Ana Sayfa > Sosial / Manşet > Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin keçmiş işçisindən maraqlı iddialar

Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin keçmiş işçisindən maraqlı iddialar


24-06-2015, 11:21. Yazar: admin
Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin keçmiş işçisindən maraqlı iddialar
Qəzetimizin ötən saylarından birində Hacıqabul rayonu Məhəmmədhüseyn Şəhriyar küçəsi ev 8-də yaşayan Əhmədov Akif Vaqif oğlunun "Qaz İxrac" İdarəsinin Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Elşən Miriyevin özbaşına əməllərindən şikayətini dərc etmişdik. "İşlədiyim müddət ərzində heç bir nöqsana yol verməmişəm. Hər zaman nizam-intizamlı olmuşam, verilən tapşırıqları layiqli şəkildə, vaxtından əvvəl yerinə yetirmişəm, işə gecikməmişəm. Bütün bunlara baxmayaraq, idarədə hər zaman özümə qarşı haqsız münasibət görmüşəm.
Bunun səbəbi ondan ibarət idi ki, mən müəssisədə mövcud olan özbaşınalıqlara səssiz qala bilmirdim və həmişə etirazımı dilə gətirirdim. Yəni haqqımı tələb edirdim. Rəhbər işçilər Elşən Miriyev, Emil Baxşıyev və Ziyadxan Cəlilov birləşərək öz vəzifələrindən sui-istifadə etməklə mənə haqsız yerə şiddətli töhmət verdilər. Üstündən bir ay keçməmiş məni işdən çıxartdılar. Səbəb kimi əmək müqaviləsinin müddətinin başa çatmasını göstərdilər. Amma həmin idarədə mənim kimi 500 nəfərə yaxın işçi var. Məgər əmək müqaviləsi təkcə mənim üçündür? Demək belə çıxır ki, kim öz haqqını tələb edirsə işdən çıxmalıdır. Onu da qeyd etmək istəyirəm ki, Hacıqabul Magistral Qaz Kəmərləri İdarəsində işçilərin əməyinə düzgün qiymət verilmir. Rəhbər vəzifələri tutan şəxslər sadə işçilərə yuxarıdan aşağı baxır, onların əmək hüquqlarını tapdalayırlar", deyə şikayətçi vurğulayıb. Hələlik "Qaz İxrac" İdarəsinin rəisi Qağaməli Seyfullayev və Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsinin (MQKS) rəisi Elşən Miriyev məqaləyə reaksiya verməyiblər. Ötən gün redaksiyamızla əlaqə saxlayan şikayətçi Akif Əhmədov növbəti maraqlı faktları açıqladı: "Şikayətimə məhəl qoyan yoxdur. İlin günün bu vaxtında işsiz qalmışam. Uşaqlarımı dolandıra bilmirəm. Ailəmizin yeganə qazanc mənbəyi mənim işimdən aldığım maaş idi. Haqsız yerə məni işdən çıxardılar. Bunu Allah götürməz. Bircə Allah bilir ki, mən öz işimi necə şərəflə və vicdanla yerinə yetirirdim. Sadəcə adamım olmadığına görə əmək müqaviləsinin vaxtının bitdiyini bəhanə gətirib məni işdən kənarlaşdırdılar. Əmək müqaviləsinin vaxtı sona çatan digər işçilərin heç birinə toxunmayıblar. Mən heç kimin işini itirməsini istəmirəm. Demək istəyirəm ki, əgər söhbət qanundan, şəffaflıqdan gedirsə, niyə digər şəxslərin də əmək fəaliyyətinə xitam verilməyib? Niyəsi isə bəlli məsələdir. Çünki həmin şəxslərin bir çoxunun arxasında adamı var, ya da rəisin yanında özlərini "yaxşı" tərəfdən göstərməyi bacarırlar. Mən haqsızlığa biganə qala bilmirəm. Elə buna görə də işdən azad etdilər. İşdən çıxarılandan sonra "Qaz İxrac" İdarəsinin rəisi Qağaməli Seyfullayevin birinci müavini Nazim Səmədzadənin yanına getdim. Yenidən işə bərpa olunmaq istədiyimi deyəndə mənə "sən "demaqoq"san, tələsmə gör mən sənə neyniyəcəm" deyərək otağından qovdu. Məgər haqqını tələb edən "demaqoq" olur? Nazim Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qardaşı oğludur. İdarə rəisinin müavini məhz əmisinə arxayın olub mənim kimi insanların haqqını tapdalayır. Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsində tək-tük işçi var ki, arxasında adamı yoxdur. Əksəriyyətinin arxasında adamı var. Sahə rəisi Elşən Miriyevin əsas işlərini baş mühəndis Nurməmməd Məmmədov aparır. O da arxalı adamdır. Bir sözlə, adamın yoxdursa, Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsində sənə yer yoxdur. Sahədə işçilərin əməyinin mühafizəsi aşağı səviyyədədir. İşçilərin həyatı hər an təhlükəyə düşə bilər. Belə ki, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmur. Partlama şiddəti yüksək olan kimyəvi maddələr təhlükəsizlik qaydalarına əməl edilmədən ərazidə daşınır. Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsində insan amili ən axırıncı yerdə dayanır. Sahənin rəhbər işçiləri ancaq şəxsi maraqlarının təmin olunması üçün çalışırlar".
Qeyd edək ki, Hacıqabul MQKS 1000 kilometrdən yuxarı magistral qaz kəmərlərinə xidmət edir. Qaz kəməri və qollar üzərində 1000-dən yuxarı müxtəlif ölçülü kranlar var. Sahənin balansında 27 Qazpaylayıcı Stansiya, 8 ədəd ölçü və 3 qaztənzimləmə qovşağı mövcuddur. Bu müəssisədə 5 qəbul məntəqəsindən qaz alınır. Bunlar "Azəri-Çıraq-Günəşli", Şahdəniz, Ümid yataqları, Nərimanov NQÇİ, Qaz Emalı Zavodu, Əmirov NQÇİ-dir. Qəbul edilən qaz həcmləri Şimal, Cənub və Qərb istiqamətlərinə, eləcə də Bakı şəhərinə ötürülür. Həmçinin mövsümlə əlaqədar olaraq yeraltı qaz anbarlarına qaz həm ötürülür, həm də qəbul edilir. Bizə çatan məlumatlarda isə qeyd olunur ki, Elşən Miriyevin işində yol verdiyi ciddi nöqsanlar qaz itkisinin qeydə alınmasına gətirib çıxarır. Mötəbər mənbənin bildirdiyinə görə, sahə rəisi özünü hər yerdə ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun adamı kimi təqdim etməklə qol qoyduğu qanun pozuntularını ört-basdır etməyə çalışır.
Yazıda adı çəkilən bütün şəxslərin münasibətini işıqlandıra bilərik. Gündəlik Bakı

(Ardı var)

Geri dön