Ana Sayfa > Sosial > TƏBİB: Koronavirusla mübarizədə ən böyük problemlərdən biri oksigen təminatı ilə bağlı olub

TƏBİB: Koronavirusla mübarizədə ən böyük problemlərdən biri oksigen təminatı ilə bağlı olub


20-06-2022, 11:55. Yazar: admin


"Koronavirusla mübarizə dövründə ən böyük problemlərdən biri məhz oksigen təminatı ilə bağlı olub"

APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva Avropa İttifaqının maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin bağlanış mərasimində deyib.
O bildirib ki ölkədə koronavirus pandemiyası başlayandan dövlət qurumları ilə birgə beynəlxalq qurumların da Azərbaycanın yanında olması müsbət amildir:

"Koronavirusla mübarizə dövründə ən böyük problemlərdən birinin oksigen təminatı ilə bağlı olmasının səbəbi budur ki, ölkədə heç vaxt bu qədər oksigen təminatına ehtiyac olmayıb. Bu işin təşkili və yaranmış problemlərin qiymətləndirilməsi olduqca vacib idi. Təbii ki, daxildə bu qiymətləndirmə aparılmışdı və müvafiq boşluqları müəyyən edərək işlər də görülmüşdü. Lakin kənardan baxışın keçirilməsi olduqca önəmli idi".

O əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı müraciət üzrə operativ şəkildə reaksiya verib və onların ekspertləri tərəfindən yerində qiymətləndirilmə işləri aparılıb:

"Azərbaycan tərəfindən də pandemiya zamanı böyük işlər görülüb. İlk dövrdə Azərbaycan dövləti tərəfindən COVID-19-la mübarizə tədbirləri üçün böyük büdcə ayrılmışdı. Bu istiqamətdə atılan addımlardan biri də ölkəyə fərdi qoruyucu vasitələrin gətirilməsi idi. Əfsus ki, pandemiya səbəbindən bir çox ölkələrdən hər hansı tibbi avadanlığın gətirilməsi çətinlik yaranırdı. Tibb işçilərini qorumaq üçün bütün resurslardan istifadə olunub. ÜST tərəfindən həmin dövrdə fərdi qoruyucu vasitələrin ölkəyə gətirilməsi təmin edilib".



Geri dön