Ana Sayfa > Siyasət / Manşet > Tovuzun dizini yerə qoyan icra başçısı...

Tovuzun dizini yerə qoyan icra başçısı...


1-04-2015, 09:29. Yazar: admin
Tovuzun dizini yerə qoyan icra başçısı...
Ölkənin şimal-qərbində yerləşən Tovuz rayonunda məmur özbaşınalıqları, vətəndaşları narahat edən problemlər və digər neqativ məsələlər səngimək bilmir. Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tofiq Zeynalovun fəaliyyəti yerli sakinlər tərəfindən dəfələrlə tənqid edilsə də, başçı fəaliyyətində dönüş yaratmaq istəmir. 2007-ci ilin fevral ayından etibarən, yəni 8 ildir Tovuza rəhbərlik edən Tofiq müəllim əfsus ki, əhalinin üzləşdiyi problemlərə lazımi səviyyədə münasibət göstərmir. Baxmayaraq ki, o əslən tovuzludur, ancaq yerli camaatın halına biganə qalır. Elə buna görədir ki, rayonda ayrı-ayrı sahələrdə ciddi problemlər mövcuddur. Bizdə olan məlumatlara görə, hazırda rayonda aqrar sektor tamamilə bərbad vəziyyətdədir. Sakinlər deyir ki, sovet dövrünün ən yaxşı üzümçülük rayonlarından olan Tovuzda bu gün üzümçülük sahəsi dağılıb:

"Son vaxtlar müəyyən yeni üzümlüklərin salınması müşahidə olunur, amma bunu yetərli saymaq mümkün deyil. Zahiri dəyişiklər də baş verib. Amma faktiki olaraq rayonda ciddi bir dəyişiklik əlaməti görülmür. Təhsil sahəsində ölkədə olan problemlər Tovuzda da mövcuddur. Rayonda təhsilin səviyyəsini yüksək qiymətləndirmək mümkün deyil. Bəzi kəndlərdə ali məktəblərə qəbul olanların sayı barmaqla sayılası qədərdir. Səhiyyə sistemində özəl fəaliyyət göstərən həkimləri çıxmaq şərtilə normal bir xidmət görmək mümkün deyil". Narazı sakinlərin bildirdiyinə görə, sosial məsələlərlə bağlı rayonun müəyyən strukturlarında çalışan dövlət məmurlarının nöqsanları kifayət qədərdir: "Yerli idarə və müəssisələrin rəhbər şəxsləri vətəndaşların şikayətini vaxtında araşdırmır, onlara köməklik göstərmirlər. Ümumiyyətlə, əksər idarə müdirlərinin qəbuluna düşmək müşkül məsələdir. Bəzi yerli məmurlar yalan vədlərlə insanları aldadırlar. Tovuzda kommunal xidmət sahələri ilə bağlı çox böyük problemlər yaşanmaqdadır. Belə ki, dağ kəndlərinin əksəriyyətində qaz yoxdur, işıq və su isə fasilələrlə verilir. İbrahim Hacılı, Bayramlı, Çapaq, Kirən, İsəkənd, Qarabağlılar, Ağdərə kimi kəndlərdə gün ərzində cəmi 2-3 saat işıq olur. Mavi yanacaq da yox dərəcəsindədir. Axşam düşən kimi bu kəndlər qaranlığa qərq olur. Düşmənlə üzbəüz mövqelərdə yerləşən kəndlərdə vəziyyət daha acınacaqlıdır. İcra başçısı Tofiq Zeynalov isə cəbhəyanı kəndlərdə yaşayan insanların, eləcə də digər vətəndaşların qayğıları ilə maraqlanmır. İşsizlik həmişəki kimi yenə də əsas problemlərdəndir. Rayon camaatı iş tapmaqda çətinlik çəkir. Gəlir gətirən iş yerlərinin demək olar ki, hamısı yerli məmurların yaxın qohum-əqrəbası tərəfindən tutulub. Buna görə də digər insanlar məcburiyyət qarşısında ya Rusiyaya, ya da Bakıya üz tuturlar. Rusiyada yaşanan maliyyə böhranı və siyasi gərginlik nəticəsində bu ölkəyə gedən tovuzluların yetərli hissəsi artıq Vətənə qayıtmağa başlayıb. Onların geri dönməsi işsizlik probleminin daha da ciddiləşməsinə səbəb olub. Çünki rayonda iş yerləri azdır. Əhalinin əsas məşğuliyyəti əkinçilikdir. Amma son illər aqrar sahədə hökm sürən qanun pozuntuları yerli fermerlərin qayğılarını artırıb". Aldığımız məlumatda o da deyilir ki, abadlıq-quruculuq işləri yalnız rayonun mərkəzi ərazilərini əhatə edir. Kəndlərin bir çoxunda acınacaqlı vəziyyət yaşanır: "Tovuzun icra başçısı Tofiq Zeynalov rayondakı bütün vəzifələrə yalnız və yalnız öz qohumlarını təyin edib. Kənar şəxslərin burada vəzifə tutması yalnız 3-4-cü dərəcəli işlərdə mümkündür. Onların irəli çıxması isə mümkün deyil. İcra hakiminin başı qohum-qardaşını vəzifəyə yerləşdirməyə, habelə büdcədən ayrılmış vəsaitləri yerbəyer etməyə qarışdığından camaatın halı pərişan olub. Əksər kəndlərin yolları istifadəyə yararsız haldadır. Halbuki, RİH-in daxili büdcəsindən bir neçə dəfə kənd yollarının təmiri məqsədilə vəsait ayrılıb. Lakin bunun müqabilində heç bir iş görülməyib. Burdan belə aydındır olur ki, həmin vəsaitlər mənimsənilib". Xatırladaq ki, Tofiq Zeynalovun və oğlu Qoşqar Zeynalovun adı "Azərbaycan Dəmir Yolları" QSC-də aşkarlanan 48 milyon manatlıq yeyintidə hallandırılmışdı. Belə ki, yayılan məlumatlara əsasən, əməliyyatın gedişində Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov 5 milyon manat ziyan çəkib: "Onun oğlu Qoşqar Zeynalov 2012-ci ildə dövlət büdcəsindən həmin rayona ayrılmış 11 milyon manatın 5 milyon manatını "Texnikabank"ın Tovuz filialı vasitəsi ilə nağdlaşdırılaraq hesabdan çıxarıb və Rahib Hüseynova faizə verib". Amma kimlərinsə məsələyə müdaxiləsindən sonra icra başçısı və oğlunun adı 48 milyonluq yeyintidə bir daha çəkilmədi. Görəsən, bu məsələdə icra başçısına kim(lər)in köməyi dəyib? Bu haqda növbəti saylarımızda biləcəksiniz.

Vertikal.az
Geri dön