Ana Sayfa > Siyasət / Manşet > “Səhliyalı” kiçik müəssisəsi vətəndaşların həyatını riskə atır

“Səhliyalı” kiçik müəssisəsi vətəndaşların həyatını riskə atır


31-03-2015, 09:30. Yazar: admin
“Səhliyalı” kiçik müəssisəsi vətəndaşların həyatını riskə atır
Son illər ölkəmizdə kolbasa və sosiska istehsalı ilə məşğul olan şirkətlərin sayı xeyli artıb. Bu şirkətlərin arasında ən çox reklam olunanı isə "Səhliyalı" firmasıdır. Firmanın "Halal nemət min bərəkət" brendi adı altında istehsal etdiyi kolbasa və sosislərin, həmçinin süd məhsullarının keyfiyyətli olmamasına dair əsaslı şübhələr var. Bu haqda bir qədər sonra. Qeyd edək ki, Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, millət vəkili Eldar Quliyev bir müddət əvvəl ölkədə kolbosa istehsalını həyata keçirən bəzi müəssisələrin fəaliyyətini tənqid edib. "Əvvəllər kolbasa fabrikləri vardı, onlara çox güclü nəzarət həyata keçirilirdi. Artıq hər şey özəlləşib. İndi hərə özünə bir sex açıb kolbasa istehsal edir. Sözsüz ki, buna dövlət tərəfindən nəzarət olmalıdır. Nəzarəti əslində Standartlaşdırma, Metrologia və Patent Komitəsi, həmçinin Səhiyyə Nazirliyinin müvafiq şöbəsi həyata keçirir. Artıq son faktlar da göstərir ki, komitə bu işlərə nəzarəti kifayət qədər artırıb.

Hesab edirəm ki, dövlətin apardığı siyasət çox düzgündür. Mənşəyi bilinməyən ətlər aşkarlanıb, hansı ki, onlar kolbasa və sosiska istehsalında istifadə olunurdu. Bunun qarşısını almaq lazımdır. Dövlət tərəfindən nəzarət mütləq gücləndirilməlidir. İylənən xammaldan məhsul hazırlanır, sonra isə hazır məhsulun hamısını üst-üstə yığırlar. Belə şəraitdə məhsul saxlamaq olmaz. Sexlərdə, kolbasa və sosiskalar paylanan maşınlarda mütləq soyuducu olmalıdır. Proseslər bu standartlara uyğun davam etməlidir. Yoxsa, hərə özü üçün bir sex açıb, necə gəldi işləyir. Belə olmaz. Biz kiminsə çörək qazanmasına bir söz demirik, müdaxilə etmirik. Sadəcə, hər bir şey dövlət standartlarına uyğun olmalıdır", deyə deputat bildirib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu məsələyə görə narahat olduğunu deyib: "ABŞ-ın USAID şirkəti Azərbaycanda rəqabətə davamlılıq layihəsini 5 ildir həyata keçirir. Onlar bizim təşkilatla iş aparıblar. Azərbaycan istehlakçılarının qida təhlükəsizlik nişanının (AİQTN ) bəzi müəssisələrə verilməsi barədə iş gedir. Biz bu işi "Səhliyalı" şirkətində də aparmaq istədik, lakin şirkət buna razılıq vermədi. Təəssüf ki, bizə həmin şirkətdə təhlükəsizlik alqoritmini yoxlamağa icazə vermədilər. Çox böyük qiymətləndirmə alqoritmidir. Kim bu nişanı alırsa, əmin olmaq olar ki, onlar təhlükəsiz qida istehsal edir. Bir çox müəssisələri gəzərkən şahidi olduq ki, ölkədə ərzaq təhlükəsizliyinə cavab verən müəssisələr çox azdır". İndi isə qayıdaq "Səhliyalı" kiçik müəssisəsinin "Halal nemət min bərəkət" markası altında istehsal etdiyi məhsulların keyfiyyət göstəricilərinə. Bundan əvvəl isə bir məqamı nəzərinizə çatdırmaq istəyirik. "Səhliyalı" müəssisəsi bir ailə firmasıdır. Belə ki, dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan "BS" loqotipinin açılışı isə belədir: Bəşir - ata, Səhliyalı - baba adıdır. Mətbuatdan məlum olduğu kimi, əksər hallarda firmanın istehsal etdiyi kolbasa və sosiskalar istehlakçıların ürəyincə olmur. Bunun bir sıra səbəbləri vıar. Belə ki, dəfələrlə şirkətin istehsalı olan kolbasa və sosiskaların içərisindən qurd, yaxud digər həşəratlar çıxıb. Bununla yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında süd məhsullarının keyfiyyəti ilə bağlı apardığı monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən "Səhliyalı" kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığı aşkar edilib. Məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5% təşkil etdiyi halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə, kərə yağı aşkar edilməyib. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ "qarışıq kərə yağı" kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda "HALAL KƏRƏ YAĞI", kiçik həflərlə isə "qarışıq" sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilib. Qeyd olunanlarla əlaqədar Dövlət Xidməti "Səhliyalı" kiçik müəssisəsində yoxlamaya başlayıb. İlkin araşdırmalar zamanı müəssisədə istehsal edilən "BS" əmtəə nişanlı əla növ bişmiş "Südlü", "Doktorskaya" və "Lyubitelskaya" kolbasalarının və əla növ "Manqalüstü" sosiskanın, yağlılığı 1,4% olan ayranların, 15% və 25% yağlılıqlı xamaların, "Səhliyalı" brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, "Halal nemət min bərəkət " əmtəə nişanlı əla növ "Ovçu", "BS" əmtəə nişanlı əla növ "Doktorskaya" kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunub. Eyni zamanda, müəssisədə satış üçün nəzərdə tutulmuş, lakin normativ sənədlərə əsasən vaxtı ötmüş 362,7 kq ət məhsulları, habelə məhsul istehsalında istifadə olunan vaxtı ötmüş 19 kq inqridiyentlər aşkar edilib. Müəssisədə istehsal olunan ət və süd məhsullarından, habelə bu məhsulların istehsalı üçün istifadə olunan xammallardan nümunə götürülərək laborator müayinəyə göndərilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Səhliyalı" kiçik müəssisəsində davam etdirilən araşdırmalar zamanı xammal kimi istifadə olunan Ukrayna istehsalı "Voloqodskiy" nişanlı qarışıq yağın tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkar edilib. Həmçinin müəssisədə istehsal edilən "Halal qarışıq kərə yağı"nın, dovğanın, xamanın, ayranın, qatığın və pendirin tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkarlanıb.

