Ana Sayfa > Sosial > AMEA: Ağstafa-Qazax zonasında Kür çayı məcrasından çıxa bilər

AMEA: Ağstafa-Qazax zonasında Kür çayı məcrasından çıxa bilər


28-06-2022, 14:08. Yazar: admin


Kür çayının keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var.

Bunu APA-ya açıqlamasında AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

O bildirib ki, Kür çayının həm Türkiyə, həm Gürcüstan, həm də Azərbaycan hissəsində neçə gündür güclü yağıntılar müşahidə edilir. Bu da Kür çayının və digər çayların səviyyəsinin müvəqqəti artmasına gətirib çıxarır:

“Səviyyənin kəskin artması bu şəkildə davam edərsə, arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu il qış fəsli və yay fəsli anomal keçdi. Bu səbəbdən çaylarda illik gursululuq dövrü də gecikdi. Gursululuq dövrü adətən apreldən iyuna qədər davam edirdisə, iyulun əvvəllərinə qədər uzanacağı gözlənilir. Radar müşahidələri göstərir ki, qərb rayonlarında mayın sonlarından bəri güclü yağıntılar davam edir. Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var. Lakin hazırda Ağstafa-Qazax zonasında səviyyənin daha çox qalxması baş verir. O hissələrdə Kür məcrasından çıxa bilər”.

Səid Səfərov onu da əlavə edib ki, Kürün aşağı axarında - Salyan, Neftçala zonasında da artım var:

“Kürün aşağı axarı üçün səviyyəsi bilirsiniz ki, Mingəçevir su anbarında nizamlanır. Burada müəyyən hədd var ki, səviyyə həmin həddi keçəndən sonra anbardan daha çox su buraxılmasına başlanılacaq. Bu zaman Salyan və Neftçalada da təhlükəli prosesləri müşahidə edə bilərik. Ümumiyyətlə, Kürün illik axınının azalması o demək deyil ki, ayrı-ayrı aylardan kəskin artmalar olmayacaq. Lakin çoxillik məlumatlara əsasən, deyə bilərik ki, Kürün aşağı axarında səviyyə azalıb. Bu da daha çox antropogen amillərlə əlaqədardır. Süni meşəliklərin salınması, suvarma suyunun düzgün tənzimlənməməsi çaylarda suyun səviyyəsinin azalmasına gətirib çıxarır. Təbii ki, qlobal istiləşmə amili də buna öz təsirini göstərir".
Geri dön