Ana Sayfa > Sosial / Manşet > Azərbaycan Müəllimlər İnstitutu Ağcəbədi filialının III kurs tələbəsi Kənan Abdullayev niyə intihar edib?
Azərbaycan Müəllimlər İnstitutu Ağcəbədi filialının III kurs tələbəsi Kənan Abdullayev niyə intihar edib?30-06-2015, 10:40. Yazar: admin |
Qəzetimizin 23.06.2015-ci il tarixli sayında elektron poçtumuza daxil olmuş bir məktub əsasında hazırlanmış «Bərdə rayon Polis Şöbəsində aparılan istintaqdan niyə narazılıq var?” başlıqlı yazı dərc olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, baş prokuror cənab Zakir Qaralova, daxili işlər naziri cənab Ramil Usubova ünvanlanmış məktubda baş vermiş intihar hadisəsinin Bərdə rayonu Polis Şöbəsi tərəfindən düzgün araşdırılmaması göstərilirdi. Yazıdan məlum olurdu ki, Azərbaycan Müəllimlər İnstitutunun Ağcəbədi rayon filialında təhsil alan Kənan Abdullayev intihar etmişdir. İntiharın səbəbi kimi isə güya institutda sessiya vaxtı imtahana görə yığılan 100 manat pulu verə bilməməsidir. Məktubda bildirilirdi ki, Kənan həmişə bu təhsil ocağında yığılan puldan tez-tez danışırmış. Məktubdan sitat: «Kənanın intihar etməsi bizi sarsıtdı. Artıq bu faciə baş verib. Lakin bəlkə də bundan betəri odur ki, bu işdə təqsirkar olan filialın direktoru Mətanət Fərzəliyeva istintaqın istiqamətini başqa səmtə yönəltmək istəyir. Onun Bərdə rayon prokurorunda olaraq prokuror əvəzi Allahverdi Abuzərovla, Bərdə rayon Polis Şöbəsinin rəisi Hikmət Quliyevlə görüşəndən sonra istintaqçıların ağzından başqa avaz gəlir...” Məktubun sonunda o da qeyd olunurdu ki, Azərbaycan Müəllimlər İnstitutu Ağcəbədi filialının direktoru Mətanət Fərzəliyevanın evini «silib-süpürüb” Türkiyəyə qaçan qadının kimliyi və Türkan adlı həmin qadının niyə axtarışa verilməməsi barədə əlavə məlumat veriləcək. Bütün bunlara aydınlıq gətirmək üçün Azərbaycan Müəllimlər İnstitutu Ağcəbədi filialının direktoru Mətanət Fərzəliyeva ilə əlaqə saxlayıb görüşmək istədiyimizi bildirdik. Böyük məmnuniyyətlə bizim görüşümüzə razılıq verdi. Görüşümüz zamanı bir çoxlarına məlum olmayan hadisələrə və faktlara aydınlıq gətirdik. Məlum oldu ki, intihar edən filialın pedaqoji fakültəsinin tarix-coğrafiya ixtisasının III kurs tələbəsi Kənan Abdullayevin bilik göstəriciləri heç də pis deyil, yığdığı ballar əsasında bütün imtahanlara buraxılıb. Ancaq onun instituta 1000 manatlıq təhsil haqqından 550 manat borcu qalmışdır. Bu barədə filialın baş mühasibi Q.N.Abbasov tərəfindən verilmiş təqdimatda da göstərilmişdir. Direktor M.Fərzəliyeva bizimlə söhbətində bunları bildirdi: «İmtahan başlayana qədər hər bir tələbə əvvəlki borcu ödəməlidir. Bu, mənim yox, institut rəhbərliyinin imzaladığı qanundur. Lakin K.Abdullayev həmin məbləği imtahana qədər ödəməmişdir. İntihardan sonra evlərində olarkən anası bizimlə söhbətində bildirdi ki, onun heç bir təhsil borcu olmamalıdır. Çünki həmin pulu biz ona vermişik. Belə çıxır ki, təhsil haqqı üçün Kənana evdən pul verilib, lakin o, pulu instituta ödəməyib. Təbii ki, hər bir tələbə bizim üçün əzizdir. İstəmərik ki, hər hansı tələbənin başından bir tük əskik olsun. Bu səbəbdən Kənanın intiharı bizi çox sarsıtdı. Ona görə də özümüz daxili araşdırmalar apardıq, dostlarını söhbətə dəvət etdik ki, görək bu intiharın səbəbi nədir? Bir çox maraqlı məqamlar üzə çıxdı. Axı hər tələbənin dərsdən kənar nə ilə məşğul olduğunu biz bilə bilmərik. Ancaq tələbə yoldaşlarının verdiyi məlumatlar bizi xeyli mütəəssir etdi. Maraqlıdır ki, baş vermiş faciədən də mənim əleyhimə istifadə etməyə