Bundan başqa, müəssisədə istehsal olunan ət məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq sertifikatının olmadığı da müəyyənləşib.

Müəssisədə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar ət və süd məhsulları istehsalının dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə "Səhliyalı" müəssisəsinə icrası məcburi göstəriş verilib, firma barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Lakin bütün bunlara baxmayaraq, müəssisə rəhbərliyi hansısa vəzifəli şəxsin yardımı ilə yaranmış problemi tez bir zamanda həll etməyi bacarıb. Üstəlik, "Səhliyalı" kiçik müəssisəsinin direktoru Fəxrəddin Bəşirov rəhbəri olduğu firmanın fəaliyyətinin tənqid olunduğunu görərək bəzi saytların himayəsinə sığınıb. O bu günlərdə saytlardan birinə müsahibə verərək "Səhliyalı"nın "Halal nemət min bərəkət" markası ilə istehsal etdiyi məhsulları o ki var tərifləyib. Amma bir şey dəqiqdir ki, keyfiyyətli məhsulun nə reklama, nə də tərifə ehtiyacı var. Bundan tam fərqli olaraq "Səhliyalı" firmasının istehsal etdiyi məhsullar bəzi televiziya vasitələrində tez-tez reklam olunur. Fəxrəddin Bəşirov bəzi saytlara müsahibəsində kolbasa və sosiska istehsalında istifadə olunan ətin Hindistandan alındığını bildirib: "Dünyada ən böyük ət bazarı Hindistandır. Hindistanın ət sahəsində ixtisaslaşmış məşhur "Allanasons" firması var. Bu firma İslamın qayda-qanunlarına uyğun olaraq ət kəsimi ilə məşğuldur. Və şirkət halal sertifikata malikdir. Biz həmin firmadan da məhsul alırıq. Əməkdaşlarımızı həmin şirkətə göndərmişik, bütün mərhələni özləri müşahidə ediblər və çəkiblər. Şəxsən mən özüm də prosesdə iştirak etmişəm. Hindistanda əhalinin sayı 1 milyarddan çoxdur və əksəriyyəti də ət yeməyin qadağan olduğu hinduizm dininə sitayiş edirlər. Hindistanda ət ixracı ilə ancaq müsəlmanlar məşğul olur. Bir məqamı da xüsusi olaraq qeyd edim ki, biz şirkət olaraq, ümumiyyətlə, yerli bazardan ət almırıq. Müəssisəmizin öz yardımçı təsərrüfatı var. 1000 - 1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı ölkəmizin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Ət tələbatımızın bir hissəsini həmin fermamız vasitəsilə təmin edirik. Təsərrüfatın əsas xətti kökəltmə-ətçilikdir". Bizə çatan məlumatlara görə isə firmanın istehsalatda istifadə etdiyi ətin bir hissəsinin haradan gətirildiyi, yəni mənşəyi məlum deyil: "İstehsal prosesində ölmüş və qoca heyvan ətindən istifadə olunması güman edilir. Bu haqda mətbuatda bir neçə dəfə məlumat yayılıb, amma firma rəhbərliyi bunu təkzib edib". Şirkət direktoru Fəxrəddin Bəşirov daha sonra qeyd edib ki, vaxtı ötən və ya dükanlardakı saxlama şəraitinə uyğun olmayan məhsulları geri qaytarırlar: "Lakin atmırıq ki, heç kimin əlinə keçməsin. Qayıdan məhsullarımız üçün ayrılmış xüsusi yerimiz mövcuddur. Həmin məhsullar bu işə baxan işçilərimiz tərəfindən xüsusi avadanlıqla soyulur, istifadə edilməz hala salınıb təmizlik maşınları vasitəsilə atılır". Məlumatlı mənbə isə iddia edir ki, vaxtı ötmüş məhsullar təkrar olaraq istehsalata qaytarılır və yeni məhsulların tərkibinə əlavə edilir. Ki, nəticədə insanların sağlamlığı təhlükəyə atılır. Fikrimizcə, "Səhliyalı" kiçik müəssisəsi ilə bağlı qeyd olunan neqativ hallar dərhal araşdırılmalıdır. Əks təqdirdə, firmanın istehsal etdiyi süd və ət məhsulları xeyli insanın sağlamlığına ciddi zərbə vura bilər. Ümid edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, habelə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmiləri adıçəkilən firmada cərəyan edən qanun pozuntularının qarşısını alacaqlar.

Geri dön