Ana Sayfa > Sosial / Manşet > Səlim Müslümovun Suraxanıdakı işçisindən xəbəri varmı?
Səlim Müslümovun Suraxanıdakı işçisindən xəbəri varmı?26-02-2016, 08:54. Yazar: admin |
Ünvanlı sosial yardım əslində ölkənin kasıb təbəqəsi üçün nəzərdə tutulan kompensasiya olsa da, bundan sui-istifadə edənlər az deyil. Yerlərdə kifayət qədər gəlir mənbəyi olan ailələr arasında da ÜSY alanlar var. Onu da qeyd edək ki, bu təbəqədən olan ailələrin heç də hamısı ehtiyac içində yaşamır. Onların arasında evə, avtomobilə, yaxşı işə sahib olanlar da var. Buna baxmayaraq, onlar saxta yolla əhalinin aztəminatlı hissəsi kimi ünvanlı sosial yardım alırlar. Təbii ki, bu da yerlərdə sosial müdafiə mərkəzlərinin yardımı ilə gerçəkləşib. Əhalinin bu kateqoriyasına sosial yardım “6 ay sənin, 6 ay mənim” prinsipi ilə verilir. Yəni razılaşmaya əsasən, sosial müavinətin 6 ayını bunu rəsmiləşdirən şəxs, yerdə qalan müddəti isə şəxsin özü alırdı. Korrupsiya ilə bağlı ən çox fakt və şikayət də məhz bu sahə ilə bağlı olur. Ünvanlı yardımların təyinatı sahəsində şəffaflığın təmin olunması istiqamətində nazir Səlim Müslümov tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bəzi mərkəzlərdə köhnə qaydalar hələ də işlək vəziyyətdədir. Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mrəkəzinin (ƏSMM) direktoru Niyazi Əliyevin işində yol verdiyi nöqsanlar haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatı verən rayon sakini bildirir ki, mərkəz direktoru bura müraciət edən vətəndaşların yetərli hissəsini səbəbsiz yerə incidir: «Nazir Səlim Müslümov çalışır ki, bu sahədə şəffaflıq yaransın, əhalinin aztəminatlı təbəqəsi dövlətin onlar üçün nəzərdə tutduğu yardımları ala bilsinlər. Təəssüflər olsun ki, direktor Niyazi müəllimin şəxsi maraqları buna imkan vermir. Belə ki, yardım almaq ümidi ilə mərkəzə üz tutan vətəndaşların qarşısında ağır «şərt» qoyulur. Direktor deyir ki, ünvanlı sosial yardımı rəsmiləşdirirəm, amma yarısı mənim olmalıdır. Bəzi vətəndaşlar bu «şərtlə» razılaşsa da, bir çoxları etiraz edir. Nəticədə narazılıq yaranır. Vətəndaşlar hara şikayət etsə də, xeyri yoxdur. Kimlərsə tərəfindən müdafiə olunduğunu deyən direktor qanunları aşkar şəkildə pozur». Bu arada qeyd edək ki, bir müddət əvvəl Niyazi Əliyevin adı qalmaqallı işlə bağlı medianın gündəminə gəlmişdi. Azərbaycan ordusunda 18 il zabit kimi xidmət edən 2-ci qrup hərbi əlil Novruzov Rövşən Rafail oğlu 19 ay təqaüdünün verilməməsindən gileylənmişdi: «04.11.2015-ci il tarixdən müraciətimə baxılmır. Bildirmək istəyirəm ki, 18 il zabit kimi hərbi xidmət etmişəm, xidməti vəzifələrimi yerinə yetirərkən xəsarət almışam, xəstəliklə əlaqədar ehtiyata buraxılmışam, 2-ci qrup hərbi əliləm. 2013-cü ildə xəstəliklə bağlı təxris olunduqda mənim xəstəlik haqqında qərarımda xidmət dövrü aldığım xəstəliklər qeyd edilib. Sonradan mən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sənədləri təqdim etdim, xəstəliyimin səbəb əlaqəsi dəyişdirildi. Hazırda Suraxanı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunla müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 130 manat məbləğdə ayrılmalıdır və mənə ödənilməyən 2014-cü ilin mart ayından 2015-ci ilin oktyabr ayına qədər cəmi 19 ay, hər ay 130 manat təqaüdün, iki uşaq üçün hər ay 24 manat fərq məbləğinin, yəni cəmi 2926 manatın tam şəkildə qanunla ödənilməməsi yolverilməzdir». Şikayətə baxmayaraq, mərkəz direktoru əlilin müraciətinə məhəl belə qoymayıb. Bu, hələ Niyazi Əliyevin törətdiyi özbaşına işlərin az hissəsidir. Mərkəz direktorunun kimlərə qanunsuz yolla ünvanlı sosial yardım düzəltməsi barədə növbəti günlərdə bəhs ediləcək. Geri dön |