Ana Sayfa > Sosial / Manşet > Hakim Azər Orucov ədalətin yanında olmalı idi, Ədalət Qəmbərovun yox

Hakim Azər Orucov ədalətin yanında olmalı idi, Ədalət Qəmbərovun yox


11-04-2015, 10:35. Yazar: admin
Hakim Azər Orucov ədalətin yanında olmalı idi, Ədalət Qəmbərovun yox
"Badi-Kubə" MTK-nın Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində tikdiyi binanın ətrafında yaranan qalmaqal hələ də davam edir. Xatırladaq ki, qəsəbədə yerləşən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel Əsədullazadə "Badi-Kubə" Mənzil-Tikinti Kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürmüşdü. Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb.

İstintaq araşdırmaları zamanı müəyyən edilib ki, 2003-cü ildə təsis edilən "Badi-Kubə" alqı-satqı müqaviləsi əsasında 2007-ci ildə Ədalət Qəmbərov tərəfindən alınıb. O, kooperativ tərəfindən Yeni Günəşlidə 0.40 ha torpaq sahəsindəki yaşayış binasının inşasını davam etdirib. Bu torpaq sahəsinin, eyni zamanda, qonşuluqda yerləşən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadə "Badi-Kubə"nin təsisçisinə müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kv.m yaşayış sahəsi verilməli olduğunu bildirib. MTK rəhbəri isə yeni sahib kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün "Altun"un sahibi tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından kooperativ sədri ilə aralarında mübahisə yaranıb. Nəticədə yuxarıda qeyd etdiyimiz hadisə baş verib. Qeyd edək ki, Ədalət Qəmbərov tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətəndaşa təkrarən sataraq 3.883.332 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Ədalət Qəmbərovun dələduzluq əməllərindən zərər çəkən şəxslərdən biri də MTK-nın payçılarından, Lənkəran şəhəri, Səttarxan küçəsi ev 2/19 ünvanında qeydiyyatda olan Məmmədov Əfqan Musa oğlu idi. Əfqan Məmmədov azadlıqda olarkən redaksiyamıza müraciət edərək Ədalət Qəmbərovun qanunsuz hərəkətlərindən şikayətini bildirmişdi: "Elxan Ədalətin tikinti işləri ilə məşğul olduğunu bildirdi. Ədalət isə işinin çətin getdiyini, maddi cəhətdən imkanının az olduğunu dedi. Qeyd etdi ki, Yeni Günəşlidə "Badi-Kubə" MTK-nın sədridir. Çox çəkən söhbətlərdən sonra mən ona 85 min dollar pul verib payçı oldum. Həmin binanın qarajı deyilən mənzil və biznes obyektləri üçün nəzərdə tutulan sahələr mənə yaxın olan Elşən Qasımovun adına sənədləşdirildi. Pulun qalan hissəsini öz aramızdakı danışıq əsasında hissə-hissə verməyə razılaşdıq. Bir müddət keçəndən sonra MTK-dan aldığım mənzilə aid sənəddən yararlanaraq bankdan pul çıxarmaq istədim. Amma istəyim baş tutmadı. Ədalətlə aramızda olan mehribançılıq getdikcə pisləşməyə başladı. Demək olar ki, üzərimə düşən pulun 90 faizini mən ödədim. Sonradan bəlli oldu ki, həmin ünvanla bağlı çox hadisələr baş verib. Yəni burda adam güllələmişdilər. Eyni zamanda, şirkət rəhbəri bizim adımıza, həmçinin digər şəxslərin adına olan mənzillərin sənədlərini MTK-ya məxsus möhürdən istifadə edərək saxtalaşdırmaqla başqa adamlara satıb. Bildirmək istəyirəm ki, MTK-nın tikdiyi binada olan 16.10.2007-ci il tarixli müqaviləyə əsasən, payçı olan Süleymanov İntiqam Salman oğlunun adına pay da notarial qaydada, alqı-satqı yolu ilə mənim adıma keçirilib. Onu da qeyd etmək istəyirəm ki, Ədalət Qəmbərov edilən pul ödənişlərini vergidən yayındırır". Əfqan Məmmədovun haqqını tələb etdiyini