Ana Sayfa > Sosial >  Fermerlər əllərini Əhmədzadədən üzüblər... - GİLEY

 Fermerlər əllərini Əhmədzadədən üzüblər... - GİLEY


24-06-2020, 09:47. Yazar: admin

 Fermerlər əllərini Əhmədzadədən üzüblər... - GİLEY
Koronavirus pandemiyası səbəbindən bütün dünyada kənd təsərrüfatı ciddi zərərlə üzləşib, ərzaq təchizatı pozulub. Nəticədə məhsul istehsalı azalıb. Lakin Azərbaycanda fermerlər infeksiyanın yaratdığı təsirlərdən daha çox suvarma problemindən ziyana düşüblər. Mütəxəssislər deyirlər ki, suvarma üçün yeni texnologiyaların quraşdırılmasına hər il milyonlarla manat ayrılsa da, fermerlərin suvarma problemi həllini tapmır.

DİA.AZ bildirir ki, Sabirabad rayonunun Şıx Salahlı kəndinin sakinləri deyirlər ki, bu il də əkin sahələri susuzluqdan məhv olur. “Qarğıdalı, günəbaxan, arpa olmaqla ümumilikdə 8 hektar sahədə məhsul əkmişəm. Əkin sahəsinin yaxınlığından kanal keçir, su nasoslarla iri təsərrüfatlara verilir. Gecə-gündüz kanalda əllərimizlə palçıq təmizləyirik ki, bəlkə bizim də sahəyə su gələr”,-adının açıqlanmasından ehtiyat edən fermerlərdən biri deyib. Onun sözlərinə görə, köməklik göstərilməsi üçün rayon icra hakimiyyətinə, Melorasiya və Su Təsərrüfatı Açıq Səhimdar Cəmiyyətinə, hətta Kənd Təsərrüfatı Nazirliyinə müraciət ediblər, amma bir nəticəsi olmayıb. Kənddə içməli su problemi yoxdur, buna baxmayaraq sahələri suvarmağa su tapmırlar.

Sabirabadın digər kəndlərində də su problemi olduğu bildirilir.

Kürdəmir rayonunun Karrar kəndi və ətraf kəndlərdə də fermerlər su problemindən şikayətçidirlər. Bu barədə redaksiyamıza yazan kənd sakinlərinin sözlərinə görə, bu isə məhsuldarlığa ciddi təsir edir.

Bərdədə də əkin sahələrinin suvarılması problemə çevrilib. Kəndlərdə məhsul susuzluqdan yanır. Fermerlərdən Aydın Məmmədov bildirib ki, 12 hektar sahədə məhsul əkib, amma sahələri suvarmaq üçün su çatmır:

“Demək olar ki, hər il bu problemlə üzləşirik. Ümidimizi qışda qara, yazda yağışa bağlamışıq. Guya ki, fermerlər arasında növbəlik prinsipi qorunmur. Hamı sahəsini suvarmağa çalışır”.

Bərdədə əsasən pambıqçılıqla məşğul olan fermerlər susuzluqdan ziyan çəkdiklərini deyirlər.

Ağdaşlı fermerlər isə deyiblər ki, onların su problemi yoxdur, amma 1 hektar sahəyə görə 7 manat ödəyirlər: “Mən 20 hektar sahəni suvarmaq üçün ayda 140 manat ödəyirəm. Bu, təkcə suya çəkilən xərcdir. Bu il arpanın məhsuldarlığı çox olmayıb. Yəni xərci-borcunu ödəməyəcək",- fermerlərdən biri deyib. O bildirib ki, hektara görə onlardan 7 manat alınsa da, iri təsərrüfatlara su 3-3,50 qəpiyə satılır:

“Digər rayonlarla da maraqlanmışıq, qiymətlər arasında fərq var. Amma qiymətin hansı prinsiplərlə müəyyənləşdirildiyini bilmirik. Neçə dəfə suyun qiymətinin aşağı salınması ilə bağlı müraciət etmişik. Səsimizə səs verən yoxdur”.

Geri dön