Ana Sayfa > Sosial / Manşet > Beyləqanın icra başçısı büdcə vəsaitini tendersiz necə xərcləyib

Beyləqanın icra başçısı büdcə vəsaitini tendersiz necə xərcləyib


10-06-2015, 06:06. Yazar: admin
Beyləqanın icra başçısı büdcə vəsaitini tendersiz necə xərcləyib
...Bir müddətdir adı sahibkarlarla qalmaqallarda, hətta döyülmədə... hallanan Beyləqan RİH başçısı Vaqif Abdullayevlə bağlı “Təzadlar”a olduqca maraqlı şikayət məktubu daxil olmuşdur... Söhbət icra başçısının Prezidentin Ehtiyat Fondundan ayrılmış külli miqdarda pul vəsaitini Satınalmalar üzrə Dövlət Agentliyinin keçirdiyi tenderə daxil olmadan xərcləməsindən gedir. Bu barədə az sonra ətraflı bəhs olunacaq. Hələlik isə bir məqama diqqət yetirilməsini istərdik. Belə ki, bir müddət əvvəl redaksiyamıza “İspik” MMC-nin direktoru Qabil Mustafayevin adından bir məktub daxil oldu... Məktubda Beyləqan Mərkəzi Futbol Meydançasının əsaslı təmiri üçün MMC-nin rəhbərinin Beyləqan rayon İcra Hakimiyyəti ilə bağladığı müqavilənin şərtlərinin pozulmasından, tikinti-təmir işləri başa çatdıqdan sonra RİH başçısı V.Abdullayevin ödənilməli vəsaitin bir hissəsini verməkdən imtina etməsindən bəhs olunurdu...
Və “Təzadlar” olaraq məsələni araşdırmaq qərarına gəldik. Maraqlı idi ki, icra başçısı Vaqif Abdullayev nədən imzaladığı müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edirdi? Axı məlum şikayət məktubuna əlavə olunmuş sənəd və foto-video görüntülərdən də bəlli olurdu ki, adı çəkilən stadion müqavilədə göstərilənlərə uyğun şəkildə sifarişçiyə təhvil verilib, hətta açılışına ölkə Prezidenti İlham Əliyev dəvət olunub, açılışda qırmızı lent kəsilib və sair...
Beyləqanda tendersiz pul xərcləmə ənənəsi...

Kiçik bir araşdırma apardıq və Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsindəki 2014 və 2015-ci illər üzrə rəsmi hesabatlarda Beyləqan rayon İcra Hakimiyyətinin büdcə vəsaitlərinin qanunun tələblərinə uyğun olaraq necə xərclənməsinə dair rəqəmlərə diqqət yetirdik. Məlum oldu ki, Beyləqan Mərkəzi Stadionun əsaslı təmirinə dair bir maddə belə yoxdur. Bəs müqvilədə göstərilmiş 620 min manat vəsait tendersiz necə xərclənəcəkdi, hansı ki, 400 min manatı artıq podratçıya nəğd formada verilib...
***
Bəs ayrılan büdcə vəsaitinin tenderə girilmədən xərclənməsini necə ediblər? Bu suala xeyli vaxtdır cavab axtarmaqdayıq... Söhbət ondan gedir ki, hələ 2009-cu ildən Beyləqandakı mərkəzi futbol meydançası ətrafında qalmaqal hələ də davam etməkdə ikən, bu dəfə isə RİH başçısı Vaqif Abdullayevin bu mərkəzi idman qurğusunun əsaslı təmirini həyata keçirən “İSPİK” MMC tikinti şirkətinin rəhbərliyi ilə ikinci bir qalmaqalı yaşanmaqdadır... Qısaca deyək ki, tərəflər arasında, necə deyərlər, dədə-baba üsulu ilə aparılan razılaşma sonradan məhkəmə müstəvisinə qədər gedib çıxıb. Belə ki, sifarişçi-Beyləqan RİH başçısı Vaqif Abdullayev aşağıda məzmunu geniş bəhs ediləcək tikinti işinin həyata keçirilməsi üçün podratçı-”İSPİK” MMC tikinti şirkətinin rəhbəri ilə “centlemen” sazişi bağlayır, 600 min manatdan bir qədər çox məbləğə razılaşırlar...
Açılışında Prezident İlham Əliyevin də iştirak
etdiyi stadion sonradan necə yarımçıq tikinti elan edildi?

