Ana Sayfa > Sosial / Manşet > Nazim İbrahimovun istefası yenidən gündəmdə

Nazim İbrahimovun istefası yenidən gündəmdə


27-05-2015, 11:17. Yazar: admin
Nazim İbrahimovun istefası yenidən gündəmdə
"Maliyyə xəyanəti"nə görə həbslər davam edir. Daha çox səs-küyə səbəb olan hadisə tanınmış iş adamı, "Xəzər adaları" layihəsinin müəllifi Hacı İbrahim Nehrəmlinin saxlanması oldu. Qeyd edək ki, iş adamı Beynəlxalq Bankdan külli miqdarda kredit götürsə də, geri qaytarmayıb. Beynəlxalq Bankın "Xəzər adaları" layihəsinə 850 milyon dollar kredit verdiyi açıqlanıb.Biznesmen isə bir müddət əvvəl mətbuata müsahibəsində Beynəlxalq Bankdan cəmi 57 milyon dollar kredit götürdüyünü deyib: "Dəqiqləşdirilmiş hesablamaya görə "Xəzər adaları" layihəsinə 1 milyard 157 milyon dollar xərcləmişəm. Bu vəsaitin cəmi 57 milyon dolları Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kreditdir, qalan məbləğ isə özümün şəxsi vəsaitimdir. Faizləri ilə birlikdə banka 70 milyon dollar borcum var. Beynəlxalq Bank pulunu geri istəyir və süni adada tikilmiş binalardan bir neçəsini girov götürüb". Hacı İbrahim Nehrəmli daha sonra vurğulayıb ki, Beynəlxalq Bank 8 faizlə ayırdığı krediti devalvasiyadan sonra 12 faizlə geri istəyib: "Mən Beynəlxalq Bankdan 8 faizlə kredit almışdım. Mənə məktub göndəriblər ki, faizi 12 faizlə ödəyim. Əgər gecikdirsəm 18 faizlə ödəyəcəm. 18 faizlə də kredit olar? 18 faizlə kredit almaq dəmir barmaqlıqlar arxasına girməkdir. Ona görə faizin artırılması barədə müqaviləyə əlavəyə qol çəkmədim, geri qaytardım". Son günlər iş adamının barəsində bir-birini təkzib edən məlumatlar yayılmaqdadır. Bəziləri onun həbs edildiyini, bəziləri isə azadlıqda olduğunu söyləyirlər. "Xəzər adaları" layihəsinin rəhbəri Qurban Əhmədov bu günlərdə mətbuata verdiyi açıqlamada Hacı İbrahim Nehrəmlinin mayın 12-si saat 13:00-dan etibarən DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanıldığını bildirib. Onun sözlərinə görə, oliqarxın azad olunması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Mən bilmirəm Hacıya kim zəng vurub və onunla telefonla danışıb. Bunu isə dəqiq bilirəm ki, Hacı İbrahim artıq 12-ci gündür ki, həbsdədir. Oliqarxa qarşı həbs-qətimkan tədbiri seçilib, amma ona qarşı hələ də rəsmi ittiham irəli sürülməyib. Söhbət Beynəlxalq Banka olan kreditlərin vaxtından əvvəl qaytarılmasından gedir. Bu kreditlərin həcmi isə 57 milyon dollar təşkil edir". Bu arada, Beynəlxalq Bankdan götürdüyü külli miqdarda krediti geri qaytarmayan iş adamının sahibi olduğu "Avesta" holdinqin binasının satışa çıxarıldığı haqda məlumatlar yayılıb. Adının mətbuatda çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, Hacı İbrahim Bakıda hamının "milyarderlər məhəlləsi" kimi tanıdığı Teymur Əliyev küçəsindəki villasını və "Avesta" konserninin yerləşdiyi çoxmərtəbəli binanı satışa çıxarıb. İş adamı sahibi olduğu binanı real alıcılara 45 milyon manata təklif edib. Beynəlxalq Bankdan götürdüyü 78 milyon dolları geri qaytara bilməyən Hacı İbrahim ona qoyulan vaxtda borcunu qaytarmaq üçün binanı real alıcı olarsa, 23 milyona satmağa hazır olduğunu bildirib. Bina 15 mərtəbədən ibarətdir. Alt mərtəbədə sauna və bilyard zalları, ofislər yerləşir. Verilən məlumata görə, həmin binanın bir mərtəbəsində Hacı İbrahimin özünün də evi var. Qeyd edək ki, iş