Ana Sayfa > Siyasət / Manşet > Sabirabad sakinindən Fikrət Məmmədova şok müraciət
Sabirabad sakinindən Fikrət Məmmədova şok müraciət4-08-2015, 10:58. Yazar: admin |
Sabirabad rayon Yenikənd kənd sakini Cəlilov Qanı Ərzulla oğlu ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Vətəndaş həmin müraciəti qəzetimizin elektron poçtuna da göndərib. O, Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovun qanunsuz əməllərinə etiraz edir. Müraciətdə deyilir: "Quruzma bələdiyyəsinin sədri Nəcəf Allahverdiyevlə birləşərək məni bu ömrümün ahıl yaşında evimdə dinc oturmağa belə qoymurlar. Cənab nazir! Mən dəfələrlə sizin qəbulunuza gəlmək istədikdə nazirliyin işçiləri "bu məsələni özümüz həll edə bilərik, Fikrəf Məmmədovluq burda iş yoxdur" deyə Nizami Hüseynovun xahişi ilə məni yola verirlər. Odur ki, sizdən artıq dərəcədə öz adımdan və Sabirabadın bir qrup ağsaqqalı adından xahiş edirəm ki, bizim rayonda vətəndaşlarla görüş keçirəsininz. Biz problemləri sizin şəxsən özünüzə çatdırmaq istəyirik. Sizə bildirirəm ki, mən 2011-ci ilin sentyabr ayında Quruzma bələdiyyəsinə müraciət edərək 2000-ci ildən bələdiyyənin keçmiş sədri olan Əliyev Fazil Balaqardaş oğlunun icarəsindəki Yenikənd kəndi ərazisində yerləşən 30 ha torpaq sahəsini sub icarəyə götürdüm. Quruzma bələdiyyəsi ilə 15 illik sub icarə müqaviləsi bağladım. Müqavilə əsasında qoyunçuluğu inkişaf etdirməyə başladım. Bundan sonra mənimlə şəxsi-qərəzi olan iki nəfər Yenikənd sakini həmin torpaq sahəsini əldə etmək məqsədi ilə Quruzma bələdiyyəsinin keçmiş sədri Fazil Əliyevdən və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovdan müxtəlif dövlət orqanlarına müraciətlər etməyə başladılar. Yazılı çəkişmələr nəticəsində öz vəzifəsini qorumaq üçün bələdiyyə sədri Fazil Əliyevə, Nizami Hüseynova təzyiqlər göstərərək mənimlə bağlanmış sub icarə müqaviləsini ləğv etməsini tələb etdi. Bununla da Fazil Əliyevi zərbə altında qoyaraq özünü sığortaladı. Beləliklə, Fazil Əliyev Nizami Hüseynovun təzyiqləri nəticəsində mənə sub icarəyə verilmiş torpaq sahəsinin boşaldılmasına dair mənim və bələdiyyə üzvlərinin iştirakı olmadan özbaşına qərar verdi. Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Məhkəmə prosesi zamanı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təklif aldım. Təklif bundan ibarət oldu ki, başçı Quruzma bələdiyyəsinin sədri, Şirvan Regional Ədliyyə Şöbəsinin rəisi Nizami Hüseynovun qarşılıqlı razılaşma əsasında Yenikənd ərazisində olan 30 ha torpaq sahəsini boşaldım. Bunun əvəzində qonşu kəndin ərazisindən sahibkarlıq fəaliyyətimin davam etdirilməsi üçün torpaq sahəsi ayrılsın. Çəkişmələrin bitəcəyi barədə mənə təminat verən hər üç şəxsə inanaraq razılaşdım və bu təklifin icrasını Nizami Hüseynov şəxsən öz üzərinə götürdü. Lakin çəkişmələr daha da qızışdı. Buna görə də Nizami Hüseynov Fazil Əliyevə təzyiqlərini davam etdirdi". Şikayətçi yazır ki, təzyiqlərə tab gətirməyən Fazil Əliyev psixoloji gərginlik nəticəsində infarkt və insult diaqnozu ilə uzun müddət xəstəxanada qalaraq həkimlərin məsləhəti ilə vəzifəsindən istefa verib: "Bundan sonra Quruzma bələdiyyəsinin sədr əvəzi seçilən Ə.İbrahimov ədliyyə şöbəsinin rəisinin göstərişi ilə 2014-cü ilin dekabr ayında məni yenidən Sabirabad Rayonu Məhkəməsinə verdi. Üstəlik, mənim üçün qonşu kəndin ərazisindən ayrılmış torpaq sahəsinin də boşaldılması tələbini qoydu. Ə.İbrahimovdan bu müraciətin səbəbini məhkəmədə soruşduqda "Mən Nizami Hüseynova tabeyəm. Onun göstərişləri mənim üçün qanundur" cavabını verdi. Halbuki, bütün göstərişləri verən Nizami müəllim mənim ayrılmış 10 ha torpaq sahəsi barədə keçirilən 18.02.2013-cü il tarixli iclas protokolundan çıxarışı şəxsən özü Şirvan Regional Ədliyyə Şöbəsində qeydiyyatdan keçirib. Nizami Hüseynovun öz vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin işinə birbaşa müdaxilə etməyə nə haqqı var? Onun bu tələblərinin qeyri-qanuni olduğunu görən Ələmdar İbrahimov Quruzma bələdiyyəsi adından rəsmi olaraq müraciət etdi və məndən şikayətçi olmadığını bildirdi. Yeni bələdiyyə seçkiləri nəticəsində Quruzma bələdiyyəsinə