Mərkəzi stadion vaxtında istifadəyə verilir, hətta Prezident İlham Əliyev açılışında iştirak edir... Lakin iş başa çatandan, qırmızı lent kəsiləndən, nəhayət, müqavilə şərtlərində nəzərdə tutulmuş pulun qalıq hissəsini vermək lazım gələndə Vaqif Abdullayev xəsislik etməyə başlayır... O, podratçı “İSPİK” MMC-yə pul vermək lazım gələndə şifahi razılığı pozur, Abdullayev pulun hamısını (400 min manat nəğd verilmiş olur) verməkdən imtina edir... RİH başçısı bunun səbəbini guya işin keyfiyyətsiz görülməsi və tikintinin tam başa çatdırılmaması ilə əlaqələndirir. Şikayətçinin məktubunda qeyd etdiyi kimi, Prezidentin şəxsi mühafizəçisi olan Bəylər Əyyubovun adamı kimi özünü təqdim edən şirkət rəhbərinə “Əkil burdan!” komandası verir... Bunu görən MMC-nin rəhbəri Qabil Mustafayev aidiyyəti qurumlara müraciət etməli olur, haqqını tələb edir...
“Təmir işləri keyfiyyətsiz və yarımçıq idisə, Vaqif Abdullayev bəs niyə stadionun açılışına
Prezidenti dəvət etmişdi???”

İcra başçısı ortaya qoyduğu arqumentinin mənasız olduğunu bilsə də, inadkarlığından dönmür. Həqiqətən də, əgər əsaslı təmir işləri keyfiyyətsiz və yarımçıq həyata keçirilmişdisə, bəs niyə bunu vaxtında podratçıya bildirməyib, müqavilə şərtləri zamanında və rəsmi qaydada, hüquq müstəvisində pozulmayıb? Yaxud, bəs niyə stadionun açılışı həyata keçirilirdi?
Bundan əlavə, belə yarımçıq və keyfiyyətsiz tikinti-təmir işi ilə başa vurulmuş stadiona niyə ölkə Prezidenti dəvət edilmiş və rəsmi açılış mərasimi həyata keçirilmişdir?
Podratçını da elə bu suallar düşündürür və o, bunlara cavab tapmaq üçün çoxsaylı qurumlara, bu sırada Prezidentin özünə teleqram vurur, müvafiq sənədlərlə şikayət məktubu ünvanlanır. Həmçinin millət vəkillərindən bir neçəsinə müraciət edilir ki, əllərindən gələn köməyi etsinlər... Və bu şikayət məktubları tədbir görülməsi üçün Beyləqan RİH-ə göndərilir. Amma heç kimin ağlına belə gəlmir ki, məsələ kökündən araşdırılsın və axtarılsın ki, bu boyda iş tenderdən keçibmi? Yaxud, niyə keçməyib???
Başçı podratçının haqlı tələblərini demoqoqluq və böhtan kimi qiymətləndirdi...

...Bəli, Prezident Administrasiyasından gələn ərizələri görəndə Beyləqan RİH başçısının əsəbləri yerindən oynayır... Niyədə oynamasın? İcra başçısı işlədiyi qısa vaxtda bir-birinin ardınca məhz pul üstündə neçə-neçə qalmaqal, dava yaşanıb, biri də bu tərəfdən... Bütün bunlara baxmayaraq, Beyləqan RİH başçısı V.Abdullayev vəziyyətdən girəvəli çıxış yolu tapıbmış kimi, guya işgüzar nüfuzuna ciddi xələl vurulması, ona böhtan atılması iddiası ilə “İSPİK” MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin barəsində “Xüsusi ittiham qaydasında” şikayət ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə üz tutur.
Nəhayət, məhkəmənin ilkin hazırlıq iclası keçirilir... Barəsində şikayət edilən “İSPİK” MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin məhkəməyə təqdim etdiyi sənəd və sübutlar RİH başçısı V.Abdullayevin şikayətinin qurama olduğu, əsassız yazıldığı qənaətinə gəlməyə əsas verir.
İcra başçısı niyə məhkəməyə təqdim etdiyi ərizəsini dərhal geri götürdü?

Hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin ilkin hazırlıq iclasında qəribə məqamlar yaşanır... Məlum olur ki, başqasından qanun-qayda tələb edən başçı özü ilk növbədə “Tender haqqında” Qanunun tələblərini kobud surətdə pozub və büdcə vəsaitindən istifadə zamanı nağd hesablaşmalardan istifadə edib... Hətta məhkəmədə bir vacib suala cavab istənilib ki, yaxşı, tikinti-təmir işlərinin keyfiyyətsizliyini qoyaq bir kənara, bəs bu qədər məbləğ tenderdən keçməyibsə, dövlətin maraqları və nüfuzu qorunmayıbsa, siz rəsmi şəxs kimi özünüzün hansı işgüzar nüfuzunuzdan danışırsınız?
Hakimin bu məntiqli və ağıllı sualından sonra Beyləqan RİH başçısı V.Abdullayevin vəkili xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsindən dərhal imtina etməlii olub, amma...
İcra başçısının şikayət ərizəsində şok məqamlar...

