Ana Sayfa > Sosial / Manşet > Cavanşir Feyziyev bu haqq-hesab məngənəsindən çıxa bildimi?
Cavanşir Feyziyev bu haqq-hesab məngənəsindən çıxa bildimi?14-05-2015, 10:08. Yazar: admin |
Bildiyiniz kimi, Azərbaycanda fəaliyyət göstərən məmurların, müxtəlif vəzifə sahiblərinin, millət vəkillərinin bizneslə məşğul olmaları, həmçinin ikili vəzifə daşımaları qanunla qadağan edilib. Ancaq buna baxmayaraq, bu gün Milli Məclisin üzvləri arasında ali təhsil müəssisələrinin rektorlarına, eləcə də hansısa dərman firmasının, tikinti şirkətinin, səhmdar cəmiyyətinin rəhbərlərinə rast gəlmək mümkündür. Misal kimi, "Avromed" MMC-nin təsisçisi Cavanşir Feyziyevi göstərmək olar. Artıq heç kimə sirr deyil ki, ölkənin dərman bazarında əsas söz sahibi olan firmalardan biri də "Avromed" dir. Belə ki, paytaxtdakı, eyni zamanda ölkənin digər şəhər və rayonlarındakı apteklərin böyük hissəsini Cavanşir Feyziyevin sahibi olduğu MMC dərmanla təmin edir. Bu isə bir daha onu deməyə əsas verir ki, dərman satışından əldə olunan gəlirin əsas hissəsi "Avromed"in payına düşür. Bu gəlirin nə qədər olduğunu müəyyənləşdirmək üçün bəzi rəsmi bilgilərə baş vurmaq gərəkdir. Məsələn, rəsmi məlumatlara görə, təkcə ötən ilin yanvar-iyul aylarında ölkəmiz 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon dollar edir. Yəni rəsmi məlumatlara görə, il ərzində Azərbaycana 240 milyon dollar dəyərində dərman idxal edilir. Bundan başqa, Cavanşir Feyziyevin sözügedən məsələ ilə bağlı təxminən, 4 ay öncə verdiyi müsahibəsindəki bəzi məqamlara diqqət yetirsək görərik ki, onun rəhbərlik etdiyi şirkətin illik gəliri kifayət qədər böyükdür. Belə ki, deputatın da vurğuladığı kimi, hazırda ölkədə 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə, bu o deməkdir ki, hər aptekin payına ayda təxminən, 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir. Hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlövhlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki reseptdə yazılan dərmana bəs etmir. Deməli, rəsmi rəqəmlər həqiqəti əks etdirmir. Bunu Cavanşir Feyziyevin müsahibəsindəki sonrakı fikirlər də təsdiqləyib. Belə ki, deputat bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir. Göründüyü kimi, Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon dollara yaxın fərq var. Bu, fərqin dərman inhisarçılarının cibinə getdiyi şübhə doğurmur. Ancaq bu da onların illik qazancını tam əks etdirmir. Ölkəyə inhisarçılar rəsmi qeydiyyatdan yayındırmaqla, qaçaqmal yolu ilə kifayət qədər dərman gətirib satırlar ki, burdan onların qazancı daha böyük olur. Bu rəqəmin il ərzində bir-neçə 100 milyon olduğu şübhə doğurmur. Yəni, sadə hesablamalar dərman inhisarçılarının il ərzində 700-800 milyon qazanc əldə etdiyini ortaya qoyur. Ölkənin dərman bazarınının "Avromed" MMC-nin inhisarında olduğunu nəzərə alsaq, deməli adıçəkilən firma il ərzində 100 milyonlarla gəlir əldə edir. Maraqlıdır, görəsən bu boyda gəlirin qarşılığında dövlətə nə qədər vergi ödənilir?.. Gəlirdən söz düşmüşkən, qeyd etmək istərdik ki, 2005-ci ildə parlamentdə "Gəlir deklarasiyası haqqında" Qanun qəbul edilib. Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidir və vergi ödəməlidirlər. Qanun imzalandıqdan sonra Nazirlər Kabinetinə gəlir bəyannaməsi forması hazırlamaq tapşırılıb və buna 3 ay vaxt ayrılıb. Lakin üzərindən 10 il keçməsinə baxmayaraq, hələ də gəlir bəyannaməsinin forması hazırlanıb ictimaiyyətə təqdim olunmayıb. Bu isə əksər vəzifəli şəxslər kimi, rektor millət vəkillərinin, biznesmen deputatların maraqlarına tam şəkildə cavab verir. Çünki "Gəlir deklarasiyası haqqında" Qanunun tətbiq edilməməsi yüz milyonlarla manatın dövlət büdcəsindən kənarda məmurlarda qalmasına səbəb olur. Bu fikirdə olan ekspertlər hesab edirlər ki, ölkədə gizli iqtisadiyyatın, qeyri-leqal gəlirlərin mövcudluğu bir sıra məmurları, millət vəkillərini gəlirlərini deklarasiya etməkdən çəkindirir. Məhz bu səbəbdən də vəzifə sahiblərinin əksəriyyətinin malik olduqları sərvətin və ya əmlakın dəyəri onların aldıqları əməkhaqqı ilə mütənasib deyil. Belə bir vəziyyət isə ölkədə korrupsiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Mütəxəssislərin sözlərinə görə, Azərbaycan dünyada gəlirlərin deklarasiya edilmədiyi nadir ölkələrdəndir. Gəlirlər deklarasiya edilmədiyindən pul dövriyyəsinə daxil olan vəsaitlərin həcmini tam olaraq proqnozlaşdırmaq mümkün deyil. Bundan başqa, qeyri-rəsmi yolla əldə edilən vəsaitlər deklarasiya edilmədiyindən asanlıqla dövriyyəyə daxil olur. Deklarasiya sisteminin olmaması qazancların necə və ya hansı yollarla əldə edildiyini müəyyənləşdirməyə imkan vermir. Ekspertlər onu da qeyd edirlər ki, gəlirlərin deklarasiya edilməməsi çirkli pulların izlənməsini çətinləşdirir. Bu, həmçinin rəsmi qazanclarla qeyri-rəsmi qazanclar arasındakı fərqin itməsinə səbəb olur. Gəlirlərin qanuni və ya qeyri-qanuni yolla əldə edilməsini müəyyənləşdirmək mexanizmi normal işləmir. Əldə edilən vəsaitlərin də hansı istiqamətlərə xərclənməsinə nəzarət zəif təşkil edilib. Mütəxəssislərin fikrincə, məmurların, vəzifə sahiblərinin, eləcə də deputatların bizneslə məşğul olması qanunla qadağan olunsa da, reallıqda bu heç də belə deyil. Bu baxımdan da gəlir deklarasiyasının tətbiqinə başlanılsa, məmurlar özü və ailə üzvlərinin gəlirləri haqqında vergi orqanına hesabat verməlidirlər. Bu isə əksər məmurların, millət vəkillərinin maraqlarına uyğun gəlmir. Məsələn, götürək elə "Avromed" MMC-nin təsisçisi Cavanşir Feyziyevi. Görəsən o, gəlir bəyannaməsi verməyə hazırdır?.. Vəzifə sahiblərinin, həmçinin deputatların bizneslə məşğul olmasının qanunla qadağan edilməsinə gəlincə, bu qadağanın yaranması dövlətin iqtisadiyyata nəzarət edən, lisenziya verən qurum olmasından irəli gəlir. Yaddan çıxarmaq olmaz ki, dövlət orqanlarında işləyənlərin hakimiyyət səlahiyyətləri var. Odur ki, məmurların bu səlahiyyətlərdən sui-istifadə etməsinin qarşısını almaq üçün bütün dünyada bu cür məhdudiyyətlər nəzərdə tutulur. Azərbaycan qanunvericiliyində də belə müddəaların olması hakimiyyət səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadənin qarşısını almaq naminə edilib. Lakin təəssüf, praktikada bu norma kütləvi şəkildə pozulur. Belə ki, bir qədər öncə də qeyd etdiyimiz kimi, müxtəlif vəzifələrdə təmsil olunan şəxslərin əksəriyyəti sahibkarlıqla məşğuldur. Onlar müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələri öz adlarına rəsmiləşdirməsə də qohumlarının, tanış-bilişlərinin adına sənədləşmə apararaq faktiki olaraq onlara himayədarlıq edirlər. İctimai nəzarətin zəif olduğu ölkələrdə qanunvericilikdə bu və ya başqa məhdudiyyəti tətbiq etmək yetərli deyil. Çünki həmin normaların işləməsi üçün münbit şərait olmalıdır. Azərbaycanda isə bu mühit olmadığından və ya zəif olduğundan qanunun tələbi yerinə yetirilmir, hətta kobud şəkildə pozulur. Bu səbəbdən də bəzi məmurlar, vəzifə sahibləri və millət vəkilləri dövlət qulluğunda çalışmalarına baxmayaraq, təsisçi qismində müxtəlif idarə heyətlərində təmsil olunurlar. Halbuki Mülki Məcəllədə bunu qəti şəkildə qadağan edən normalar var. Lakin yenə də bir çox kommersiya təşkilatlarının təsisçisi məhz dövlət müəssisələri, vəzifə sahibləridir. Həmin müəssisələrin rəhbərləri bu və digər formada gəlirlərin bölüşdürülməsində