adamının DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmasından sonra bütün diqqətlər onun qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun üzərinə yönəlib. Çünki mətbuatda bu vaxta kimi komitə sədrinin böyük layihələri həyata keçirən qardaşına maliyyə dəstəyində bulunması haqda silsilə xəbərlər gedib. Maraqlıdır ki, iş adamının həbs edilməsindən sonra komitə rəhbəri bu məsələ ilə bağlı mətbuata bir kəlmə də olsa açıqlama verməyib. Etibarlı mənbələrin bildirdiyinə görə isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin başının üzərini qara buludlar alıb. Buna bir tərəfdən qardaşının törətdiyi qanunsuz maliyyə əməliyyatları, digər tərəfdən isə özünün işində yol verdiyi nöqsanlar səbəb olub: "Azərbaycanın xarici ölkələrdəki diaspora qurumları zaman-zaman Nazim İbrahimovun fəaliyyətindən şikayətçi düşüblər. Diaspora təşkilatları ilə bağlı işin təşkil edilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanı üzrə istifadə edilməməsi məsələləri də müzakirə predmetinə çevrilib. Məsələ burasındadır ki, hətta ortaya sənədlər, sübutlar da qoyulub. Bir vaxtlar İbrahimovlar ailəsinin daha bir nüfuzlu siması olan Tağı İbrahimov "ATV" rəhbərliyindən uzaqlaşdırılanda komitə sədrinin görəvdən alınacağı gündəmə gəlmişdi. Ölkəmizin beynəlxalq yarışa- Bakı Avropa Oyunlarına ev sahibliyi etdiyi ərəfədə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti nəzərə çarpmır. Yarışın Azərbaycanda keçirilməsinin xaricdə, əsasən də ermənilərin sıx yaşadığı yerlərdə təbliğ edilməsində komitə tərəfindən lazımi işlər görülməyib. Ümumiyyətlə, bu qurumun fəaliyyətsizliyi bir sıra problemlərin meydana çıxmasına rəvac verir. Bundan istifadə edən əbədi düşmənlərimiz ermənilər xarici ölkələrdə öz çirkin niyyətlərini həyata keçirirlər. Heydər Əliyev Fondu dünyaya Xocalı soyqırımını, həmçinin ermənilər tərəfindən xalqımızın başına açılan digər müsibətləri ən yüksək səviyyədə tanıdır. Lakin komitə sədrinin formalaşdırdığı "diaspor təşkilatları" əsasən Rusiya və Şərqi Avropada yeni biznes şəbəkəsi yaratmaqla məşğuldur. Şərqi Avropada və Rusiyada meyvə-tərəvəz bazarında məmurun yaratdığı "diaspor təşkilat"ları ciddi paya sahibdirlər. Çünki dövlətin vəsaiti hesabına diaspor işlərini tənzimləməli olan sədr sadəcə olaraq biznes şəbəkəsi yaratmaqla məşğuldur. Bu gün erməni lobbisinin daha çox aktivlik göstərdiyi Avropada durum həddən artıq ağırdır. Komitə sədri erməni lobbisinin güclənməsinə mane olmaq əvəzinə Avropada otel biznesinə girişib. Londonda daşınmaz əmlak biznesinə sərmayə yatıran komitə rəhbəri bu fəaliyyətini gizlətməyi də bacarır. Nazim İbrahimov həmçinin yaxta həvəskarıdır. Onun Türkiyədə dəyəri milyonlarla ölçülən yaxtalarının olduğu yayılan məlumatlar arasındadır. Bir sözlə, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti acınacaqlı vəziyyətdədir. Bunun səbəbkarı isə məlumdur". Mötəbər mənbənin iddiasına görə, yuxarı dairələr də onun fəaliyyətindən razı deyil: "Hətta deyilənə görə, sədrin bizneslə məşğul olması, diaspor təşkilatları ilə sıx işləyə bilməməsi barədə yuxarılara yeni məlumatlar çatdırılıb. Buna görə də komitə rəhbərinin vəzifədən çıxarılması məsələsi müzakirə edilməyə başlanıb. Onun yaxın vaxtlarda, ola bilsin ki, Avropa Oyunları başlayana kimi istefaya göndəriləcəyi gözlənilir".

Geri dön