Ana Sayfa > Sosial > Spiker göstəriş verdi: “Uşaqpulu”nun bərpası üçün işçi qrupu yaradılır

Spiker göstəriş verdi: “Uşaqpulu”nun bərpası üçün işçi qrupu yaradılır


12-08-2020, 16:08. Yazar: admin

Spiker göstəriş verdi: “Uşaqpulu”nun bərpası üçün işçi qrupu yaradılır
“Milli Məclisdə “uşaqpulu”nun bərpası barədə fikirlər səsləndiriləndən sonra parlament sədri Sahibə Qafarova göstəriş verib ki, İşçi qrupu yaradılsın”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini Tahir Kərimli deyib.
Millət vəkilinin sözlərinə görə, spikerin göstərişində bildirilib ki, müvafiq nazirliklərin və komitələrin əməkdaşları da həmin İşçi qrupuna daxil edilsin.

“Uşaqpulu” müavinətinin bərpası ilə bağlı müzakirələrin Milli Məclisin payız sessiyasında başlayacağı gözlənilir.

“Parlamentin payız sessiyasında mütəxəssislərin də iştirakı ilə işçi qrupu formatında “uşaqpulu”nun bərpasını müzakirə edəcəyik. Onu deməliyəm ki, “uşaqpulu”nun bərpasını istəməyən qüvvələr var. Onlardan bəziləri korrupsiya mexanizminin aradan çıxmasını istəməyənlərdir”, - deyə T.Kərimli əlavə edib.

Deputatın fikrincə, iqtisadiyyat elə qurulmalıdır ki, neftdən asılılıq daha da azalsın və alternativ gəlir mənbələri formalaşsın:

“Büdcəyə yeni mənbələr hesabına daxil olan gəlirlər əsasında bizim problemlərimiz qalmayacaq. Biz bunun hesabına “uşaqpulu”nu asanlıqla bərpa edə bilərik”.

T.Kərimli deyib ki, sözügedən müavinət növünün təyinatı ilə bağlı dəqiq araşdırmalar aparılmalıdır:

“Uşaqpulu”nun bərpası barədə fikirlərim populizm deyil, realdır. Bu sistem başqa ölkələrdə də tətbiq edilir. Hesab edirəm ki, biz Milli Məclisin payız sessiyasında məsələni müzakirə etdikdən sonra tərəqqiyə nail olacağıq”.

Xatırladaq ki, 2006-cı il yanvarın 1-dək Azərbaycanda “uşaqpulu” verilirdi. 2006-cı il 1 yanvar tarixinədək Azərbaycanda ailədə adambaşına düşən orta aylıq gəlirin 16 500 manatdan (3,3 AZN) az olduğu hallarda uşaq doğulduğu aydan başlayaraq 16 yaşa çatanadək (təqaüd almayan məktəblilər 18 yaşınadək) aylıq 9 000 manat (1,8 AZN) məbləğində müavinət verilirdi.

2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minib və aztəminatlı ailələrə ünvanlı yardımlar edilməyə başlanılıb. Bununla da, “uşaqpulu” ləğv olunub.
Geri dön