Ana Sayfa > Sosial / Manşet > Xaçmaz turistləri bu adamlamı qarşılayacaq?
Xaçmaz turistləri bu adamlamı qarşılayacaq?28-04-2015, 10:46. Yazar: admin |
Son illər Xaçmaz və Xudat şəhər Mədəniyyət evləri, rayon Tarix-Diyarşünaslıq muzeyi əsaslı təmir edilib, Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində və sərhədyanı Yalama kəndində filialları yaradılıb. Xaçmazdan Vertikal.az-a daxil olan məlumatlara görə, Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin şəbəkəsi geniş olsa da, Nazim Ağayev mədəniyyət obyektlərinin bir hissəsinə yetəri qədər diqqət ayırmır. Mənbəmiz vurğulayır ki, rayondakı klubların bir neçəsi baxımsızlıqdan bərbad vəziyyətə düşüb: "İnsaf naminə deməliyəm ki, Xaçmazdakı bəzi mədəniyyət obyektləri büdcə vəsaitləri hesabına əsaslı şəkildə təmir edilib. Amma bəzi kənd klublarının vəziyyəti ürəkaçan deyil. Sovet dövründə fəallığı ilə seçilən klublar hazırda fəaliyyətsiz vəziyyətdədir. Bunun səbəbkarı isə şöbə müdiridir. Çünki o rayonun mərkəzində yerləşən mədəniyyət evləri və kitabxanalarda bir sıra təmir işləri aparmaqla vəzifəsini bitmiş hesab edir. Bunun nəticəsində ayrı-ayrı kəndlərdə yerləşən klublar unudulub. Şöbə üçün rayonun mərkəzində yeni bina tikilib. Nazim Ağayev özü rahat binada, hər cür şəraiti olan kabinetdə oturur, amma mərkəzdən kənar yerlərdə əhalinin mədəniyyət sahəsi ilə bağlı təsəvvürləri çox aşağı səviyyədədir. Bir neçə il əvvəl həmin klublarda müxtəlif tədbirlər keçirilirdi. Bu gün isə həmin klublardan bir neçəsi az qala tövləni, toyuq hinini xatırladır. Adı sadəcə kağız üzərində mövcud olan bu müəssisələr şöbə müdiri üçün əməlli-başlı qazanc mənbəyinə çevrilib. Deyilənə görə, Nazim müəllim klublarda ştatdan kənar işçilər saxlayır və onlara yazılan aylıq əməkhaqlarını öz mənafeyi üçün sərf edir. "Ölü can" problemi mədəniyyət evlərinin, kitabxanaların bir neçəsində, müsiqi məktəblərində də mövcuddur. Şöbə müdiri açıq-aşkar şəkildə qanunları pozur. Quruma daxil olan mədəniyyət evlərinə, kitabxanalara və klublara mal və inventarların alınması adı altında külli miqdarda vəsait yeyintiyə məruz qalır. Şöbənin rəhbərliyi rəsmi sənədlərdə malların alınma qiymətini şişirtməklə qanunsuzluğa şərait yaradır". Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə həyata keçirilən tenderlərdən də danışan mənbə bildirdi ki, Nazim Ağayev təmir-tikinti, habelə müxtəlif avadanlıqların alınması məqsədilə elan edilən tenderlərə özünə yaxın olan şirkətləri cəlb edir: "Nazim müəllim şöbəyə müdir keçəndən indiyə kimi Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin sifarişi ilə bir neçə tender baş tutub. Araşdırma aparılsa məlum olar ki, bu tenderlərin qalibləri arasında şöbə müdirinə yaxın olan şəxslərin şirkətləri üstünlük təşkil edir. Məmur bu vasitə ilə büdcə vəsaitlərinin müəyyən hissəsini öz nəzarətinə keçirib. Belə olan təqdirdə isə büdcə vəsaitləri təyinatı üzrə xərclənmir. Məhz bu tip qanunsuz işlərin nəticəsində şöbə müdiri Xaçmazın ən imkanlı şəxslərindən birinə çevrilib". Adıçəkilən məmurla bağlı əldə etdiyimiz məlumatların digər hissəsi araşdırma tələb etdiyindən bu haqda gələn saylarımızda yazı dərc edəcəyik. Ümidvarıq ki, nazir Əbülfəs Qarayev yazdığımız faktları tezliklə araşdırıb Nazim Ağayevin cəzalandırılması istiqamətində addım atacaq. Vertikal.az Geri dön |