Ana Sayfa > Siyasət / Manşet > Körpələrə pul qabı kimi baxan daha bir uşaq bağçası

Körpələrə pul qabı kimi baxan daha bir uşaq bağçası


15-07-2015, 16:58. Yazar: admin
Körpələrə pul qabı kimi baxan daha bir uşaq bağçası
Qəzetimizin ötən saylarında biz dəfələrlə ölkəmizdə fəaliyyət göstərən körpələr evi və uşaq bağçalarının işində yer almış neqativ hallara dair tənqidi materiallarla çıxış etmişik. Təbii ki, bütün hallarda həmin materiallar redaksiyamıza valideynlər tərəfindən təqdim daxil olunan çoxsaylı şikayət məktubları əsasında hazırlanmış olur. Bu baxımdan, aldığımız məlumatlarda uşaq müəssisələrində yer almış nöqsanların təsvirində nəzərə çarpan oxşarlıqlar diqqəti cəlb edir. Bu isə bir daha sübut edir ki, materiallarda öz əksini tapmış neqativ hallar əslində bu gün ölkədə fəaliyyət göstərən əksər məktəbəqədər uşaq tədris müəssisələrində bu və ya digər formada öz təzahürünü tapır. Artıq neçə müddətdir ki, daxil olan məlumatlarda uşaq müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsinin bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar da yaratmasına dair açıqlamalar təqdim olunur. Redaksiyamıza yeni daxil olan məlumatlarda bu kimi canfəşanlıqda xüsusilə seçilən müəssisələrdən birinin də Yasamal rayonu,Yeni Yasamal yaşayış massivində yerləşən 98 saylı uşaq bağçasının olduğu bildirilir. İlk növbədə aldığımız açıqlamalarda bildirilir ki, bu bağça bir müddət bundan əvvəl Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaitləri hesabına əsaslı şəkildə təmir olunmuşdur. Müəssisənin həqiqətən də yüksək səviyyədə, müasir tələblərə uyğun şəkildə yenidən qurulması istər uşaqların, istərsə də valideynlərin böyük sevincinə səbəb olmuşdur. Lakin təəssüflə də olsa qeyd etməliyik ki, bu sevincli anları yaşamaq heç də hamıya qismət ola biləcək bir hal deyildir. Belə ki, əsaslı təmirdən sonra uşaq bağçasının rəhbərliyi valideynlərdən tutulan qeyri-qanuni ödəniş məbləğlərini də əsaslı şəkildə artırmışdır. Bu isə təbii ki, aztəminatlı ailələrdən olan uşaqların 98 saylı bağçaya qəbulunu demək olar ki, mümkünsüz edir. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlər ilk növbədə bağçanın müdiri Elnurə İlyasovadan artıq boş yerlərin olmadığını eşidirlər. Daha səriştəli valideynlər istifadəsiz uşaq çarpayılarına işarə etdikdə isə Elnurə xanım boş yerlərin guya ki, hansısa rəhbər vəzifəli şəxslərin sifarişlərinə əsasən “bron” saxlandığını da bəyan etməkdən çəkinmir. Nəhayət bütün bu “hazırlıq işlərindən” sonra Elnurə xanım daha etibarlı və üzü yola valideynlərlə “səmimi” söhbətə keçir. Məlum olur ki, bağçada hələ də bir-iki uşaq yerləşdirmək mümkündür. Lakin bunun üçün 400-500 manat məbləğində xərc çəkmək lazım gələcək. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər də öz yerində. Yeri gəlmişkən, məlumatlarda bu da bildirilir ki, məhz təmirdən sonra bu müəssisədə yığılan aylıq “haqq” hər uşağa görə müəyyənləşdirilmiş 20 manatdan birdən birə qalxaraq, 80 manata çatdırılmışdır. Biz həmçinin belə bir fikri də ötən yazılarımızda hər dəfə xüsusi olaraq qeyd etmişik ki, uşaq bağçalarının fəaliyyətləri ilə bağlı pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu tip müəssisələrdə uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçalara ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu heç də sirr deyildir. Elə 98 saylı bağçanın fəaliyyətinə dair aldığımız məlumatlarda da vurğulanır ki, burada yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır, dövlət standartı haqqında sənəd yoxdur. Bundan başqa isə, bu gün sözügedən tərbiyə ocağında uşaqların təlim və tərbiyəsi ilə məşğul olanlar arasında isə müvafiq təhsili olmayanlara rast gəlmək olur. Eyni zamanda da Elnurə İlyasova heç bir əmək müqaviləsi bağlamadan tərbiyəçilərin qanunsuz işləməsinə şərait yaradır...

Geri dön