Ana Sayfa > Sosial / Manşet > Bakı Neft-Energetika Kollecində şıdırğı “sessiya bazarlığı”
Bakı Neft-Energetika Kollecində şıdırğı “sessiya bazarlığı”28-05-2015, 11:43. Yazar: admin |
Belə getsə bəzi təhsil müəssisələrinin kollektivləri ölkənin Təhsil Nazirliyinə həyata keçirilən islahatlar çərçivəsində müəyyən təkliflər paketi ilə müraciət etməli olacaqlar. Bu paketdə isə ilk növbədə müəssisəyə rəhbərlik edən şəxsin tutduğu vəzifəyə yalnız bir dəfə və konkret müddətə təyin edilməsinə dair təklif irəli sürüləcək. Belə olmasa, artıq özlərini sözün həm həqiqi, həm də məcazi mənasında əvəzolunmaz kadrlar hesab etməyə başlamış bəzi direktorlar ən qısa zamanda rəhbərlik etdikləri dövlət təhsil müəssisələrini tamam-kamal özəlləşdirəcəklər. Onsuz da bu gün bir çox məktəb, lisey və kollec direktorları bu müəssisələri şəxsi obyektləri qismində istismar etməkdədirlər. O cümlədən, redaksiyamıza artıq uzun müddətdən bəri təqdim olunan açıqlamalarda Bakı Neft-Energetika Kollecinin direktoru Mehman Abduləzizovun da öz iş otağında özünü evindəki kimi hiss etdiyi bildirilir. Amma yox, deyilənə görə heç kim, həmçinin Mehman müəllim də öz evində rəhbərlik etdiyi kollecdə yol verdiyi əməl və hərəkətlərin heç on faizini də törətməyi özünə rəva bilməz. Kollec isə tam başqadır. Axı Mehman Abduləzizov bu kollecin yalnız verə biləcəyi mənfəətlərdə özünü şəriksiz sahib qismində hiss edir. Müxtəlif problemlərin həllinə, o cümlədən tədris metodikasının təkmilləşdirilməsinə, məzunların ixtisas səviyyələrinin yüksəldilməsinə, dərs otaqlarının müasir avadanlıq və ləvazimatlarla təchizatına və digər bu kimi məsələlərə gəlincə isə direktorun, necə deyərlər, yaxası hər zaman kənardadır. Buna görə də Bakı Neft-Energetika Kollecində baş verən ciddi qanun pozuntularına dair ölkənin bir çox mətbu orqanlarına az qala hər gün müxtəlif səpkili müraciətlər daxil olmaqdadır. İlk növbədə övladları bu kollecdə təhsil alan valideynlər iddia edirlər ki, Mehman Abduləzizovun yarıtmaz fəaliyyəti bu təhsil müəssisəsini sürəkli olaraq tənəzzülə uğratmaqdadır. Neft-Energetika Kollecində bir sıra “özəl” qaydaların tətbiq olunduğunu və hamının həmin qaydalara tabe olmağa vadar edildiyini bildirən şikayətçilərin sözlərinə görə, adıçəkilən təhsil müəssisəsinin rəhbərliyi illik tədris dövrünün hər növbəti mərhələsini ilk növbədə məhz özünün maraqlarının təminatı baxımından dəyərləndirir. Kollecin bir çox tələbələrindən aldığımız məlumatlarda isə bildirilir ki, hal-hazırda isə növbəti yay imtahan sessiyasını “uğurla başa vurmaq” üçün hər tələbədən 400 manat məbləğində pul tələb olunur. Pulsuz imtahana gəlmək, avtomatik kəsilmək deməkdir. Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, Mehman Abduləzizov direktoru olduğu kollecdə ixtisas dəyişmək arzusunda olan tələbələrin məsələsini “müvafiq qayda”da yoluna qoymaqla həm özünü, həm də qarşı tərəfi razı salmağı bacarır: “Hazırda Bakı Neft-Energetika Kollecində təhsil alan tələbələrin bir qismi kollec daxilində ixtisaslarını dəyişmək arzusundadır. Bunun üçün isə onlar kollec rəhbərliyi tərəfindən irəli sürülən pul tələbləri ilə razılaşmalıdırlar. Yalnız bundan sonra tələbələrin bu ixtisasdan digərinə köçürülməsini reallaşdırmaq mümkündür.” Nə qədər qəribə də olsa, kollec rəhbərliyi bu cür əməlləri əksər hallarda Təhsil Nazirliyinin diqqətindən yayındırmağı bacarır. Ümumiyyətlə Mehman Abduləzizovun fəaliyyəti isə həm kollecin kollektivi, həm də valideynlər tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Ötən materiallarda da qeyd etdiyimiz kimi redaksiyamıza daxil olan məlumatlarda həm tələbələr, həm də pedaqoji kollektiv arasında olan mənbələr tərəfindən vurğulanır ki, hazırda bu təhsil müəssisəsində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Məhz bu səbəbdən də Bakı Neft-Energetika Kollecində tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr təbii ki, dərslərə davamiyyətə də məhəl qoymurlar... Geri dön |