Ana Sayfa > Siyasət / Manşet > Prezidentdən son xəbərdarlıq: İmişli şefi dərs alacaqmı?

Prezidentdən son xəbərdarlıq: İmişli şefi dərs alacaqmı?


13-10-2015, 10:01. Yazar: admin
Prezidentdən son xəbərdarlıq: İmişli şefi dərs alacaqmı?
Prezident İlham Əliyev ötən gün - oktyabrın 12-də keçirdiyi müşavirədə məmurlara barmaq silkələdi. Ölkə başçısı sahibkarlara divan tutan vəzifəlilərə sərt xəbərdarlıq etdi.

TİA.AZ-a verilən xəbərə görə, bu tənqidlər İmişli rayon rəhbərliyinə də şamil olunub. Əyalətlərdə iş adamlarını incidən icra hakimləri siyahısında bu regionun rəhbəri xüsusi statusa malikdir. Vilyam Hacıyev İmişliyə icra başçısı təyinat aldığı vaxtdan etibarən sahibkarlara qənim kəsilib.
Onları sıxışdırmaq, təzyiq göstərmək, susdurmaq, müxtəlif hədə-qorxu yolları, həbslə təhdid edərək qeyri-rəsmi rüsum yığmağa nail olan V.Hacıyev son illərdə varidatını artırıb.

Mənbə qeyd edir ki, prezidentin son müşavirədə səsləndirdiyi tənqidlərin bir hissəsi də İmişliyə çatır. Çünki ölkə başçısına bu rayondan saysız-hesabsız şikayətlər daxil olmaqdadır.
Sahibkarların kütləvi şikayəti icra başçısının onlara qan uddurması, xərac toplaması, müxtəlif əraziləri onların vəsaiti hesabına abadlaşdırması, parkların tikilməsində iş adamlarının pulundan istifadə etməsi, rayona gələn qonaqları belə ticarətçilərə ödətməsi ilə müşayiət edilir.

Bu da prezidentə müraciətlərdə öz əksini tapıb və ciddi narazılıq ifadə edilib. Qaynağımız vurğulayır ki, V.Hacıyev istefa növbəti çatan rəhbərlərdən biri kimi təqdim olunur.
İctimai rəydə mənfi reputasiyaya, imicə malik olan icra başçısı bu günə kimi qalmaqallarla ad çıxarıb. Hətta onun keçmiş futbolçu Maşallah Əhmədovla işbirliyində yola verdiyi qanunsuzluqlar bir icra başçısının hansı fəaliyyətlə məşğul olduğunu ifşa etdi.

Bildirilir ki, prezidentin tapşırığından sonra icra başçılarına nəzarət gücləndiriləcək və onların sahibkarlar üzərində total basqıları təftiş olunacaq.
Ölkə başçısının göstərişi əsasında sahibkarları ən çox incidən, dövlət rəhbərinə hansı bölgə rəhbərindən daha çox iş adamının şikayət etməsi dosye halında hazırlanacaq. Bu materiallar əsasında gərginlik yaranan rayonlarda rəhbərlər yola salına bilər. Mənbə İmişlinin də siyahıda olduğunu istisna etmir. Onu da deyək ki, icra başçısının sahibkarlara 3 milyondan artıq borcu var.

Vilyam Hacıyev rayonda heç bir abadlıq işi aparmayıb. Əvəzində müəyyən kosmetik işlər görülüb. Amma bunu da yerli sahibkarların vasitəsi ilə ediblər. Vilyam Hacıyev iş gördürdüyü sahibkarlara və idarə rəhbərlərinə sözün əsl mənasında "nömrə" gəlib. Onlara gördükləri işin qarşılığında ödəniş ediləcəyi bildirilsə də, bəzi iş adamları illərdir pulunu ala bilmir.
Üstəlik, İmişlinin kəndlərində böyük torpaq sahələrini qeyri-qanuni yollarla yaxın adamlarının adına özəlləşdirən icra başçısı rayonda demək olar ki, bütün gəlir sahələrini öz nəzarətinə keçirib. Onun icazəsi olmadan İmişlidə heç kimi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Məşğul olanlar isə hər ay onlara külli miqdarda "haqq" verməyə məcbur edilir.
Vilyam Hacıyevin özü ilə yanaşı, oğlu Məhəmməd Hacıyevin də əməlləri imişlililəri bezdirib. Polis Akademiyasından uzaqlaşdırılan bu şəxs rayon sakinlərinə sözün əsl mənasında qan uddurur. İddiaya görə, "Bentley", "Land Rover" və "Mercedes S class" kimi avtomobillərə sahib olan bu şəxsin adına Bakıda 25 milyon manat dəyəri olan villa var. İstədiyi şəxsi həbs etdirmək gücündə olan icra başçısının oğlu ilə bağlı atasına dəfələrlə şikayət edilib.

Geri dön