Ana Sayfa > Sosial / Manşet > Vilyam Hacıyev dövlət bayrağına yetərincə hörmət bəsləmir
Vilyam Hacıyev dövlət bayrağına yetərincə hörmət bəsləmir27-04-2015, 09:20. Yazar: admin |
Vilyam Hacıyev İmişli Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduqdan sonra özünü işlək məmur kimi təqdim etmək üçün bir sıra abadlıq-quruculuq işlərinə start verdi. Sözün açığı, həmin vaxt əhali elə zənn edirdi ki, yeni icra başçısı onları ağ günə çıxaracaq. Lakin bununla bağlı gözləntilər özünü doğrutlmadı. Belə ki, İmişlinin gözdən-könüldən uzaq kəndləri hələ də baxımsız vəziyyətdə qalıb. Rayon sakinlərinin sözlərinə görə, indiyədək icra başçısının ayağı bir dəfə də olsun həmin ərazilərə dəyməyib. O, müxtəlif yollara baş vurmaqla ən mühüm vəzifələrə yaxın adamlarının təyin olunmasına nail olub Bu arada, hazırda İmişlidə əhalinin sosial vəziyyətinin ürəkaçan olmadığını vurğulayan məlumatlı şəxs rayon rəhbərliyinin sakinlərin problemləri ilə maraqlanmadığını qeyd edir: "Vilyam Hacıyev özü də çox gözəl bilir ki, rayon camaatı onun əməllərindən təngə gəlib. Artıq əhali bununla bağlı yuxarı instansiyalara müraciət etmək niyyətindədir. Sakinlər ölkə başçısının İmişliyə növbəti səfərini səbirsizliklə gözləyirlər. Onlar icra başçısının törətdiyi əməllərlə bağlı prezidenti məlumatlandırmağı, rayonda olub-bitən hər şeyi ətraflı şəkildə ölkə başçısının diqqətinə çatdırmağı planlaşdırırlar. Şübhəsiz, bundan sonra Vilyam Hacıyevin vəziyyəti çətinləşəcək. Çünki əhalinin böyük əksəriyyəti onun yeni icra başçısı ilə əvəz olunmasını arzulayır". İmişlidə işıq, qaz və su probleminin əhalini cana doydurduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, icra başçısının kadr siyasəti düzgün qurulmayıb: "Belə ki, Vilyam Hacıyev müxtəlif yollara baş vurmaqla ən mühüm vəzifələrə yaxın adamlarının təyin olunmasına nail olub. O, icra başçısı vəzifəsinə təyin olunduğu gündən bir sıra neqativ halların yaranmasına göz yumub. Odur ki, artıq nəinki sadə vətəndaşlar, hətta sahibkarlar, kiçik və orta məmurlar belə, icra başçısının əməllərindən narazılıq edirlər. Qeyd edim ki, Vilyam Hacıyev İmişlidəki ən gəlirli sahələri inhisara alıb. Onun razılığı olmadan heç bir iş adamı rayonda daşı daş üstünə qoya bilməz". İmişli rayonunun kanalizasiya sisteminin bərbad vəziyyətdə olduğunu bildirən məlumatlı şəxs iddia edir ki, büdcədən ayrılmış vəsaitlərin xərclənməsi düzgün aparılmır: "Yəni bu və digər işlərə sərf olunan vəsait mövcud reallıqla üst-üstə düşmür. Rayonda aparılan bir sıra təmir-bərpa işlərinə çəkilən xərclərlə göstərilən rəqəmlər arasında ziddiyyət var. Üstəlik, bu işlərin bir çoxu yerli idarə və müəssisələrdən yığılmış vəsaitlər hesabına reallaşdırılıb. Ən böyük yalan isə küçələrin abadlaşdırılması və yenidən qurulması ilə bağlıdır. İmişlidə faktiki olaraq bir neçə əsas küçə asfaltlanıb. İcra başçısının göstərişinə əsasən yolun kənarındakı evlərin yalnız yola baxan hissəsi təmir olunub. Bina və evlərin daxilə açılan hissələri isə, ümumiyyətlə, təmir edilməyib". İmişli Rayon İcra Hakimiyyəti başçısının qardaşı Eldar Hacıyevin bir müddət öncəyə kimi İqtisadi İnkişaf Nazirliyinin Gəncə Regional Mərkəzində çalışdığını diqqətə çatdıran mənbə qeyd edir ki, bir neçə il əvvəl qardaşlar arasında pulla bağlı gərgin mübahisə yaşanıb. Belə ki, Vilyam Hacıyev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə "Kapitalbank"ın Göygöl rayon filialının müdiri olan qardaşı Eldar Hacıyevə öz vəsaiti hesabına abadlıq işi gördürüb, lakin xərclənmiş pulu geri qaytarmayıb. Qeyd edək ki, bir müddət öncə Eldar Hacıyev özü bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat vermişdi: "Qardaşım Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, rayona gəldiyi ilk dövrlərdə abadlıq işlərinə başlamışdı. O zaman mən "Kapitalbank"ın Göygöl rayon filialının müdiri idim. Vilyam Hacıyev rayonda bir sıra işlər görmək üçün müvafiq göstərişlər verirdi. Məni də yanına çağırıb dedi ki, rayonun