Ana Sayfa > Siyasət / Manşet > Orta məktəblər islahat üçün naziri gözləyir...
Orta məktəblər islahat üçün naziri gözləyir...27-10-2015, 11:15. Yazar: admin |
Redaksiyamıza daxil olan məlumatlardan belə bir qənaətə gəlmək olur ki, bu gün ölkənin təhsil sistemində həyata keçirilən kadr islahatları bir çox hallarda yalnız formal xarakter daşıyır. Əgər hər hansı struktur bölmənin və ya təhsil müəssisəsinin rəhbərliyi dəyişdirilirsə, böyük ehtimalla həmin qurumun fəaliyyəti yuxarı instansiya tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Deməli, həyata keçirilən kadr dəyişikliyi də həmin müəssisənin işində müşahidə olunan qüsur və nöqsanların aradan qaldırılması məqsədini güdür. Bəs əgər bu dəyişiklikdən sonra da neqativ hallar aradan qaldırılmırsa, və yaxud da daha pis halda, əvvəllər müşahidə edilən problemlər bir qədər də dərinləşirsə, o zaman keçirilmiş kadr islahatının hansı əhəmiyyətindən danışmaq olar? Yeni aldığımız açıqlamalarda paytaxtın Sabunçu rayonu Zabrat 1 qəsəbəsində yerləşən 81 nömrəli orta məktəbdə də bu yaxınlarda belə bir uğursuz təcrübənin həyata keçirildiyi bildirilir. Mənbənin verdiyi açıqlamaya görə, bu təhsil müəssisəsinin fəaliyyətində həqiqətən də müəyyən nöqsanlar mövcud olub. Məhz elə bu səbəbdən də, təxminən iki ay bundan öncə məktəbə Mehriban Əlizadənin direktor təyin olunmasından sonra, həm pedaqoji kollektiv, həm də valideynlər mövcud problemləri yaxın vaxtlarda aradan qaldırılacağına ümidlənmişdilər. Lakin, hətta aradan keçən bu qısa müddət ərzində belə yeni direktorun özü üçün müəyyənləşdirdiyi hədəflər artıq məlum oldu. Və təəssüflər olsun ki, bu hədəflər ictimaiyyətin gözləntiləri ilə qətiyyən üst-üstə düşmür. Bu xüsusda mənbələr bildirirlər ki, yeni tədris ili başlayandan məktəbin rus bölməsində riyaziyyat fənni tədris olunmur. Direktor isə, bu barədə ona müraciət edən valideynlərə məktəblərində müvafiq fənn müəlliminin olmadığını bildirir. Lakin mənbənin iddiasına görə, Mehriban Əlizadə məktəbə işə düzəlmək arzusunda olan namizədlərə qarşı müəyyən qeyri-qanuni tələblər irəli sürdüyündən, bu məsələ öz həllini tapmır. Bu məqamla bağlı aldığımız açıqlamada deyilir: “Mehriban Əlizadə cəmi iki aydır vəzifəsinə təyin olunmasına baxmayaraq, məktəbdə yaranan problemlərə reaksiya vermir. Həmçinin yeni direktor öz çıxarları əsasında kadr dəyişiklikləri edir. Məsələn, məktəbin təsərrüfat üzrə direktor müavini Ramil müəllimə, təşkilatçı müavin Xuraman müəlliməyə təzyiq göstərərək, onları “öz ərizələri əsasında” işdən çıxarmışdır. Hal-hazırda həmin yerlər boşdur və Mehriban Əlizadə boş qalan iş yerlərinə müəyyən məbləğ müqabilində yeni kadrlar təyin tmək niyyətindədir...” Daha sonra aldığımız açıqlamada yeni direktor tərəfindən məktəbdə ödənişli əlavə məşğələlərin keçirilməsi üçün şərait yaradıldığı qeyd olunur. Vurğulanır ki, müəyyən məbləğ müqabilində Mehriban Əlizadə müəllimlərin məktəbdə repititorluq fəaliyyətlərinə göz yumur: “Bu gün 81 saylı məktəbdə demək olar ki, normal şəkildə dərslər keçilmir. Çünki müəllimlər şagirdlərlərlə dərs saatlarında deyil, məhz ödənişli hazırlıq kurslarında məşğul olmaqda maraqlıdırlar. Bu isə, məktəbin direktorunu da qane edir. Mehriban Əlizadə müəllimlər üçün bu məşğələləri keçirməyə şərait yaradır. Bunun müqabilində isə, hər müəllimdən ayda 50 manat pul alır...” Göründüyü kimi vəzifəyə yeni təyin olunmaş direktora hətta yerli mühitə uyğunlaşmaq üçün zaman da tələb olunmamışdır. Əksinə, rəhbərlik etdiyi məktəbdə dərhal öz qayda-qanunlarını tətbiq etməyə başlayan Mehriban xanım, hətta ona “uyğunlaşa bilməyən” kadrları da müəssisədən uzaqlaşdırmağa müyəssər olmuşdur... Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik. Geri dön |