Ana Sayfa > Sosial / Manşet > İqtisad Universitetində qiymətlər “üzən” məzənnəyə keçirildi

İqtisad Universitetində qiymətlər “üzən” məzənnəyə keçirildi


11-01-2016, 10:00. Yazar: admin
İqtisad Universitetində qiymətlər “üzən” məzənnəyə keçirildi
Bir ttərəfdən manatın devalvasiyası, bir tərəfdən qiymətlərdə bahalaşma, bir tərəfdən də... sessiya imtahanları. İlk baxışdan bəkə də kimdəsə belə təəssürat yarana bilər ki, bu sıralamada imtahanların yer alması heç də məntiqə uyğun deyil. Həqiqətən də, məntiqlə imtahan məvhumunun (yalnız təhsil sahəsindəki imtahandan söhbət gedir) devalvasiyaya, yaxud da bahalaşmaya heç bir aidiyyatı olmamalıdır. Ancaq bir istisna ilə ki, kasıb tələbə büdcəsinə qənaət etmək məqsədilə yeməyini azaldar və bu səbəblə də zehni qabiliyyətləri aşağı düşər. Amma bu, yalnız sağlam məntiqlə belədir. Sağlam məntiqin nə olduğunu isə, Azərbaycanın bir çox ali təhsil müəssisələrində çoxdan unudublar. Həm də bu “unutqanlığın” müəllifləri olan bəzi universitet rəhbərləri, bu gün həmin sağlam məntiqi “pas” etmək və tələbələrin də düşüncə tərzindən tamamilə çıxarmaq üçün əllərindən gələni edirlər. Ən azından, bizimdovr.az-a daxil olan məlumatlarda belə bir vəziyyətin hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yaşandığı bildirilir. Bu xüsusda redaksiyamıza yeni daxil olan açıqlamalarda bildirilir ki, ADİU-da manatın devalvasiyası ilə əlaqədar olaraq, qış imtahan sessiyasına görə pul yığımları artıq xarici valyutada həyata keçirilir. Ödənişi mövcud məzənnə kursuna müvafiq, yerli manatla etmək istəyən tələbələrə isə elə qiymət deyilir ki, bu qiymətə heç “qara bazar”da da dollar satılmır. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da biz artıq qeyd etmişdik ki, son vaxtlar ADİU-nun fəaliyyəti müxtəlif qalmaqallar və korrupsiya hallarının baş verməsinə dair iddialarla tez-tez mətbuatın gündəminə gətirilir. Belə ki, 2014-cü ilin mart ayında Ədalət Muradovun bu ali təhsil müəssisəsinin yeni rektoru təyin olunmasından sonra, burada nəinki mövcud problemlər öz həllini tapmadı, əksinə onların bir qədər də dərinləşdiyi müşahidə olunmağa başladı. O cümlədən redaksiyamıza mütəmadi olaraq daxil olan məlumatlarda da Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq bu ali təhsil müəssisəsində yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. Bütün deyilənlərdən görünən budur ki, Ədalət Muradovun İqtisad Universitetinə rektor təyin olunmasından ötən müddət ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti və tələbələrin dərsə davamiyyəti, istərsə də korrupsiya halları ilə bağlı müraciətlər bu müddət ərzində nəzərə çarpacaq dərəcədə artıb. Universitetin daxilindən ötürülən məlumatlara görə, son bir il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşib. Hələ bir müddət əvvəl redaksiyamıza təqdim edilən açıqlamalarda bildirilirdi ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar. Bu gün isə, aldığımız məlumatlara görə, manatın devalvasiyası fonunda ADİU-nun rəhbərliyi də zamanın “nəbzini tutaraq”, sessiya imtahanlarının qiymətlərini “üzən” məzənnə ilə təyin etməyə başlayıb. Artıq xəbər verildiyi kimi, Azərbaycan Dövlət İqtisad Universitetində 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasına ötən ilin dekabr ayının 30-da start verilib. Redaksiyamıza açıqlama verən bəzi tələbələr bildirirlər ki, Təhsil Nazirliyi tərəfindən imtahanların şəffaf və obyektiv şəraitdə keçirilməsi üçün bütün tədbirlərin görüldüyünün bəyan edilməsinə baxmayaraq, universitetdə pul yığımları qətiyyən səngiməyib. Qeyd olunur ki, hazırda bir fənn imtahanına görə tələbələrdən tələb olunan pulun məbləği fakültələrdən asılı olaraq dəyişsə də, universitet üzrə “ortalama” qiymət təxminən 500 ABŞ dolları civarında müəyyənləşdirilib...

Məsələyə ADİU-nun rəhbərliyinin münasibətini də öyrənmək istərdik.

Geri dön