Ana Sayfa > Sosial / Manşet > Gəncə Humanitar Kollecində bazar qaydaları

Gəncə Humanitar Kollecində bazar qaydaları


7-05-2015, 09:58. Yazar: admin
Gəncə Humanitar Kollecində bazar qaydaları
Xeyli müddətdir ki, Vertikal.az-a daxil olan məlumatlarda Gəncə Dövlət Humanitar Kollecinin fəaliyyətində müşahidə edilən bir çox neqativ hallara dair açıqlamalar öz əksini tapmaqdadır. Məlum olduğu kimi bu təhsil müəssisəsində hazırda peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyyə, dizayn, maliyyə işi və bədən tərbiyyəsi və idman ixtisasları üzrə mütəxəssislər hazırlanır. Bununla belə aldığımız məlumatlarda qeyd olunur ki, əslində bu kollecin özündə bu gün rüşvətxorluğun kök salması səbəbindən tələbə-müəllim münasibətləri etik qaydalardan xeyli uzaqlaşıb. Hal-hazırda isə sessiya imtahanları dövrü olduğundan, kollecdə yaşanan “ticari” münasibətlər burada əsil bazar əhval-ruhiyyəsi yaradıb. Belə ki, Gəncə Dövlət Humanitar Kollecində bazar qanunlarının hökm sürdüyünü iddia edən məlumatlı mənbələrə görə, sözügedən təhsil müəssisəsində semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər. Buna görə də semestri yaxşı göstəricilərlə başa vurmaq istəyən tələbələr mütləq tələb olunan 300 manatı verməlidirlər. Əks təqdirdə kollecin direktoru müəllimlər, onlar isə öz növbələrində tələbələr üçün arzuolunmaz problemlər yaradacaqlar. Qeyd etmək lazımdır ki, bu münasibətlər Gəncə Dövlət Humanitar Kollecində yeni formalaşmayıb. 2012-ci ildən bu təhsil müəssisəsinə rəhbərlik edən Fəxrəddin Zeynalov direktor təyin olunduğu ilk gündən kollecin bütün “gəlir qaynaqlarını” ciddi nəzarətə götürüb. Məlumatlara görə hətta iş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Gəncə Dövlət Humanitar Kollecində olub-bitənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Çünki hazırda bu təhsil müəssisəsində bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Məsələn, kollecin direktoru qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina edir. Direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Lakin əvəzində əmək haqlarını ala bilmirlər. Bununla bağlı nə qədər şikayətlər olunsa da, kollecin direktoru müəllimlərin halal pulunu onlara verməkdən imtina edir. Ötən materiallarda biz həmçinin qeyd etmişdik ki, əldə etdiyimiz məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində şöbə müdiri Aybəniz xanım və Vidadi müəllim əsas vasitəçi rolunu oynayırlar. Həmçinin ölkə mətbuatının səhifələrində dərc olunmuş materiallarda da F.Zeynalovun törətdiyi maxinasiyaların aktiv iştirakçılarından biri kimi Vidadi müəllimin adı yer almışdır. Bu xüsusda məlumatda bildirilir ki, Fəxrəddin Zeynalov kollecə direktor təyin olunan gündən, az qala direktor vəzifəsini icra edən Vidadi müəllim kollecin bütün işlərini görməklə bərabər, həm də tələbələrdən imtahanlara görə pul yığmaq işlərini də icra edir. Daha sonra məlumatlarda vurğulanır ki, kollecdə dərslərə davamiyyətin də səviyyəsi olduqca aşağıdır. Deyilənlərə görə bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Mənbələrin dediyinə görə dərslərdə iştirak etməməyin aylıq xərci 100 manatdır. Həmçinin qeyd olunur ki, kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri “təhsil xərclərini” ödəmək üçün paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə məşğul olurlar. Bütün bunlar isə əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyyəsinə çox böyük ziyan vurur...

Geri dön