Ana Sayfa > Siyasət / Manşet > İsmayıllı meşələri kömürə necə çevrilir...
İsmayıllı meşələri kömürə necə çevrilir...21-09-2015, 10:05. Yazar: admin |
Redaksiyamıza yeni daxil olan məlumatlarda İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovun fəaliyyətində yer almış ciddi nöqsanlar barədə açıqlamalar təqdim olunur. Məlumat üçün bildirək ki, İsmayıllıda meşəçilik təsərrüfatı hələ 1929-cu ildən fəaliyyətə başlamışdır. O zaman Qutqaşın indiki Qəbələ rayonunun tərkibində olmuşdur. Həmin ildən İsmayıllı, Şamaxı və Ağsu rayonlarının meşə massivlərinin bazası əsasında İsmayıllı Meşə İstehsalat Təsərrüfatı adı ilə fəaliyyət göstərmişdir. 1956-cı ildə Şamaxı və Ağsu rayonları ayrılmışdır. İsmayıllı Meşə Təsərrüfatı rayonun inzibati ərazisində olan meşə sahələrinin bir hissəsini əhatə edir. İndi rayonun ümumi meşə sahəsi 72776 hektardır. İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sahəsi 35557 hektardır. Bunun 32773 hektarı meşə ilə örtülüdür. Meşə əkinlərinin sahəsi 178 hektardır. Meşələr rayon ərazisində dəniz səviyyəsindən 1600-1700 metr hündürlüyə qədər yayılmışdır. Müəssisənin əhatə etdiyi meşələrin hamısı birinci qrupa aiddir və yüksək suqoruyucu, torpaqqoruyucu və rekrasiyon meşələrə malikdir. Meşələrin cins tərkibi palıd, fıstıq, vələs və sairdən ibarətdir. Ən çox yayılanı vələs və fıstıqdır. Onu da qeyd edək ki, İsmayıllı meşələrindəki ağacların əksəriyyəti “Qırmızı kitab”a düşənlərdir. Şabalıdyarpaq palıd, Qafqaz cökəsi, qızılağac, yunan qozu, şabalıd və sair ağaclar dövlət tərəfindən qorunur. Lakin aldığımız məlumatlara əsasən belə acınacaqlı qənaətə gəlmək olur ki, yaxın gələcəkdə biz bu ağacların əksəriyyətinə təbiətdə deyil, məhz elə “Qırmızı kitab”ın səhifələrində radt gələ biləcəyik. Redaksiyamıza daxil olan məlumatlarda İsmayıllı meşələrinin sistematik olaraq qırılması barədə həyəcan siqnalları öz əksini tapmışdır. Təqdim olunan materiallarda bildirilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti məhz İlqar Qəribov daşıyır. Göstərilir ki, bu məmurun fəaliyyəti nəticəsində rayon meşələri indi də ağac emalı müəssisələri üçün xammal bazasına çevrilmişdir. Belə ki, iddialara görə İsmayıllı meşələrində bitən bir çox qiymətli ağaclar mütəmadi olaraq kəsilərək mebel materialı kimi müvafiq müəssisələrə göndərilir. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Kəsilən meşə zolaqlarının yerində tikilən obyektlərin sahibləri isə bu “əməkdaşlığın” müqabilində İlqar müəllimə külli miqdarda pul ödəyirlər. Aldığımız digər bir məlumatda isə İlqar Qəribovun son vaxtlar xüsusi maraq göstərdiyi odun və kömür biznesindən bəhs olunur. Bildirilir ki, hələ qış fəslinin başlamasına xeyli müddət qalsa da İsmayıllıda odun və kömür tədarükü artıq indidən böyük vüsət alıb. Məlumdur ki, məhz “İsmayıllı kömürü” bu gün ölkə ərazisində, o cümlədən Bakıda fəaliyyət göstərən bütün kababxanalar tərəfindən ən yüksək qiymətləndirilən kömürdür. Həmçinin rayonun mavi yanacaq verilməyən bəzi kəndlərində də əhali odun və kömürdən istifadə edir. Bu iş, yəni odun və kömür biznesi isə birbaşa İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovun əlində cəmləşib. Bu məqsədlərlə yüzlərlə ağac göz görə-görə kəsilir və odun şəklində kənd camaatına satılır. Sadə texnologiya ilə hazırlanan kömür isə həm qonşu rayonlarının, həm də paytaxtın kababxanalarına göndərilir. Bu xüsusda aldığımız məlumatda vurğulanır ki, xüsusilə rayonun Gəndov, Qaraqaya, İstisu, Sumağallı, Çayqovuşan və Qalacığ kənd ərazilərində meşə sahələri bu gün İlqar Qəribovun kömür biznesindən daha çox ziyan görmüş durumdadır. Həmçinin daxil olan məlumatlarda İsmayıllı meşələrinin talan olunması ilə bağlı, hətta Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin bir çox əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi şikayət olunduğu da bildirilir... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri dön |