Ana Sayfa > Siyasət / Manşet > Ağdamın Müşfiqabad qəsəbə köçkün uşaq bağçasında nə baş verir?

Ağdamın Müşfiqabad qəsəbə köçkün uşaq bağçasında nə baş verir?


11-06-2015, 10:07. Yazar: admin
Ağdamın Müşfiqabad qəsəbə köçkün uşaq bağçasında nə baş verir?
Aylardı fikrimi məşğul edən bir mövzu vardı. Bir qrup valideynin narahatlığına səbəb olan bir problemi aydınlaşdırmaq, məsələ ilə yaxından tanış olmaq üçün valideynlərlə görüşdüm.

Valideynlər adlarının çəkilməsini istəməsələr də, üzləşdikləri qanunsuzluqları gizlətmədilər:
- Uşaqlarımızı güc-bəla ilə bağçaya yazdırmışıq.
- Bizdən 100, 300 manat alandan sonra övladlarımızı bağçaya götürürlər.
- Bu azmış kimi, hər ayın axırında 11 manat əlavə pul yığırlar. Sən demə, bağçada da fond pulu varmış.
- Vay o gündən ki, tərbiyəçi iş yerində olmasın, yaxud vaxtından əvvəl işi yerini tərk etsin. Uşaqlarımızı bağçaya apardığımız kimi geri qaytarırıq.
- Pulu olmayan valideyn uşağını bağçaya yazdıra bilmir. Bəhanə edirlər ki, yer yoxdur…
Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək məqsədilə Qaradağ rayon Müşfiqabad qəsəbəsi, Yeni yaşayış massivində fəaliyyət göstərən Ağdam rayon İcra Hakimiyyətinin Müşfiqabad qəsəbə köçkün uşaq bağçasına yollandım.
Bağçanın əsas giriş qapısı bağlı olduğu üçün içəri arxa qapıdan keçməli oldum. Düşünürdüm ki, uşaq bağçasına yad bir insan kimi daxil olmağım çətin olacaq. Amma əksinə oldu. Məni gülərüzlə qarşılayan xanım kim olduğumu və nə məqsədlə bağçanın arxa qapısından içəri daxil olduğumu soruşmadan -“Buyurun, kim lazımdır?” - deyə məni ayaqdan başa süzdü.
- Bağçanın müdiri ilə görüşmək istəyirəm.
Xanım əlavə bir söz demədən məni müdirin kabinetinə apardı. Bağçanın müdiri Aişə xanım məni çox ciddi davranışla qarşıladı və əyləşmək üçün yer göstərdi. Özümü təqdim etdim. Təqdimatın ardınca gəlişimin məqsədini bağça müdirinə söyləyəndə ciddi görkəmi, ağır baxışları bir anda gülüşlə əvəzləndi:
- Siz nə danışırsınız? Bizim bağçada belə hallar mümkünsüzdür! Sizi yanlış məlumatlandırıblar!
Aişə xanımın dediklərini səbrlə dinlədikdən sonra bağçanını mətbəxi, qrup, yataq otaqları ilə yaxından tanış olmaq istəyimi bildirəndə, o, arxayınlıqla “buyurun!” - dedi.
Köməkçi Kəmalə xanımla birlikdə mətbəxə keçdik. Mənə xüsusi geyim verilmədiyi üçün dəzgahda bişən yeməklərlə yaxından təmasda olamğıma ehtiyat edib, kənardan izlədim. Aşpazın əllərində xüsusi əlcək, xalatın üstündən önlük, bişirilən I və II növ xörəklərlə, qida və tərəvəzlərlə yaxından təmasda olduğunu nəzərə alıb, iş zamanı bişirilən yeməklərə tük və digər yad cisimlərin düşməməsi üçün başa geyinilən xüsusi baş geyimi (qalpaq) olmadığını görəndə, mətbəxin ilkin vəziyyətinin nə yerdə olduğunu təxmin etdim. Qabyuyan xanımın da geyimi və işi o qədər ürəkaçan deyildi. Qabların yuyulub yığılması üçün nəzərdə tutulan dəzgah natəmiz, qurumuş sabun köpükləri, yuyulma vannalarında çörək, çay yarpaqları, soğan, kartof və digər tullantılarının gözə çarpacaq dərəcədə olması, I və II növ xörəklərin süfrəyə verilmə vaxtına qədər saxlanılan qazanların yararsız olması mətbəxin işini və görünüşünü bir az da qəlizləşdirirdi. Günlük dəyişən yemək cədvəli ilə tanış olmaq istədim. Kəmalə xanım səliqəsiz lüt divara bir mıxla vurulmuş kağız parçasını mənə göstərdi. Cədvəldəki tarixin köhnə günə - ötən həftəyə aid olduğunu görəndə təəccüb etdim. Məktəb, idarə, zavod, bağça və s. inzibatı binaların mətbəx qanunlarına görə, xörəklərin tərkib miqdarları öncədən tərtib olunaraq qaiməyə yazılır, baş aşpazın iştirakı ilə qaimə əsasında ərzaqlar ərzaq ambarından təhvil alınır və yemək cədvəlində gün növbəsinə əsasən təyin olunmuş normalarla bişirilir. Müzakirəmiz çox çəkmədi, Kəmalə xanım öz otağından yeni həftənin yemək cədvəlini gətirərək mənə təqdim etdi. Cədvəllə tanış oldum. I növ xörək - makaron şorbası, II növ xörək - qarabaşaq sıyığı qiymə ət sousu ilə və meyvə kompotu. Dəzgahda kompotun olmamasını söyləyəndə:
