Ana Sayfa > Siyasət / Manşet > Respublika Narkoloji Mərkəzində "preyskurant"söhbəti

Respublika Narkoloji Mərkəzində "preyskurant"söhbəti


7-04-2015, 11:43. Yazar: admin
Respublika Narkoloji Mərkəzində "preyskurant"söhbəti
Dünya ictimaiyyətinin narahatlıqla diqqətdə saxladığı aktual problemlərdən biri də beynəlxalq terrorçuluğun və mütəşəkkil cinayətkarlığın əsas maliyyələşmə mənbələrindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın yayılmasıdır. Xalqların genofonduna, eləcə də ölkələrin kriminogen durumuna ciddi mənfi təsir göstərən bu problem Azərbaycandan da yan keçməyib.

Ölkədə narkotik vasitələrin istifadəçiləri ildən-ilə artır. Bu isə eyni zamanda ümumi gələcəyimiz üçün artan təhlükədir. Bu baxımdan respublikamızın ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına nəzarəti həyata keçirən Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin üzərinə ciddi məsuliyyət düşür. Səhiyyə Nazirliyinin 14 iyun 2011-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərən Narkoloji Mərkəz həm də əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsi hesab olunur. Cinayət işi aparıldıqda, məsuliyyətə cəlb olunan şəxsin sistematik olaraq spirtli içki və narkotik maddələr qəbul etməsi halda məlumat alınırsa və bu şəxs xroniki alkoqolizm və ya narkomaniyadan əzab çəkməsi haq da şübhələnməyə əsas varsa, məhkəmə narkoloji ekspertiza təyin olunur. Məhkəmə-narkoloji ekspertizanın aparılması da Respublika Narkoloji Mərkəzində yaradılan xüsusi tibbi komissiyaya tapşırılıb. Bu sahələrdə bütün növ tibbi müayinələr Mərkəzin müvafiq məntəqəslərində həyata keçirilir. Təəssüf ki, Narkoloji Mərkəzin fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar zaman-zaman özünü biruzə verir. İxtisaslaşmış ambulator və stasionar tibbi xidmətin keyfiyyətində də problemlər az deyil. Mərkəzdə dərman vasitələrinin xəstələrə pulla satılması və qeyri-rəsmi pullu müalicə üstünlük təşkil edir. Qeyd edək ki, xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir. Qaydalara görə, 18 yaşından yuxarı olan hər bir narkoloji xəstə müalicə olub-olunmamaq qərarını özü verməlidir.Lakin yaşı 18-dən aşağı olan xəstələrin məcburi müalicəyə cəlb edilməməsi halları hansısa naməlum səbəblər üzündən getdikcə artır. Digər tərəfdən, belə gənclərin müalicəsində çox zaman ikili standartlara yol verilir. Mərkəzdəki anonim kabinetlərdən bəziləri məxsusi olaraq məmur övladları üçün qeyri-rəsmi xidmət göstərir. Bizə çatan məlumata görə, yüksək vəzifəli məmurların yetkinlik yaşına çatmayan övladları və yaxınlarının narkotik vasitələr qəbul etdiyi təsdiqlənsə də çox zaman onların Respublika Narkoloji Mərkəzində heç bir qeydiyyatı aparılmır. Buna görə müəyyən məbləğdə rüşvət verildiyi bildirilir, göstərilir ki, məmur balaları üçün anonimliyin qorunması heç bir qeydiyyat aparılmadan xüsusi preyskurant əsasında həyata keçirilir. Bu zaman qiymətlər vəzifəli şəxsin nüfuzu və cəmiyyətdəki mövqeyinə uyğun şəkildə dəyişir. Məmur övladlarının ara-sıra narkotik və alkoqol asılılığı barədə məlumatları telekanallardan tez-tez görüb-eşidirik. Belə azğınlar sərxoş vəziyyətdə hadisələr törədərək hadisə yerindən qaçır və sonda məsuliyyətdən asanlıqla yaxasını qurtara bilir. Bu cür hadisələrin son zamanlar artması və əksər hallarda yer alan cəzasızlıq mühiti Respublika Narkoloji Mərkəzi rəhbərliyinin yarıtmaz fəaliyyətinin göstəricilərindən biri deyilmi? Mərkəzə məhkəmə tərəfindən məcburi müalicəyə göndərilmiş şəxslərin arasında bəzi məmur övladlarının adlarının da yer aldığı barədə məlumatlar da az deyil. Nazirlər Kabinetinin təsdiq etdiyi "İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicənin Şərtləri və Qaydaları"n tələblərinə görə məcburi müalicəyə gətirilən xəstəyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun stasionar xəstənin tibbi kartası açılır və müvafiq qaydada doldurulur. Sənədin tələblərinə görə, narkotik asılılıq əleyhinə xüsusi müalicə, yanaşı xəstəliklərin müalicəsi və ümumi möhkəmləndirici müalicə, psixoterapevtik psixoloji və pedaqoji (tərbiyəvi) təsirlər və sosial nəzarət (saxlanma rejimi) məcburi müalicənin komponentləridir. Təəssüf ki, məcburi müalicə prosesində çox zaman qanunun tələblərinə riayət olunmadan məmur övladlarının adları narkotik istifadəçiləri siyahısından silinir. Mərkəzin direktoru Telman Məmmədhəsənovun yüksək vəzifəli məmurların narkomaniya bəlasından əziyyət çəkən övladlarına uzunmüddətli anonim ambulator xidmətinin əksər hallarda heç bir effekt verməməsi bu gün ortaya ciddi suallar qoyur. Cinayət hadisələrinin və digər inzibati hüquqpozmaların, o cümlədən, sərxoş vəziyyətdə avtoşluq və xuliqanlıq hallarının eyni şəxslər tərəfindən təkrarlanması əlbəttə, geniş ictimaiyyəti narahat edir. Görəsən, Respublika Narkoloji Mərkəzinin direktoru bu narahatlığı heç olmasa bölüşürmü? Düşünürük ki, Narkoloji Mərkəzdə tibbi müayinə və müalicə proseslərinin hansısa məmurun imkan və nüfuzuna təslim etdirilməsi halları ciddi surətdə araşdırılmalı və müvafiq təxirəsalınmaz tədbirlər görülməlidir.

Geri dön