iştirak edirlər. Yəni idarə heyətlərində, sədrlər şurasında, nəzarət qurumlarında formal olaraq onların adları getsə də, mahiyyət etibarilə gəlirlərin bölüşdürülməsində iştirak edirlər. Odur ki, hazırda bir çox sahələrdə, əsasən də dərman biznesində inhisarın olması məhz bəzi məmurların, deputatların kommersiya fəaliyyətində qanunsuz iştirakından doğur… Mövzu ilə əlaqədar bir müddət öncə maraqlı açıqlama ilə çıxış edən iqtisadçı-ekspert Rövşən Ağayev də bu qənaətdədir ki, hazırda məmur nəzarətindən kənarda hansısa biznes sahəsini təsəvvür etmək mümkün deyil: "Azərbaycanda iqtisadiyyat, sahibkarlıq üzərində məmur inhisarçılığının, nəzarətinin iki forması var. Hansısa biznes sahəsi bilavasitə məmurun özü tərəfindən qurulur və idarəçiliyi yaxınlarına tapşırılır. Yaxud da müəyyən biznes sahələrinə yaşıl işıq yandırılır. Məmur oradan haqqını alır. Fikrimcə, birinci formaya - hansısa gəlirli sahəyə yaxın ətrafının adına kapital qoymaqla, o sahəni götürmək təşəbbüsünə daha çox üstünlük verilir. Nisbətən az gəlirli biznes sahələri ilə bağlı ikinci formadan istifadə edilir. Bütövlükdə tütünçülükdən tutmuş balıqçılığa qədər, idxalın istənilən növü məmur nəzarətindədir. Azərbaycanda məmurkapitalizmi yaranıb". Ekspertin fikrincə, məmurların biznes fəaliyyəti ilə məşğul olması azad sahibkarlığın formalaşmasına ciddi əngəl törədir: "Azad sahibkarlıq olmayan ölkədə heç vaxt orta təbəqə formalaşa bilmir. Orta təbəqənin isə formalaşmadığı dövlətdə ciddi iqtisadi inkişaf qurula bilməz. Yəni bunun fəsadları zəncirvaridir. Azad sahibkarlıq yoxdursa, gizli iqtisadiyyat hökm sürəcək. Bu halda da dövlət büdcəsinə vergi şəklində çatacaq vəsaitlər gizli iqtisadiyyatın pulları kimi ayrı-ayrı adamların cibinə axacaq. Digər tərəfdən, gizli iqtisadiyyat varsa, sahibkarlıq inkişaf etmirsə, böyük sahibkarlıq subyektləri yarana bilməyəcək. Nəticədə davamlı, ləyaqətli əməkhaqqı verən iş yerləri olmayacaq. Bu gün Azərbaycan cəmiyyətinin problemlərini araşdırmalı olsaq, Qarabağ problemini çıxmaq şərtilə ölkəni inkişafdan saxlayan, beynəlxalq aləmdə biabır edən ən ciddi problem iqtisadiyyatda hökm sürən məmur-kapitalizmi və onun törətdiyi fəsadlardır". Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Cavanşir Feyziyevin təsisiçisi olduğu "Avromed" MMC-nin dərman bazarını inhisarda saxlaması bu sektorda normal, ədalətli rəqabət mühitinin formalaşmasına, azad sahibkarlığın inkişafına, əldə olunan gəlirlərdən dövlət büdcəsinə lazımi qədər verginin ödənilməsinə ciddi şəkildə mane olur. Odur ki, o, mütləq mandatla biznesi arasında seçim etməlidir. Qeyd edək ki, Cavanşir Feyziyevin həmkarı, millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də bir müddət öncə verdiyi açıqlamasında deputatları məhz bu cür seçim etməyə çağırıb. "Deputatlar və məmurlar seçim etməlidir: onlar bizneslə məşğul olmaq, zəngin həyat əldə etmək istəyirlərsə, gedib məşğul olsunlar. Bu məhdudiyyət ölkədə maraqların toqquşmasının qarşısını almaq üçün müəyyənləşib" deyən Asim Mollazadənin sözlərinə görə, Azərbaycanda deputat və məmurların bizneslə məşğul olmasının qadağan edilməsi məntiqəuyğundur: "Azərbaycan qanunvericiliyində deputatların və məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Bunu qəbul edərkən maraqların konfliktinin qarşısının alınması nəzərə alınıb. Hansısa bizneslə məşğul olan məmur öz təbii olan biznes maraqlarını vəzifəsindən üstün tuta bilər. Ona görə də bu, qəbuledilməzdir". Xülasə, hörmətli Cavanşir Feyziyev, bizdən deməkdirsə, üzərimizə düşən işi yerinə yetirdik. İndi növbə sizindir, qərarınızı verin: ya mandat, ya da "Avromed" MMC-nin təsisçisi postu… Geri dön |