Ana Sayfa > Sosial > Azərbaycanda yüksək riskli zonaların vətəndaşlarına gücləndirilmiş müştəri tədbirləri tətbiq ediləcək

Azərbaycanda yüksək riskli zonaların vətəndaşlarına gücləndirilmiş müştəri tədbirləri tətbiq ediləcək


7-12-2022, 12:38. Yazar: admin


Yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.

APA-nın xəbərinə görə, bu, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsində əksini tapıb.

Layihəyə əsasən, FATF (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı qlobal maliyyə sistemini qorumaq üçün müvafiq siyasətin formalaşdırılması və yayılmasını təmin edən müstəqil hökumətlərarası qurum) tərəfindən edilmiş çağırışlar əsasında, habelə müəyyən edilmiş yüksək riskli zonalara münasibətdə məhdudiyyətlər və xüsusi tələblər tətbiq edilə bilər. Yüksək riskli zonalara münasibətdə FATF tərəfindən edilmiş çağırışların mətni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə öhdəlik daşıyan şəxslərə göndərilir. Öhdəlik daşıyan şəxslər FATF tərəfindən edilmiş çağırışlarda müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər. Yüksək riskli zonaların müəyyən edilmə əsasları, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Yüksək riskli zonaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir. Yüksək riskli zonalara münasibətdə tətbiq edilən konkret məhdudiyyətlərin və xüsusi tələblərin növü və müddəti aşkar edilmiş risklərə uyğun olaraq maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.

Qeyd edək ki, yüksək riskli zonalar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən barəsində sanksiyalar və ya digər analoji tədbirlər tətbiq edilən dövlətlər və ya ərazilərdir.
Geri dön