Ana Sayfa > Sosial / Manşet > Bərdədə fermerləri incidən məmur kimdir?
Bərdədə fermerləri incidən məmur kimdir?25-11-2015, 11:04. Yazar: admin |
Ölkəmizdə meliorasiya və su təsərrüfatına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin bu sahəyə diqqəti və yaxından köməkliyi sayəsində təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş bir çox layihələr başa çatdırılıb, layihələr uğurla davam etdirilib. Ölkə başçısının 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü Su Anbarında tikintinin gedişi ilə tanış olaraq tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün verdiyi tapşırıq, 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay çayı üzərində tikilmiş körpünün açılış mərasimində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması və tövsiyələrini verməsi, 2012-ci ilin mart ayının 13-də Masallı rayonunda su təchizatı, kanalizasiya sistemləri və çirkab sutəmizləyici qurğularının tikintisinin təməlqoyma mərasimində iştirak etməsi bu qayğı və diqqətin parlaq təzahürüdür. Görülən işlərlə müqayisədə bu sahədə bəzi problemlər də mövcuddur. Məsələn, Bərdə rayonunda əhali suvarma suyunun olmaması səbəbindən ciddi əziyyət çəkir. Məlumatlı mənbələrin bildirdiyinə görə, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov qurumun balansında olan texnikanı yerli, eləcə də qonşu rayonlardakı sahibkarlara, fermerlərə icarəyə verir və bunun nəticəsində rayonda böyük problemlər yaradır: "Əvvəla onu demək istəyirəm ki, Bərdənin əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, həmçinin onun üzərində olan elektrik nasos stansiyaları, 2 su anbarı, Tərtər kanalı və subartezian quyularıdır. İdarə ümumilikdə 53949 hektar sahəyə xidmət edir. Rayondakı suvarma kompleksi, kanal və drenaj şəbəkələri, nəhəng qurğuların əsas hissəsi bərbad vəziyyətdədir. Hidrotexniki qurğuların və beton kanalların cari və əsaslı təmiri aşağı səviyyədə aparılır. Sərdar müəllim təmir-bərpa, yenidənqurma tədbirləri adı altında büdcə vəsaitlərini göyə sovurur. İdarə rəhbərliyi su istifadəçiləri arasında imkanına, cəmiyyətdəki mövqeyinə, qohumluq əlaqələrinə görə ayrı-seçkilik salır ki, bu da öz növbəsində haqlı narazılıqların yaranmasına səbəb olur". Mənbəmizin bildirdiyinə görə, Bərdənin kəndlərində fəaliyyət göstərən drenlərin təmizlənməsi, yenidən istifadəyə verilməsi məqsədilə dövlət büdcəsindən hər il külli miqdarda vəsait ayrılır: "Həmin vəsaitlər təyinatı üzrə xərclənmir. Melioratorlar tərəfindən mütəmadi olaraq bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. İdarənin işçiləri əvvəllər olduğu kimi, yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşınalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bərdə rayon Suvarma Sistemləri İdarəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin məqsədəuyğun istifadə olunmaması hallarına geniş yer verilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Bütün bunlar Bərdənin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərini, yerli fermerləri narahat edir. Təsərrüfatların vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməməsi məhsuldarlığa mənfi təsir göstərir, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təmini məqsədinə nail olmaq işini ləngidir. Bundan başqa, idarənin hesabat sənədlərində, "forma-2" aktlarında kanalların, hidroqurğuların təmizlənməsi, təmiri, idarəyə texniki avadanlıqların alınması zamanı da ciddi nöqsanlara yol verilir. Sərf olunan məbləğin kağız üzərində şişirdilməsi nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan vurulur". İddialara görə, Sərdar Əhmədov bütün bu işləri Bərdənin icra başçısı Vidadi İsayevə arxayın olaraq həyata keçirir. Bu haqda gələn saylarımızda araşdırma yazısı dərc edəcəyik. İnanmaq istərdik ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi idarə rəisinin fəaliyyətini araşdırıb zəruri tədbirlər görəcəklər. Qarşı tərəfi də dinləyə bilərik. Geri dön |