Ana Sayfa > Siyasət / Manşet > "Tuna" Printing & Publishing & Packaging kimindir?

"Tuna" Printing & Publishing & Packaging kimindir?


3-09-2015, 10:19. Yazar: admin
"Tuna" Printing & Publishing & Packaging kimindir?
Azərbaycanda əmək münasibətlərində işçilərlə sahibkarlar arasında tez-tez baş verən ziddiyyətlər tənzimlənməmiş qalmaqdadır. Bu, xüsusilə özəl şirkətlərdə əmək müqavilələrinin bağlanmaması, əmək kitabçalarının yazılmaması, ikili mühasibatlıq, işçilərin istirahət hüququnun təmin olunmaması formasında özünü göstərir.

Paytaxt sakini Məlahət İbişovanın müraciəti deyilənləri bir daha təsdiqləyib. Onun bir necə il çalışdığı "Tuna" Printing & Publishing & Packaging şirkəti əməkdaşını aldadaraq, ona saxta əmək müqaviləsi təqdim edib.
Belə ki, M.İbişova 2011-ci il iyulun 1-dən müddətsiz əmək müqaviləsi ilə "Tuna" şirkətində rasplasat sexinə kəsməçi vəzifəsinə işə qəbul edilib. Həmin sənəd şirkətin direktoru Rəşid Çuluqovun imzası və möhürlə təsdiqlənib. Müqavilədə göstərildiyi kimi, 250 manat maaş alıb.
2013-cü il aprelin 1-də isə M.İbişova yeni vəzifəyə təyin edilib və onunla bağlanan yeni əmək müqaviləsinə əsasən, poliplas sexində köməkçi vəzifəsi həvalə edilib. 2014-cü ilin aprel ayında o, işdən azad edilib. Lakin əmək kitabçasında onun ancaq son 1 ildə çalışdığı əmək stajı qeyd edilib. M.İbişova məsələ ilə bağlı müəssisə rəhbərliyinə şikayət etdikdə isə R. Çuqulovun 3 il onu aldatdığını öyrənib. Ona 2011-ci ildə imzalanmış əmək müqaviləsinin "Tuna" şirkətinə aid olmadığı və müqavilədəki imza və möhürün saxta olduğunu bildiriblər: "Mənim əmək kitabçamı yazmadılar. Sosial karta ödənməli olan məbləği də ödəməyiblər. İşlədiyim illər, demək olar ki, havayı gedib. Bütün dövlət orqanlarına da müraciət etmişəm, 1 il yarımdır məhkəmələrə gedib gəlirəm. Hələ də bir nəticə yoxdur. Bu yaxınlarda tələblərimin qarşılığında 500 manat pul verdilər ki, mübahisəyə son qoyum. Mən də razılaşmadım və pulu geri qaytardım".
Qeyd edək ki, zərərçəkən M.İbişova hüquqlarının bərpası üçün Baş Prokurorluğa da müraciət edilib. Hazırda iş Nizami Rayon Prokurorluğunda araşdırılır.
Təcrübədən də bəllidir ki, vətəndaşların əmək hüquqlarının pozulması, qeyri-formal əmək bazarına cəlb edilməsi halları geniş yayılıb. Belə təcrübə daha çox özəl sektorda, xüsusilə, tikinti, təmir, nəqliyyat, ayrı-ayrı xidmətlər sahəsində tez-tez rast gəlinir. Əmək müqavilələrinin olmaması sahibkarı vergi, sosial müdafiə və digər ödənişlərdən azad etdiyi üçün onlar bundan maksimum yararlanmağa çalışırlar. İşçilər isə çətinliklə tapdıqları işi itirməmək üçün öz hüquqlarını tələb edə bilmirlər. Bəzən isə saxta sənədlərlə aldadılırlar.
Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, hazırda 4 milyon yarım insan məşğuldur. Onlardan yalnız 1 milyon yarımından bir qədər artıq vətəndaşın insanın əmək müqaviləsi mövcuddur. Bir hissəsi isə mülki hüquqi müqavilə ilə işləyir. Qalanları qeyri-formal əmək bazarındadır. Başqa sözlə, işləyən vətəndaşların yarısının əmək müqaviləsi yoxdur. 9 milyonluq əhalisi olan Azərbaycan üçün bu, kifayət qədər böyük rəqəmdir.
Saxta əmək müqaviləsinin olması və ya işçilərin müqaviləsiz işlədilməsinin kütləvi hal aldığını deyən Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov problemin hüquqi həlli yollarını göstərib: "Bu, tipik bir haldır. Əmək müqaviləsini bağlamaq işçinin hüququdur, işə götürənin isə həm hüququdur, həm də vəzifəsi. Müqavilə bağlanmayıbsa, vətəndaş Dövlət Əmək Müfəttişliyinə şikayət etməlidir. Yazılı qaydada müraciət edərək orada işləməsini, əmək haqqı almasını sübut edən sənədləri təqdim etməlidir. Onun faktiki hüquq münasibətləri olub. Ona görə də Əmək Müfəttişliyi həmin şirkəti böyük miqdarda cərimə etməlidir. Eyni zamanda işçinin ödəməli olduğu vergilər bərpa edilməli, sığortalanmalıdır. Bundan sonra əmək müqaviləsi bərpa oluna bilər. Qanunvericiliyə əsasən, əmək müqaviləsinin bağlanmaması aşkarlandıqda hüquqi şəxslər 25 min manat, vəzifəli şəxslər isə 3 min manat cərimə edilməlidir".
S.Məmmədov qanun pozuntusunun qarşısının alınması yollarına da toxunub: "Vətəndaşların əmək hüquqlarını pozan xarici və yerli şirkətlərin əksəriyyətinin arxasında böyük qüvvələr dayanır. Ona görə də əmək müfəttişləri onlara yaxın düşə bilmirlər. Bu səbəbdən də problemin qarşısının alınması mümkün deyil. Dövlət Əmək Müfəttişliyi Xidmət, Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində belə sahibkarlarla mübarizə aparmağa çalışırlar. Amma qeyri-formal əmək bazarının miqyası o qədər böyükdür ki, onun qarşısını almaq çox çətindir. Müqaviləsiz işəgötürənlərin bir qismi nüfuzlu sahələrdədir. Ona görə də bunlara təsir etmək imkanı o qədər də çox deyil".
Yei gəlmişkən, M.İbişovanın hüquqlarını pozan "Tuna" Printing & Publishing & Packaging" şirkəti hazırda kağız, qablaşdırma və plastik istehsalı ilə məşğul olur.Şirkətin arxasında isə bir nəfər nüfuzlu YAP-çı deputatın durduğu deyilir.
Həmin deputatın adı hələlik açıqlanmayıb. Amma ehtimal olar ki, sözügedən şirkətlə bağlı şikayətin ictimailəşməsi onun hansı millət vəkili tərəfindən himayə olunduğu barədə KİV-in dəqiqləşdirmələrinə rəvac verəcək və haqqında danışılan deputatın kimliyi ortaya çıxacaq.

Geri dön