cəhd etmək istədilər”. Bundan sonra M.Fərzəliyeva bizə bir neçə tələbənin yazılı məlumatını təqdim etdi. Deməli, institutun Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi ixtisası üzrə AƏ 102-ci qrup tələbəsi Murad Zamanovun verdiyi məlumatda oxuyuruq: «Bir dəfə təsadüfən söhbət əsnasında Kənan Abdullayev mənə bildirdi ki, çoxlu borcu var, nə edəcəyini bilmir, naçar qalıb. Mən isə ona dedim ki, evinizə məlumat ver, atan-anan bilsə yaxşıdır. Atana deyə bilməsən də, sənə qardaşın yaxındır, ona denən”. İnstitutun Tarix-coğrafiya ixtisası üzrə TC 301-ci qrup tələbəsi Şəmsiyyə Dəmirovanın verdiyi yazılı məlumatdan sitat: «Məlum edirəm ki, qrup yoldaşım Kənan Abdullayev mənə dedi ki, «çoxlu borcum var, çıxılmaz vəziyyətdəyəm, mənə köməklik göstər”. Mən isə təhsil haqqı ödəmək üçün evdən 300 manat pul gətirmişdim. O, məni dilə tutdu, mən də inanıb 300 manat pulu ona verdim”. Yenə həmin fakültənin tələbəsi Əyyar Əyyarzadənin məlumatında oxuyuruq: «Kənan Abdullayev intihar etməmişdən qabaq məndən 300 manat pul aldı. Dedi ki, «çoxlu borcum var, onu vermək üçün sən mənə əl tut, bir müddət gözlə, bu 300 manatı qaytaracağam”. Mən də ailəmdən 300 manat alıb ona verdim”. Sonrakı araşdırmalar göstərir ki, Kənan təkcə tələbə yoldaşlarına deyil, pul qazanmaq üçün dərsdən əlavə işlədiyi mağazaya da borcu var. Hətta, bir dəfə institutun yaxınlığında yerləşən həmin mağazadan 70 manat pul oğurlayıb və bu hadisə mağazada olan müşahidə kamerasının yaddaşına düşüb. Mağazanın sahibi Mehmanın isə buna görə Kənan Abdullayevi döydüyünü danışırdılar. Hətta deyilənə görə, həmin mağaza sahibi Mehman həm institut tələbələrinə, həm də mağazaya gəlib-gedənlərə həmin kadırı təkrar-təkrar göstərirmiş ki, baxın, Kənan oğrudur. Sonrakı hadisələr göstərir ki, məhz bu fakt Kənana daha çox təsir edib və psixoloj sarsıntı keçirib. Bu barədə qrup yoldaşı Şəmsiyyə Dəmirovanın başqa bir məlumatında oxuyuruq: «Mən iyun ayının əvvəllərində məktəbimizin yaxınlığındakı marketdə idim. Gördüm ki, kameranı vərəqləyib olanlara baxırdılar. Kənanın oğurluq etməsinə baxırdılar. Mən orada olduğum zaman kamerada Mehmanın Kənana sillə vurduğunu gördüm. Kənan cibindən 10 manat çıxarıb verdi və 60 manatı isə xərclədiyini söylədi”. Bütün bunlar bir daha göstərir ki, Kənan Abdullayevin pulla bağlı çox ciddi problemi olub. Hətta tələbələrdən adının çəkilməsini istəməyən bir qız bunları söylədi: - Bir gün Kənanın sağ əlinin balaca və onun yanındakı barmağını yaralanmış gördüm. Soruşdum ki, barmaqlarına nə olub? Belə cavab verdi: «Heç kəsə demə, bir dostumun maşınını götürmüşdüm sürməyə, onu da bərk vurub əzmişəm, barmağım da onda yaralanıb. Dostum da maşının tezliklə təmir etdirməyimi məndən istəyir. İndi bilmirəm, nə edim?”. Əlbəttə, biz istintaq orqanları deyilik. Təbii ki, bu intihar hadisəsinə, bir gəncin həyatının belə tez bitməsinə aydınlıq gətirəcəklər. Ancaq, elə yuxarıda göstərdiklərimiz faktlar da indidən müəyyən qənaətə gəlməyə əsas verir. Çoxsaylı borcları olan bir gənc çox təəssüf ki, ölümü özü üçün çıxış yolu seçib. Burada hər hansı bir zorakılıq hadisəsindən və ya kiminsə onu nəyəsə məcbur etməsindən söhbət getmir. Odur ki, bu intihar hadisəsinin səbəbkarı kimi filialın direktoru Mətanət Fərzəliyevanı günahlandırmaq absurddur. O da məlumdur ki, M.Fərzəliyeva haqqında mətbuatda və saytlarda ən çox yazılan məmurlandan biridir. Haqlı-haqsız çox zərbələrə tuş gəlib. Özü də bunları çox vaxt yazanlar kişilərdir. Görəsən bəzi kişilərin bir qadın olaraq