- Gərək üzürlü hesab edəsiniz, iş çox olduğundan aşpazlar kompotu hazırlaya bilməyiblər.
Mətbəxlə tanışlığımın yekununda nəticə etibarilə qənaətim belə oldu: mətbəxdə ötən həftənin yemək cədvəli, aşpaz xanımın isə əlimdəki yeni həftənin yemək cədvəlindəki normativlərə əsasən xörəklərin gözəyarı bişirməsi birmənalı təsdiqini tapdı. Kəmalə xanımın şifahi göstərişi əsasında xörəklər hazırlanır. Kompota gəldikdə isə, onun hazırlanmasına sərf olunan vaxtın, hansı iş çoxluğuna mane olması sual olaraq da qaldı…
İndi məni qarşıda daha həssas müşahidə gözləyirdi. Qruplardakı təlim prosesləri, tərbiyəçi-uşaq münasibətləri. Vaxta qənaət edib qrupları gəzməyə davam etdim.
İlk tanış olduğum orta qrup. Tərbiyəçi Nərminə Sarıyeva. Uşaqlarla salamlaşıb, davamiyyət kitabçasını gözdən keçirdim. Nəzərə alsaq ki, məşğələ saat 08:30-da başlayır, saat 11:00 idi. Hələ də davamiyyət kitabçası işlənməmişdir. Müəyyən vaxt ərzində tabeçiliyində olan və tam məsuliyyətlə cavabdehlik daşıyan tərbiyəçi Nərminə xanımın bu səhlənkarlığı onu hansı qanunla bu cür qanunsuzluğa yol verməsini nə tərbiyəçi xanım, nə də Kəmalə xanım cavablandıra bildi.
2-ci böyük qrup. Tərbiyəçi Xəyalə Sadıqova. Adəti üzrə uşaqlarla salamlaşdıqdan sonra davamiyyət cədvəlinə nəzər saldım. Növbəti səhlənkarlıq. Nəsirova Yağmur adlı uşaq məşğələ otağında ola-ola tərbiyəçi davamiyyət cədvəlində onun adının qarşısından (-) işarəsi (yəni məşğələdə iştirak etmir) yazmışdı. Yəqin Xəyalə xanım gün ərzində Yağmur adlı uşağın başına hər hansı xoşagəlməz bir iş gəlsəydi, davamiyyət cədvəlindəki (-) işarəsi ilə özünü müdafiə edəcəyinə arxayın imiş.
Növbəti böyük qrup. Tərbiyəçi Samirə Nəcəfova. Uşaqlarla salamlaşdım. Arxa cərgədə oturan sarışın, suyuşirin bir uşaq irəli çıxıb, mənimlə əl tutub kişi kimi görüşdü. Balacanın bu jesti gərgin çöhrəmə təbəssüm gətirdi. Adını soruşdum. Yusif idi. Yusifin soyadını soruşanda özü, nədənsə, duruxdu, tərbiyəçidən soruşanda isə, Samirə xanımın cavabı sözün əsl mənasında məni yerimdən oynatdı.
- Bilirsiniz, bu uşaq iki gündür bağçamıza gəlir. Hələ adını və soyadını davamiyyət kitabçasına işləməmişik. Açığı, soyadını dəqiq bilmirəm.
Zavallı Yusifin anası iki gündür övladını bağçaya gətirir, amma hələ də övladının sənədləri qeydə alınmayıb. Bəs bu uşağın həyat təhlükəsizliyinin təmininə iki gündür kimlər cavabdehlik daşıyır?!
2-3 saat ərzində bağça ilə tanışlığım və gördüklərimi Aişə xanıma aram-aram anlatdım. İçəri keçən kimi Aişə xanım otağın qapısını ötrməyimi xahiş etdi. Səbəbini soruşduqda isə:
- Nəyə görə bizim danışdıqlarınızı kimsə eşitməlidir - cavabı, qarşıda nələrin olacağını artıq planlaşdırmışdım. Aişə xanım sözünə davam etdi:
- Bu qədər irəliyə getməyin nə mənası? Siz yaxşı tərəfləri yazın. Bağçamız digər uşaq bağçalarından səliqə və komfortuna görə fərqlənir. Təsəvvür edin, 6 məşğələ otağına 7 qrup yerləşdirmişik.
- Aişə xanım, valideynlərin bəziləri onu da iddia edirlər ki, siz uşaqları bağçaya müəyyən məbləğdə razılaşmış pulla qəbul edirsiniz. Nəzərə alsaq ki, bağça dövlətimizin məcburi köçkünlərə, onların azyaşlı övladlarına hədiyyəsidir – sözümə Aişə xanım birmənalı cavab verdi.
- Ola bilməz! Bu, mümkün deyil! Mən bilmirəm o hansı valideynlərdir, amma mənim rəhbərlik etdiyim bağçada rüşvət ola bilməz!
Bağça müdirəsinin bu qədər ciddi və arxayınlıqla danışmasında nəyə və kimə arxalandığını əsaslandıra bilmədim. Bir də ki, müşahidə kameralarının olmadığı məkanda uşaqların tərbiyəçilər tərəfindən təzyiqlərə və başqa bu kimi hallara məruz qalmalarını isbat etmək bir qədər olayın operativliyini ləngitdiyini bilirdim…
Beləliklə, bağça ilə işimi yekunlaşdırıb, Aişə xanımın kabinetini tərk etdim.

Geri dön