Lerikin idarəçiliyi kimin əlindədir: Rövşən Bağırovun, yoxsa Cəlil Baxşıyevin?
Tarix: 20-04-2015, 11:40 | Çap et
Lerikin idarəçiliyi kimin əlindədir: Rövşən Bağırovun, yoxsa Cəlil Baxşıyevin?
Bir neçə gün öncə Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyevin qardaşı Zəfər Baxşıyevin ağır qəza keçirməsi barədə məlumat yayıldı. Xəbərə görə, hadisə rayonun Zuvand ərazisində baş verib. Z.Baxşıyev qəza keçirən zaman əmisi oğlu ilə birlikdə olub, hər iki şəxs ağır xəsarət alıb. Məlumatda həmçinin bildirilib ki, qəzaya düşən hər iki şəxs sərxoş olub.

Qeyd edək ki, Zəfər Baxşıyev bələdiyyə sədri vəzifəsində çalışır. Məhz buna görə də qəza ilə bağlı xəbər gizlədilib. Bu xəbərin yayılması adı bir müddət əvvəl qalmaqallı olaylarda çəkilən icra başçısının birinci müavininin yenidən gündəmə gəlməsinə səbəb olub. Xatırladaq ki, Lerikin ikinci şəxsi hesab edilən məmurun adı bundan əvvəl də xoşagəlməz hadisədə çəkilib. Belə ki, mətbuatda yayılan məlumata görə, ötən günlərdə qəbul keçirən icra başçısının birinci müavini ona müraciət edən rayon sakinini acılayaraq otağından qovub: "Anası rus olan həmin qadın müavindən imkansızlıqdan əziyyət çəkdiyini, problemlərinin həllinə yardımçı olmasını istəyib. Lakin müavin cavabında qalmaqala səbəb olan açıqlama verib: "Sənin anan rusdur. Get köməyi Putindən istə. Onun bu sözündən sonra qalmaqal baş verib. Rus əsilli Lerik sakini mili mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını dilə gətirib. O, bununla bağlı yuxarılara müraciət edəcəyini bildirib. Məsələdən xəbər tutan icra başçısı Rövşən Bağırov isə baş verənlərə müdaxilə edərək ortalığı sakitləşdirməyə çalışıb, amma cəhdlər alınmayıb". Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Cəlil Baxşıyev Lerikə nəzarəti tamamilə öz üzərinə götürüb. Etibarlı mənbənin dediyinə inansaq, hətta icra başçısı Rövşən Bağırov belə müavini ilə bacara bilmir: "Demək olar ki, rayonda bütün səlahiyyətlər bu şəxsin əlində cəmlənib. O rayonda elə bir dözülməz şərait yaradıb ki, Lerik rayonunda istənilən an xoşagəlməz hadisələr qeydə alına bilər. Zuvand kəndinin sakinləri bir müddət əvvəl Prezident Administrasiyasına şikayət məktubu ünvanlayaraq, məmurun qanunsuz əməllərinə son verilməsini xahiş ediblər. Buna baxmayaraq, adıçəkilən məmur özbaşına əməllərini davam etdirməkdədir. Sakinlərin şikayət etmələrinin səbəbi isə onun Zuvanddakı torpaqları ələ keçirməyə cəhd göstərməsidir. Belə ki, gözəl təbiətə malik olan Zuvand torpaqları müavinin əsas gəlir mənbəyinə çevrilib və bu da yerli əhali ilə münaqişənin yaranmasına səbəb olur. Rayonun idarə edilməsi daha çox Cəlil Baxşıyevin əlindədir. İcra nümayəndəliklərinin rəhbərləri birbaşa ona hesabat verirlər". Bizə çatan informasiyaya görə, məmur Lerikdə milyonluq obyektlərə sahibdir: "O, Lerik-Lənkəran yolunun üstündə restoran və istirahət kompleksi tikdirib. İcra başçısının müavininin obyektləri bununla bitmir. Onun Lerikin Zuvand ərazisində tikdirdiyi "9 qardaş" istirahət mərkəzi möhtəşəmliyi ilə seçilir. Belə ki, "9 qardaş" istirahət mərkəzinə bir neçə milyon manat vəsait sərf olunub və hazırda "9 qardaş" Zuvand ərazisində ən dəbdəbəli, eyni zamanda bahalı istirahət mərkəzi hesab olunur. Burda istirahət edənlərin hamısı varlı məmurlar və onların övladlarıdır. Lerikin mərkəzində bir neçə iri obyektə sahib olan məmurun həmçinin paytaxt Bakıda da marketlər şəbəkəsi və ticarət obyektləri var. Rayonun ən varlı şəxslərindən hesab olunan Baxşıyev bütün sərvətini, sərmayəsini dövlət büdcəsinə yaratdığı problemlərin hesabına yığıb". İndi isə qayıdaq Cəlil Baxşıyevin bələdiyyə sədri işləyən qardaşı Zəfər Baxşıyevin törətdiyi yol qəzasına. Söz yox ki, baş vermiş hadisənin üstü gizlədilib. Amma hər bir halda içkili vəziyyətdə qəza törətdiyi bildirilən bələdiyyə sədri məsuliyyətə cəlb edilməlidir. Necə olur ki, Zərdab Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Allahvedi Səfərov oğlu Ceyhun Səfərovun içkili halda maşın sürməsinə görə işdən çıxarılır, lakin bələdiyyə sədri işində qalır? Fikrimizcə, məsələyə aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri səviyyəsində münasibət bildirilməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
09-08-2022 12:22
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net