görən Ədalət Qəmbərov isə hüquq-mühafizə orqanlarındakı tanışlarının köməkliyi ilə bir müddət əvvəl birincinin həbs cəzasına məhkum edilməsinə nail olub. Dünən vəkili vasitəsilə redaksiyamızla əlaqə saxlayan Əfqan Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Orucovun çıxardığı qərarın ədalətsiz olduğunu bildirdi və Ədalət Qəmbərovla bağlı ilginc faktları açıqladı: "Bu ilin mart ayının 13-də hakim Azər Orucovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirildi. Dövlət ittihamçısı Səfərov Həkimxan Səfər oğlu mənə qanunsuz olaraq 11 il 6 ay həbs cəzası verilməsini istədi. Əvvəllər heç bir məhkumluğum olmayıb. Hakim Azər Orucov dövlət ittihamçısına qulaq asaraq məni 11 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Bu qərarla razı deyiləm. Diqqətinizə çatdırım ki, şəhid ailəsiyəm, 3 övladım var, ailəm ağır şəraitdə yaşayır. Övladımın biri ağır xəstədir. Əməliyyat edilməsə, həyatını itirə bilər. Hakim bu halları və mənim maddi sübutlarımı nəzərə almadı. Azər Orucov qərəzli hökm oxudu. Qeyd edim ki, bu işdə mən özüm zərər çəkmişəm. "Badi-Kubə" MTK-nın sədri Ədalət Qəmbərov tərəfindən aldadılmışam. Yeni Günəşli qəsəbəsində tikilən binada 25 faiz payım var idi. Ədalət Qəmbərovun mənə 325 min manat borcu var. 2014-cü ilin fevral ayında Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Nizami Əbilov məni saxladı. Halbuki, bunun üçün heç bir qanuni əsas yox idi. Həbsimi sifariş verən Ədalət Qəmbərovdur. O pulun gücünə məni həbsə saldırdı. Ədalət məhkəmə zalında mənə deyirdi ki, sənədləri gətirib verməsən, sənə 12 il iş verdirəcəm. Onun mənə külli miqdarda borcu var və buna görə də sənədləri qaytara bilməzdim. Hakim Azər Orucov heç bir tələbimi yerinə yetirmədi. Vəkilim Arif Əliyev hakimdən bəraət hökmü istədi. Amma hakim öz bildiyi qərarı qəbul etdi. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Ədalət Qəmbərov Elşən Qasımovu mənim üzümə durdurdu. Təbii ki, pulun gücünə. Daha doğrusu, Elşəni uşağını oğurlamaqla qorxutdu. Ədalət Qəmbərov Elşənin anasına zəng edib deyib ki, əgər Elşən məndən şikayət etsə, ona 12 il iş verdirəcəm. Ədalətlə dekabr ayının 8-də telefon danışığım olub. O mənə dedi ki, sənədləri ver, işi boynuna götür səni həbsdən çıxartdıracam. Üzləşdiyim haqsızlıqla bağlı ölkə prezidentinə, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova, ombudsman Elmira Süleymanovaya və digər instansiyalara yazılı şəkildə müraciət etmişəm. Qəzet vasitəsilə ölkə başçısından, ədliyyə nazirindən, baş prokurordan, Milli Məclisin sədrindən, Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyindən, Ali Məhkəmənin sədri Ramiz Rzayevdən kömək istəyirəm". Söz yox ki, bu gün Azərbaycanda müstəqil məhkəmə sistemi mövcuddur. Amma bəzən hansısa hakimlərin çıxardığı ədalətsiz qərarlar ailələri gözüyaşlı qoyur. Əfqan Məmmədovun 3 azyaşlı uşağı hər gün onun yolunu gözləyir. Hakim Azər Orucov heç olmasa bu halı nəzərə almalı idi, amma almayıb. Görünür, Ədalət Qəmbərovun hakimə verdiyi nəysə femida tərəzisini əyməyə yetib. Azər müəllim isə unutmamalıdır ki, o ədalətin yanında olmalıdır, Ədalət Qəmbərovun yox! İnanırıq ki, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev Əfqan Məmmədovun hökmdən verdiyi apelyasiya şikayətinə obyektiv baxıb onun barəsində çıxarılmış qərarı ləğv edəcək.

Yazıda adı çəkilən tərəflərin də mövqeyini işıqlandıra bilərik.

Geri dön