Ana Sayfa > Sosial > Novruz bayramı

Novruz bayramı


17-03-2022, 17:25. Yazar: admin
Novruz bayramı

Novruz xalqımızın milli bayramıdır. Novruz adətləri, Novruz etiketləri xalqımızın saf niyyətinin, humanist xarakterinin, yüksək əxlaqi-mənəvi keyfiyyətlərinin təcəssümüdür.
Novruz bayramını martın 21-də, çox əlamətdar bir tarixdə keçiririk. Bu gündə gecə ilə gündüz bərabərləşir və yeni bir fəsilə - Bahar fəslinə qədəm qoyuruq. Elə buna görədir ki, xalq arasında bu bayramı Bahar bayramı da adlandırırlar. Novruz bayramının mənası yeni gün deməkdir. Baharın gəlişi ilə yenilənən, yuxudan oyanan ana təbiət uzun, soyuq qışından sonra yaşıl donunu geyinməyə tələsir, ağaclar tumurcuqlayır. İsti ölkələrdən ölkəmizə qayıdan quşların civiltisi ətrafı bürüyür, min rəngli, min ətirli gül- çiçək çöllərimizi- bağlarımızı bəzəyir.
Elin- obanın, hamının şənliyinə dönən Novruz bayramı ölkəmizin hər yerində böyük sevinc ilə qarşılanır. Hər bir ailə, hər məhəllə səbirsizliklə yolunu gözlədiyi bu bayramı keçən bayramdan daha gözəl keçirməyə sanki rəqabət aparırlar. Bayrama hazırlıq işləri isə daha çox əvvəllərdən başlayır: həyət-baca səhmana salınır, evlərdə təmizlik işləri aparılır, çöllərdə əkin –şum işlərinə başlanılır.
Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsürün- Suyun, Odun, Yelin, Torpağın isinməsi, “dirilməsi” durur. Odur ki, Novruz şənlikləri təzə ilin başlanmasına, yəni martın 21-nə dörd həftə qalmış keçirilməyə başlayır. Bu aya Boz ay deyirlər. Həmin ayın hər çərşənbəsi təbiətin bir ünsürü ilə əlaqələndirilmiş və beləliklə insanların təsəvvüründə ilaxır çərşəbələr yaranmışdır. İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılır.
Birinci su çərşənbəsi adlandırılır. Yəni , bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Axırıncı Torpaq çərşənbəsidir. Çərşənbələrin içində ən vacibi axırıncı- axır çərşənbə axşamıdır. Həmin gün qədim ənənənlərlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır.
Novruz bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməni ətrafına milli şirniyyatlar: paxlava- yer kürəsinin 4 istiqamətini, qoğal- günəşi, şəkərbura – ayı. Rənglənmiş yumurta- həyatı simvolizə edir.
Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir.
Evlərdə, məhəllələrdə xalq bayram günü meydanlara çıxaraq birlikdə Novruz şənlikləri keçirdirlər. Meydanlarda at çapılır, uşaqlar gənclər tonqalların üstündən atlanaraq yeni ilə niyyətlərini edərlər. Bu bayramda ən şox sevinən uşaqlar olur. Boyanmış Novruz yumurtalarını döyüşdürür, tonqalların üstündən tullanır, “papaqatdıya” çıxıb bayram payı yığırlar.
Novruz bayramının baş qəhrəmanları Kosa və keçəldir. Kosa qışı, keçəl isə yazı simvolizə edir.
Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezantativ siyahısına daxil edilib.
Ulu Öndər Heydər Əliyevin söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bu dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” arzusunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.


Bakı şəhəri Ramiq Abidov 85 nömrəli
məktəbin direktoru Əhmədov Maxsud

Geri dön