Ana Sayfa > Siyasət / Manşet > ADAU-da korrupsiyanın müdafiəsinə qalxanlar
ADAU-da korrupsiyanın müdafiəsinə qalxanlar22-06-2015, 11:18. Yazar: admin |
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) fəaliyyətində yer almış bir çox neqativ hallara dair redaksiyamıza təqdim olunan məlumatlar əsasında hazırladığımız material dərc olunub. Qeyd etmək lazımdır ki, son vaxtlar bu ali təhsil müəssisəsinin adı ümumiyyətlə müxtəlif mətbu orqanlarının səhifələrində bu və ya digər nöqsanlı vəziyyətlə bağlı tez-tez gündəmə gətirilir. Gəncədə olan mənbələr tərəfindən redaksiyamıza təqdim olunan açıqlamalarda isə, ADAU-nun rektoru İbrahim Cəfərovun öz işinə məsuliyyətsiz yanaşması və fəaliyyətində yol verdiyi bir çox özbaşınalıqlar səbəbindən bu universitetdə tədris prosesinin keyfiyyət bxımından getdikcə daha aşağı səviyyəyə düşdüyü bildirilir. Qeyd olunduğu kimi, bütün bu neqativ hallar barədə biz artıq dərc etdiyimiz ötən materialda yazmışdıq. Və əslində həmin fakt və ittihamları yenidən təkrarlamaq niyyətində də deyilik. Lakin baş vermiş bir kiçik olay bizi bu məsələyə təkrar dönməyə vadar etdi. Məsələ bundadır ki, sözügedən materialın bizim “facebook” səhifəsinə yerləşdirilməyi, bəzi istifadəçilərin sərt reaksiyasına səbəb oldu. Əlbəttə ki, biz bu “istifadəçilər”in əslində eyni bir mərkəzdən yönəldildiyini və idarə olunduqlarını da təxmin edirik. Yoxsa, fikir həmrəyliyi bir tərəfə qalsın, bu fikrin ifadə üsullarında da bu dərəcədə eynilik və oxşarlığa nəinki tələbələr, hətta orduda xidmət edən əsgərlər arasında da rast gəlmək çətindir. O ki, ola hər şeydən çox müstəqil fikir yürütmək, rəy söyləmək imkanını qiymətləndirən bizim tələbələr. Hələ biz rəylərin əksəriyyətində bəzi təhqiramiz ifadələrə eyhamlardan necə məharətlə istifadə olunduğunu demirik. Zənnimcə, bu da bizim tələbələrə xas deyil. Yox, acığı tutsa söyər, amma açıqdan-açığa və üz-üzə. Daha digər tələbə yoldaşlarının, xüsusən də qızların oxuyacağı səhifədə, “üç nöqtələr”lə bəzəməklə yox. Bəzi rəylərdə isə İbrahim Cəfərovun tələbələrə göstərdiyi diqqət və qayğıdan elə ağızdolusu danışılırdı ki, kimlərsə həta öz doğmalarından belə bu cür münasibət görmədiklərini etiraf etməyə hazır idilər. İyun ayının 18-i, təxminən saat 23-30-dan sonra başlayan “aksiya” dünən axşamüstünə kimi davam etdi. İmtahanların obyektiv və pulsuz keçirilməsi, rüşvətin nə olduğundan İbrahim Cəfərovun qətiyyən xəbəri olmadığı, ADAU-da bütün proseslərin son dərəcə şəffaf getməsi, bizim isə dövlətimizin təhsil siyasətinin əksinə çıxmağımız, hətta az qala xarici kəşfiyyat orqanlarına işləməyimiz – bir sözlə, bu şərhlərdə korrupsionerin bütün müdafiə vasitələri tam gücü ilə işə salınmışdı. Amma ara-sıra əks həmlələr də olurdu. Məsələn, təxminən belə bir mətndə şərh “nə boş-boş danışırsız, var da rüşvət bizdə...” Və yaxud da, arada 15-20 nəfərlik qrupun materialı bəyənməsi... Yaxşı bəs bunlar kimdir? Əgər ADAU-da hər şey ideal qaydadadırsa, bu narazılıq edənlər kimlərdir? Axı kənar insanın ADAU-nun laboratoriyalarında işçilərin sayı ilə bağlı saxtakarlığın törədilməsindən hardan xəbəri ola bilər? Və yaxud da məlumatlı mənbə olmasa, biz Azad Həmkərlar İttifaqı Komitəsi və Tələbə Azad Həmkarlar Komitəsinin vasitəsilə həyata keçirilən göndəriş (putyovka) maxinasiyaları barədə hardan öyrənə bilərik? Yox biz əlbəttə ki, İbrahim Cəfərovun və onun əlaltılarının təşkilatçılıq qabiliyyətlərini yüksək qiymətləndiririk. Necə də olmasa, qısa bir vaxt ərzində belə bir kampaniya təşkil etmək məharət tələb edir. Amma nə yaxşı olardı ki, onlar bu məharətlərini ADAU-nun inkişafına yönəldəydilər. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri dön |