mərkəzi parkında və stadionda təmir, tikinti və abadlıq işləri aparım. Dedi ki, pul tap, xərclədiyin vəsait rayona ayrılacaq puldan geri ödənəcək. Mən də qardaş kimi ona dəstək olmaq üçün təklifi qəbul elədim və hər iki ərazidə abadlıq, təmir işləri apardım. Bu iş təxminən, 32 min manata başa gəldi. Vilyam da bildirdi ki, hazırda pulum yoxdur, prezident rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və abadlaşdırma ilə bağlı pul ayıranda sənin vəsaitini qaytaracağam. Düzü, mənim o qədər pulum yox idi. Sadəcə olaraq, qardaşımın sözünü yerə salmamaq üçün borc götürüb həmin işləri həyata keçirdim. Ancaq sonradan borc sahibinə pulu qaytara bilmədim. Məcbur qalaraq "Kapitalbank"dan kredit götürdüm. Ancaq qardaşım Vilyam Hacıyev pulumu qaytarmadı". Vilyam Hacıyev Daşkəsəndə, Gəncədə, Göygöldə nəhəng villalar tikdirib İmişlinin icra başçısı ilə bağlı digər maraqlı məlumatı isə onun əmisi oğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev verib. Beləliklə, Vilyam Hacıyevin məhz onun xahişi ilə icra başçısı vəzifəsinə gətirildiyini iddia edən partiya sədri bu əməlinə görə peşman olduğunu bildirir: "Vilyam əmim oğlu olsa da onun vəzifəyə təyin olunmasına səbəb olmağımdan peşmanam. Vilyam vəzifədə işlədiyi dövrdə bizim nəslin başına qaxınc oldu. Onun kimi icra başçıları rayonlarda əhalini hörmətli prezidentimizdən narazı salmaqla məşğuldur. Belə bir adamın vəzifəyə qoyulmasında rolum olduğu üçün utanıram, özümü günahkar sayıram. O, adi bilet satan idi, acından günorta dururdu. Düşündüm ki, normal adamdır, bəlkə vəzifəyə getməsinə kömək edək. Haradan biləydim ki, vəzifəyə gedəndən sonra özünü bu vəziyyətə salacaq?! Bu adam o dərəcədə eroziyaya uğradı ki, doğma qardaşı Eldarı şərləyib rayonda bank müdiri vəzifəsindən çıxardı. Vilyam kimi əmim oğlu olmağından və ona vaxtilə kömək göstərməyimdən utanıram. Bizim nəslimiz Vilyamın üstündən xətt çəkib. Onu ölənlərimizin yasına da buraxmırıq. Qardaşından satqınlıq edənə münasibət belə olmalı idi. O, vəzifədən çıxandan sonra vəziyyəti daha ağlamalı olacaq". Partiya sədrinin sözlərinə görə, Vilyam Hacıyev Daşkəsəndə, Gəncədə, Göygöldə nəhəng villalar tikdirib, Bakının mərkəzində bir neçə 5 otaqlı mənzil alıb: "Onun dəyəri yüz min dollarlarla ölçülən maşınları var. Mən həmin malikanələrin, evlərin ünvanlarını da göstərə bilərəm. Ona sual vermək lazımdır: sən 1000 manat aylıq maaşla bu varidatı necə əldə etmisən? Bu adam dövlətçiliyə də baş qaxıncıdır. Vilyam kimi icra başçısı olan rayonun əhalisi hökumətdən çətin ki, razı olsun". İcra başçısının oğlu nə üçün və kim tərəfindən döyülüb? Artıq mətbuatda İmişlinin icra başçısının oğlu Məhəmməd Hacıyevlə bağlı qalmaqallı xəbərlər yayılmağa başlayıb. Həmin məlumatların birində deyilir ki, bir müddət öncə icra başçısının oğlu Bakıda "İnşaatçılar" metrostansiyasının üstündə yerləşən və daha çox əxlaqsızlıq yuvası kimi ad cıxaran "Çardaq" restoranında döyülüb. Hadisənin gecə saat 3-də baş verdiyini deyən mənbənin sözlərinə görə, Məhəmməd Hacıyevin idarə etdiyi "Land Rover" markalı, 90 AA 369 dövlət nömrə nişanlı avtomobili də onu döyən şəxslər tərəfindən əzilib. Hadisənin hansı səbəbdən baş verdiyi bəlli deyil… Bu arada, İmişli rayonu ilə bağlı əldə etdiyimiz ən son məlumatda isə deyilir ki, şəhərin mərkəzində yerləşən Bayraq Meydanından asılmış Azərbaycanın bayrağı cırılıb. Bayraq kəskin küləkli havadan sonra parça-parça olub. Sakinlərin bildirdiyinə görə, Bayraq Meydanından asılmış dövlət bayrağının cırılması faktı ilk deyil: "Bayraq Meydanındakı dövlət bayrağı dəfələrlə cırılmasına baxmayaraq, ciddi tədbir görülmür. Dəfələrlə külək nəticəsində cırılan bayrağı yamayırlar və bunun da ömrü çox qısa olur. İcra başçımızın dövlətimizin bayrağı üçün 5-6 metr parça almağa gücü çatmırsa, bunu İmişli camaatı özü ala bilər". Görünür, icra başçısı dövlət bayrağımıza yetərincə hörmət bəsləmir… Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri dön |