Maraqlıdır ki, icra başçısı məhkəməyə sənəd hazırlatdırarkən niyə şikayətin hüquqi mahiyyətini dərindən öyrənməyib? Yaxud, nədən vəkili ona izah etməyib ki, axı bu şikayətin tenderə girilmədən xərclənmiş büdcə vəsaitinin taleyindəki qaranlıqlara işıq salan, beləliklə, başçının özünün ziyanına olan faktlar var. Bunların ictimailəşməsinə ehtiyac varmı? Hətta məhkəmə bu ilin may ayında Suraxanı rayonunda baş tutur və hakim sual verir ki, “Vaqif müəllim, siz yarım milyon manatlıq işi tendersiz və müqaviləsiz necə gördürə bilərdiniz və yarım milyon manat pulu nağd şəkildə haradan almışdınız?”.
Bax, burda məsələ qəlizləşib...
***
Beləliklə, “Təzadlar” Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin sonradan məlum səbəbdən imtina etdiyi şikayət ərizəsinin surətini əldə edib. Aşağıda heç bir şərh vermədən təqdim edirik:
“Suraxanı rayon Məhkəməsinə
Xüsusi ittihamçı: Abdullayev Vaqif İdris oğlu
Barəsində şikayət olunan şəxs: Mustafayev Qabil Mülariz oğlu
2014-cü ilin fevral ayında “İspik” MMC ilə rəsmi müqavilə bağlanmış, Beyləqan şəhər Stadionunun əsaslı təmiri ilə bağlı şifahi razılaşma əldə olunmuşdur. Şifahi razılaşmaya əsasən, İcra Hakimiyyəti təərfindən “İspik” MMC-nə işin gedişi ilə bağlı istənilən texniki yardım (traktor, maşın-mexanizmlərlə təminat) göstərilsə də, şəhər stadionunda planlaşdırılan işlər keyfiyyətsiz icra edilmiş və tam başa çatdırılmamışdır. Bu barədə “İspik” MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmamış, həmin işlər tərəfimizdən başa çatdırılmışdır.
Bütün bunlara baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən “İspik” MMC-yə icra olunmuş işlərə görə razılaşdırılmış vəsait artıqlaması ilə ödənilmişdir. Lakin buna baxmayaraq “İspik” MMC tərəfindən görülməmiş və başa çatdırılmamış işlərə görə də heç bir əsas olmadan İcra Hakimiyyətindən əlavə vəsait tələb edilir. Cəmiyyətə görülməmiş və başa çatdılımamış işlərə görə də əlavə vəsaitin ödənilməsi mümkün olmadığı dəfələrlə MMC-nin rəhbəri Qabil Mülariz oğlu Mustafayevə bildirilmiş, narazı qaldığı halda isə mübahisənin həlli üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin o, buna baxmayaraq böhtan, şaiyə xarakterli məktublarla müxtəlif orqanlara davamlı olaraq müraciət edir. Belə ki, Mülariz Mustafayev əsassız olaraq 16 mart 2015-ci il tarixdə 4469-3940 saylı ərizə ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 03 aprel 2015-ci ildə 10-80-36 saylı müraciətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Qənirə Paşayevaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadəyə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Fazil Qəzənfəroğluna, ANS və ATV Tele-radio Verilişləri şirkətlərinə... yalan və böhtan xarakterli müraciətlər etmişdir (şikayətdə çoxsaylı ünvanlar göstərilir.Red.)”.
Şikayət ərizəsində daha sonra yazılır: “... “İspik” MMC-nin rəhbəri Mustafayev Qabil Mülariz oğlunun əsassız, böhtan xarakterli şikayətləri nəticəsində bir çox instansiyalara mütəmadi cavab vermək məcburiyyətində qalmışam, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı kimi mənim barəmdə qeyd edilən yalan məlumatlar şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma ləkə gətirərək əsassız olaraq mənim vaxt itirməyimə, əsəb gərginliyi və mənəvi sarsıntı keçirməyimə səbəb olmuşdur. Bu cür yalan və böhtan xarakterli məlumatlar yuxarı dairələrdə barəmdə qərəzli surətdə mənfi rəy formalaşdırmağa və ictimaiyyət arasında isə nüfuzdan salmağa yönəlmişdir”.
Xüsusi ittihamçı, Beyləqan RİH başçısı V.Abdullayev məhkəmədən xahiş edir: “...Mustafayev Qabil Mülariz oğlunun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək barəsində ittihamedici hökm çıxarılmasını xahiş edirəm.
Vaqif Abdullayev, 15 aprel 2015-ci il (3 vərəqdə)”.
Beyləqan RİH-ə və Maliyyə Nazirliyinə rəsmi sorğu
göndərilib ki, ümumiyyətlə, həmin stadionun əsaslı
təmirinə nə qədər pul silinib...

