanda ictimai həyatımızın bir çox sahələrində öz təzahürünü tapmasında ifadə olunur. Bununla belə Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin timsalında biz bir daha əmin oluruq ki, hələ də bu tədris müəssisələrinə rəhbərlik edən şəxslər arasında istər ölkənin təhsil sistemi üçün, istərsə də cəmiyyətimizin maddi-sosial rifahı üçün kolleclərin necə böyük əhəmiyyət kəsb etdiyini tam dərk etməyən kadrlara tez-tez rast gəlmək olur.

Geri dön