Ana Sayfa > Sosial / Manşet > Nəsrulla Həsrətov ƏSMM-ni icarəyə götürüb?

Nəsrulla Həsrətov ƏSMM-ni icarəyə götürüb?


23-06-2015, 10:57. Yazar: admin
Nəsrulla Həsrətov ƏSMM-ni icarəyə götürüb?
Qəzetimizin 19 iyun tarixli sayında “Zaqatalada turizm biznesi inhisara alınıb” sərlövhəli tənqidi material dərc olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlara istinadən hazırladığımız həmin materialda, Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən bölgənin əsas gəlir gətirən iqtisadi fəaliyyət sahələrinin tam nəzarətə götürüldüyü barədə müəyyən iddialar öz əksini tapmışdı. Belə ki, redaksiyamıza təqdim olunan bəzi məlumatlara görə, Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə bu gün rayonunun turizm biznesini tamamilə nəzarətə götürmüş və bu sahədə başqa bir kimsənin fəaliyyətinə qətiyyən imkan vermir. Mənbənin iddiasına görə rayonda iri hotel-restoran şəbəkəsi yaratmağa nail olmuş başçı, Zaqatalanın demək olar ki, bütün ərzisində bu sahədə xidmətlərin inhisarçısına çevrilmişdir. Digər tərəfdən isə, bu gün rayonda yaranmış vəziyyət barədə açıqlama verən mənbələr, icra başçısının özünü sərmayə təminatı baxımından da dövlət hesabına kifayət qədər təmin edə bildiyindən bəhs edirlər. Bu xüsusda əldə etdiyimiz məlumatlardan birində qeyd olunur ki, M.Əhmədzadə “regionların sosial iqtisadi inkişafı” proqramı çərçivəsində dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsini özünün yaratdığı şirkətlərə köçürməklə mənimsəyir. Eyni zamanda da, mənbələrin iddialarına görə, məhz icra başçısının yarıtmaz idarəçilik üsulları ucbatından hazırda Zaqatalanın təhsil şöbəsinin, səhiyyə şöbəsinin, maliyyə idarəsinin və digər dövlət qurumların fəaliyyətləri də ciddi nöqsanlarla müşahidə olunmaqdadır. O cümlədən son aldığımız məlumatlarda, rayonda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzinin fəaliyyətinə dair kəskin iradlar irəli sürülür. Bildirilir ki, özünə icra başçısının himayəsini etibarlı şəkildə təmin etmiş Zaqatala ƏSMM-nin direktoru Nəsrulla Həsrətov, həm özünün, həm də rayon rəhbərliyinin maraqlarının təmin edilməsi məqsədilə, rəhbərlik etdiyi qurumun digər əməkdaşlarını da qanunsuz əməllərə sövq edir. Açıqlamalarda belə bir məqam qeyd olunur ki, Nəsrulla Həsrətovun Zaqatala ƏSMM-nin rəhbəliyinə gətirilməsi, bütünlüklə Mübariz Əhmədzadənin təşəbbüsü və dəstəyi sayəsində baş tutmuşdur. Hətta deyilənə görə, əvvələr ictimai iaşə sahəsində işləmiş, sadə dillə desək, alverlə məşğul olmuş Nəsrulla Həsrətovun ƏSMM direktoru vəzifəsinə təyinatı belə, uzun müddət nazir Səlim Müslümov tərəfindəntəsdiqlənmirdi. Lakin, nəhayət Mübariz Əhmədzadənin səyləri öz nəticəsini verdi. Bundan sonra isə, Zaqtala RİH başçısı, nəzarət altında olsa belə, hər halda Nəsrulla Həsrətovun tutduğu vəzifənin ona verdiyi səlahiyyət və imtiyazlardan gen-bol yararlanmasına şərait yaratmış oldu. ƏSMM direktoru üzərində nəzarəti isə, başçının bu qurumda çalışan Musa adlı bir qohumu həyata keçirir. Amma bu nəzarət sadəcə yığılan pulların hesablanmasında “dürüstlüyün” gözlənməsi və “yuxarıya” çatacaq məbləğin toxunulmazlığının təminatı məqsədini güdür. Qalan işlərdə isə Nəsrulla Həsrətovun əlinin üstündə əl yoxdur. İstəyir, yaxın adamlarının adlarına birdəfəlik sosial yardım yazıb, ayrılan məbləğləri mənimsəyir, istəyir, bu yardımlardan başqa “könüllülərə” yazdıraraq, onlarla şərik olur, istəyirsə də, vətəndaşların pensiya kartlarından bir neçə ay ərzində öz halal malı kimi istifadə edir. Hətta bəzi mənbələr iddia edirlər ki, Nəsrulla Həsrətovun özbaşınalıqları artıq dikbasşlıq həddini də keçib. Belə ki, verilən açıqlamaya görə bu məmur bir müddət əvvəl, rəhbərlik etdiyi qurumda çalışan gənc bir xanım işçiyə sataşmaqdan belə çəkinməmişdir. Görünür, Nəsrulla Həsrətov Zaqatalada fəaliyyət göstərən bütün müəssisə və qurumların, o cümlədən ƏSM Mərkəzinin icra başçısı Mübariz Əhmədzadənin şəxsi mülkiyyətində olduğuna və ona “icarə haqqı” ödəyən hər bir şəxsin də bu “mülkiyyət hüquqları”ndan tam yararlanmaq ixtiyarını əldə etməsinə qətiyyən şübhə etmir...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri dön