Nəcəf Allahverdiyev sədr seçildi. O mənə sahibkarlıq fəaliyyətimin inkişafında yardımçı olacağını bildirdi. Həmkəndlim və xoş münasibətdə olduğum sədrin bu sözləri mənim üçün təbii idi. Lakin bir müddət keçdikdən sonra şəxsi, xoş münasibətlərimizə baxmayaraq, bələdiyyə rəhbəri Quruzma bələdiyyəsi adından mənim üçün gözlənilməz şəkildə həmin torpaq sahəsinin boşaldılmasına dair Sabirabad Rayon Məhkəməsi qarşısında iddia qaldırdı. Halbuki, bələdiyyənin ərazisində məndən başqa 1000 hektarlarla torpaq sahəsi müxtəlif sahibkarların istifadəsindədir. Əlbəttə iddianın qaldırılması ilə bağlı sədrlə telefon əlaqəsi saxladım. Söhbət zamanı bildirdi ki, yaranmış vəziyyət qarşısında acizdir. Bu iddianı qaldırmasını ondan Nizami Hüseynov tələb edib. Axı nə üçün beş kəndi əhatə edən Quruzma bələdiyyəsi ərazisində bu qədər qanunsuz tikililər, zəbt olunmuş sahələr ola-ola yalnız mənim sahəm boşaldılmalıdır, ümumiyyətlə, tələbin səbəbi nədir sualını verəndə sədr bildirdi ki, ədliyyə şöbəsinin rəisindən yazmasınlar deyə söz verib ki, Cavad Cəlilova məxsus sahəni boşaltıracaq. Təki onlar rəisdən şikayət etməsinlər. Çünki şikayət zamanı Nizami Hüseynovun bəzi qaranlıq faliyyəti aşkara çıxmış olacaq. Sədrin bu sözlərindən sonra şöbə rəisi ilə görüşdüm və mənim sahibkarlıq fəaliyyətimə nə üçün mane olması ilə maraqlandım. O bu sözləri dedi: "Həmin iki nəfər qərəzli qonşularla razılıq əldə olunmasa, onlar mənim iş fəaliyyətimdən müxtəlif hüquq-mühafizə orqanlarına müraciətlər edərək təzyiqlər göstərəcəklər. Bu da tabe olduğum Ədliyyə Nazirliyində mənə qarşı mənfi münasibətin formalaşmasına səbəb olacaq". Deməli belə çıxır ki, mən bu şəxsin vəzifəsinin qurbanı olmalıyam. Maraqlıdır ki, o həmin şəxslərin hansı məlumatları açıqlayacağından çəkinir? Quruzma bələdiyyəsi 13 fevral 2014-cü il tarixli 03 saylı iclas keçirərək mənim üçün ayrılması nəzərdə tutulmuş 10 ha torpaq sahəsinin hərrac və müsabiqə komissiyasına çıxarılması barədə qərar verdi. Lakin hərrac komisiyası müsabiqə elan etməmişdi. Hərrac komissiyasından səbəbini soruşduqda bildirmişdilər ki, Şirvan Regional Ədliyyə şöbəsinin rəisi hərrac komissiyasına məktubla müraciət edərək sözügedən 10 ha torpaq sahəsinin hərraca çıxarılmasının dayandırılması barədə xahiş edib. Bununla kifayətlənməyən ədliyyə şöbəsinin rəisi 30 ha torpaq sahəsi boşaldıqdan sonra da öz qərəzini yenidən göstərərək Sabirabad Rayon Məhkəməsinin icraçısı Gülmalı Əzizova təzyiqlər etdi. Şifahi şəkildə ondan tələb etdi ki, mənim qonşu Qəzli kəndi ərazisində yerləşən 10 ha torpaq sahəsini əvvəlki 30 ha torpaq sahəsinə daxil etsin. Halbuki öz araşdırmasında Gülmalı Əzimov Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinin, Ədliyyə Nazirliyinin və Sabirabad Rayon İcra Qrupuna 13.02.2015-ci il tarixli 153820000216 saylı məktubuna əsaslanaraq icraya xitam verib. Nəticə olaraq mənə Sabirabad Rayon məhkəməsinin 15 aprel 2015-ci il tarixli 8 (056) -37 / 2015 saylı (İcra sənədi üzrə icraata xitam verilməsi barədə) qərardadın surətini göndərib. Nizami Hüseynov bu qədər rəsmi qərar müraciətləri saymayaraq yenə də mənə qarşı təziqlərini davam etdirir. Axı niyə şöbə rəisi Quruzma bələdiyyəsi ərazisində bu qədər qanunsuz balıq göllərini, tikililəri görmür, ancaq mənim üzərimə hücuma keçib? O nəyə görə sahibkarlığın inkişafına imkan vermir? Bəs bir sahibkar olaraq öz hüquqlarımı necə müdafiə etməliyəm? Belə çıxır ki, Nəcəf Allahverdiyev və Nizami Hüseynov kimi bəzi məmurlar öz vəzifə postlarını qorusunlar deyə mən məhv olmalıyam? Mən şöbə rəisinin qanunsuz əməllərinə son qoyulacağına ümid edirəm. Yaşadığım Yenikənd kəndinin ərazisində nə qədər vəsaitlər xərcləməyimə baxmayaraq, könüllü şəkildə qonşu kəndin ərazisinə köçdüm. İndi də başlayıblar ki, qonşu kəndin ərazisindən də çıxmalısan. Cənab nazir, yuxarıda göstərdiyim faktları nəzərə alaraq Nizami Hüseynov və Nəcəf Allahverdiyevin bu qanunsuz fəaliyyətlərini araşdıraraq barələrində ciddi tədbir görməyinizi və mənim tapdanmış hüquqlarımın bərpası işində mənə yaxından köməklik etməyinizi xahiş edirəm". Gündəlik Bakı Geri dön |