Ana Sayfa > Sosial / Manşet > Xətai rayonunda qanunsuz obyekt hələ də sökülməyib
Xətai rayonunda qanunsuz obyekt hələ də sökülməyib22-01-2016, 10:08. Yazar: admin |
Bir müddət bundan əvvəl “Bizim Dövr”ün redaksiyasına daxil olmuş şikayət ərizəsində növbəti dəfə, obyekt sahiblərinin təmir-tikinti işlərində çalışdırdıqları usta və fəhlələrin pullarını kəsmələrindən bəhs edilirdi. Bizə ərizə ilə müraciət etmiş vətəndaş Hüseynov Mehdi Ələkbər oğlu bildirmişdi ki, o, bir müddət əvvəl, rəhbərlik etdiyi səkkiz nəfərdən ibarət briqada ilə birlikdə, əslən Lerik rayonundan olan Liftiyev Nadir Bəbir oğluna məxsus ticarət obyektinin təmir işlərində çalışmış, işlər başa çatdıqdan sonra isə, onun briqadası öz pullarını ala bilməmişdir. Dərhal belə bir məqamı qeyd etmək istəyirik ki, apardığımız sorğu nəticəsində, barəsində şikayət olunan vətəndaşın soyadının əslində Nadirzadə olduğu məlum olmuşdur. Bizə təqdim olunan açıqlamaya görə, Nadir Bəbir oğlu bir müddət əvvəl öz soyadını dəyişdirmişdir. Lakin bunun məsələyə əslində heç bir aidiyyatı yoxdur. Çünki istənilən halda, bu şəxsin obyektinin təmir-tamamlama işlərində çalışan insanların problemi hələ də öz həllini tapmayıb. Artıq qeyd olunduğu kimi, Mehdi Hüseynovun və briqadasının işlədikləri obyekt paytaxtın Xətai rayonunda, Babək prospekti, 69/2 ünvanında yerləşir. Şikayətçinin sözlərinə görə, ona məlum olmayan səbəblərdən obyektdə gedən təmir-tikinti işləri müxtəlif vaxtlarda iki dəfə Fövqəladə Hallar Nazirliyinin və Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən dayandırılmış, lakin sonradan davam etdirilmişdi. İşlərin başa çatmasından artıq xeyli müddət keçsə də, Nadir Nadirzadə işçilərə yaranmış 3680 (üç min altı yüz səksən) manat məbləğində borcu ödəmək istəmir. Həm də özünə haqq qazandırmaq üçün bu sahibkar olduqca maraqlı dəlillər gətirir. Sahibkar belə bir iddia irəli sürür ki, guya o, tikintini başa çatdırmaq üçün Xətai RİH-nin başçısı cənab Razim Məmmədova 150 min manat məbləğində rüşvət ödəmişdir. Və məhz bu səbəbdən də onun indi işçilərə verməyə pulu qalmamışdır. Bundan sonra, aldığımız ərizə əsasında əməkdaşlarımız müəyyən araşdırma aparmış və nəticədə çox maraqlı faktlar aşkar edə bilmişdilər. Məlum olmuşdur ki, sözügedən obyekt əslində ilkin olaraq yaşayış sahəsi kimi layihələndirilmişdir. Rəsmi sənədlərdə bu obyekt hələ də ev kimi qeydiyyatdadır. Nadir Nadirzadə isə, binanın təyinatını dəyişmək qərarına gəlsə də, bunu müvafiq instansiyalarla razılaşdırmağı “unutmuşdur”. Buna görə də, həmin obyekt bu gün əslində qanunsuz tikili statusuna malikdir. Ehtimal etmək olar ki, təmir-tikinti işlərinin iki dəfə dayandırılması da məhz bununla bağlıdır. Amma bütün bu məqamlarla aidiyyatı olan qurumlar maraqlanmalıdırlar. İstənilən halda, bütün bunlar Mehdi Hüseynovun və digər işçilərin pullarının verilməməsi üçün əsas ola bilməz. N.Nadirzadə isə, yol verdiyi haqsızlıq azmış kimi, bu insanları hələ bir mətbuata müraciət etdiklərinə görə təhdid də edir. Digər tərəfdən isə, bu qanunsuz obyektin sahibinə qarşı hələ də rayonun hakimiyyət orqanları tərəfindən müvafiq sanksiyaların tətbiq olunmaması, N.Nadirzadənin Razim Məmmədova 150 min manat məbləğində rüşvət ödəməsi barədə işçilərə söylədiklərini daim diqqət mərkəzində saxlamağa əsas verir. Məlumdur ki, Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonun ərazisində hətta tam qanuni əsaslarla fəaliyyət göstərən sahibkarlara qarşı belə, heç də “liberal” münasibətilə seçilən məmurlardan deyil. Belə olan halda isə, icra başçısından belə xoş rəftarı məhz ona rüşvət verdiyini iddia edən N.Nadirzadənin görməsi təbii ki, müəyyən şübhələrin yaranmasına yol açmaya bilməz... Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək istərdik. Geri dön |