M.Fərzəliyevanın uğurlarını niyə qəbul etmək istəmirlər. Məhz bu səbəbdən M.Fərzəliyevanın başı çox bəlalar çəkib. Bütün bunlar azmış kimi, tale ona daha ağır bir zərbə vurub. Bir il bundan qabaq ömür-gün yoldaşı, Qarabağ döyüşçüsü, əslən Laçın rayonundan olan Rafiq müəllimi də avtomobil qəzası nəticəsində itirib. İçkili halda bir insan həyatına son qoyanın həbs olunmaması da Mətanət xanıma daha bir zərbə vurub. Görünür, M.Fərzəliyevanın bu institutda direktor kimi görmək istəməyənlər ən müxtəlif yollara əl atırlar ki, onu gözdən salsınlar. İndi də bir informasiya yayıblar ki, M.Fərzəliyevanın evini Türkan adlı bir qadın «silib-süpürüb” aparıb. Yəni, bir nəfər evinin bütün var-dövlətini yığışdırıb Türkiyəyə qaçıb. M.Fərzəliyeva ilə söhbətimiz zamanı buna da aydınlıq gətirdik. Sən demə Türkan Mətanət xanımla Rafiq müəllimin yeganə qız övladlarıdır. Rafiq müəllimdən sonra özünə ən yaxın mənəvi dayaq bildiyi qızı ilə Mətanət xanımı «vurmaq” istəyiblər. Əslində isə belə bir hadisə ümumiyyətlə, olmayıb. Sadəcə Bakı Dövlət Universitetinin Kimya fakültəsini müvəffəqiyyətlə bitirən Türkan magistratura təhsilini istanbulda almaq istəyib. Bu səbəbdən də İstanbula gedib və qəbul imtahanlarını müvəffəqiyyətlə verərək qəbul olub. Onun Türkiyə getməyindən istifadə edən bəzi kişilər çox təəssüf ki, buna başqa don geyindiriblər. Elə yanımdaca M.Fərzəliyeva evə zəng edib gözünün ağı-qarası olan qızı Türkanı instituta dəvət etdi. Bir müddət keçəndən sonra anasının yanında Türkanla üzbəüz söhbət etdik. Türkanın dedikləri: «Mən başa düşə bilmirəm, məgər jurnalist yazanda əks tərəfin fikrini öyrənməli deyil? Tutaq ki, sizə verilən məlumatda olduğu kimi, mən evi «silib-süpürüb” Türkiyəyə qaçmışam. Anam ki, buradadır. Axtarıb ondan məlumat öyrənmək olmazdımı? Bəli, mən Türkiyədə olmuşam, ancaq təhsilimi davam etdirmək üçün getmişdim. Qısa müddətdən sonra qəbul imtahanlarını uğurla verib evə qayıtdım. Çünki nişanlımgil orada qalıb oxumağıma etiraz edirlər. Ona görə də yəqin ki, təhsilimi məsafədən davam etdirəcəyəm”. M.Fərzəliyeva bildirdi ki, doğrudan da, qızım nişanlıdır. Yaxın vaxtlarda toyu olmalıdır. Bildirdi ki, İnşallah toyuna bizi də dəvət edəcək: «İndi mənim həyatda bir arzum var, istəyirəm, Türkanımın toyunu yüksək səviyyədə keçirim, sonra onun oğul övladını görüm, adını da Rafiq qoyum. Yalnız bundan sonra ölsəm də dərdim olmaz. Bilərəm ki, Rafiqin ruhu qarşısında borcumu yerinə yetirdim. Ətrafımda olan bəzi insanlar mənim ən zəif yerimin qızım olduğunu yaxşı bilirlər. Ona görə də məni qızımla vurmaq istədilər. Düzdür, bu, mənə xeyli təsir elədi, ancaq məni dövlətimin və xalqımın yolunda etdiyim xidmətdən döndərə bilmədilər. Məni bu vəzifəyə prezidentin Azərbaycan Müəllimlər İnstitutuna rektor təyin etdiyi Aqiyə Naxçıvani təsdiq edib. Mənim burada nə iş gördüyümü yuxarıda çox yaxşı bilirlər. Odur ki, bəzi adamların şər və böhtanı mənə yapışmaz. Qoy özlərini yormasınlar. Bir də tövsiyyəm odur ki, yazanda məndən yazsınlar, ailəmə, qızıma toxunmasınlar. Bu, heç bir kişiyə yaraşan iş deyil”. Biz burada M.Fərzəliyevanın qızı və institutun tələbəsinin intiharı ilə bağlı qaranlıq məqamlara aydınlıq gətirdik. İntihar hadisəsi ilə bağlı isə aparılan istintaq öz sözünü deyəcək. Yəqin ki, o zaman qaranlıq qalmış digər mətləblərə də aydınlıq gələcək. Kənan Abdullayevin vəfatı ilə bağlı onun ailəsinə qəzetimizin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin! Tural MƏMMƏDLİ, Bakı-Ağcəbədi-Bakı Təzadlar Qəzeti Geri dön |