“Təzadlar”ın Araşdırma Qrupu görün nələri ortaya çıxardı: beləcə, Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev “İspik” MMC rəhbərliyi ilə apardığı və razılaşdırdığı şifahi müqaviləni, sadəcə, ortada olan 220 min manatı verməmək naminə pozur... Redaksiya olaraq artıq Beyləqan RİH-ə və Maliyyə Nazirliyinə rəsmi sorğu göndərilib ki, ümumiyyətlə, həmin stadionun əsaslı təmirinə nə qədər pul silinib... Çünki ortada yetərnicə şübhələr var ki, əgər RİH başçısı büdcə vəsaitini tenderə girmədən xərcləyirsə və podratçıya nəğd pul vermək fikrinə düşürsə, deməli, burada faktiki işdən xeyli çox vəsait xərclənib. Təbii ki, bunlar sənədlərdə öz əksini tapmış olacaq.
Təsəvvür edin, 2014-cü ilin avqust ayında açılışa hazır obyekt kimi bu stadion ölkə prezidentinə təqdim edilir və ölkə prezidenti də stadionun açılışını edir (bu barədə mənbə:
http://az.trend.az/azerbaijan/politics/2306142.html və sair).
Vaqif Abdullayev isə sonradan ümumilikdə yığılıb qalmış 263 min manat pulu “İspik” şirkətinə ödəməyə lüzum görmür və ödəməkdən qəti imtina edir (Qeyd edək ki, məhz həmin ərəfələrdə dövlət başçısı İ.Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırmışdı: Bax-http://az.apa.az/news/354145 (29 Avqust 2014, Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA - nın məlumatına görə, Beyləqan rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Beyləqan Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb).
Belə olan halda şirkət rəhbərliyi müxtəlif dövlət orqanlarına bununla bağlı şikayət məktubları göndərməyə başlayır. Bunu görən Vaqif Abdullayev “dahiyanə” bir üsula əl atır: Bu ilin aprel ayında “İspik” şirkətinin rəhbərini məhkəməyə verir ki, “O, niyə məndən ölkə Prezidentinə şikayət edir? Bununla da mənim işgüzar imicimə ziyan vurur və s. Mən onunla şifahi surətdə 650 min manat müqabilində stadionu təmir edəcəyi barədə razılığa gəlmişdik və filankəslərin şahidliyi ilə də bu pulun 90%-ni ona vermişəm. İndi məndən nə istəyir?”.
Və V.Abdullayev yalnız onda anlayır ki, əgər sübut etsə ki, həqiqətən də “İspik” şirkətinin rəhbərinə yarım milyona yaxın pulu nağd olaraq verib, deməli, öz cinayətini sübut etmiş olacaq və istintaq başlayacaq.
Yox, əgər bunu sübut etməsə, onda tək 263 min manatı yox, yerdə qalanı da “İspik” şirkətinə borclu qalacaq və hamısını yenidən ödəməli olacaq.
Məsələni belə görən V.Abdullayev dərhal şikayətini geri götürür. Elə bu hadisə 5-6 ay əvvəl televiziyada “Cinayət işi” verilişində baş verən bir kuryez cinayət işini xatırladır: hadisə Bakıda olmuşdu. Bir narkotika satanın evinə köhnə müştərilərindən biri gəlir. Ev sahibi də ədəb-ərkanla müştərinin istədiyi qədər narkotikanı verir, qalanını da qoyur şkafa. Keçib qonağına çay gətirməyə gedəndə, müştəri gözünə döndüyüm, şkafı açıb bütün narkotikanı götürür. Çay icib, dağılışandan sonra, narkotika satan görür ki, sən demə, qonaq bütün narkotikanı oğurlayıb. Və eləmə tənbəllik, hirsindən götürüb zəng vurur 102-yə və polis çağırır ki, evimdən narkotika oğurlayıblar. Və nəticədə məhkəmə narkotikanı oğurlayana 2 il, 102-yə zəng edənin özünə isə 7 il iş kəsir.
İndi Vaqif müəllimin macərası da bunun bir başqa versiyasıdır.
Məsələ ilə bağlı ötən günlərdə dəfələrlə Beyləqan RİH başçısı V.Abdullayevlə əlaqə saxlamışıq. Lakin onun mövqeyini öyrənmək hələki mümkün olmayıb.
Qarşı tərəfin əsaslandırılmış mövqeyini dərc etməyə hazırıq.

“Təzadlar”ın
Araşdırma Qrupu

Geri dön