Ana Sayfa > Siyasət / Manşet > SOCAR öz işçilərini küçəyə atır

SOCAR öz işçilərini küçəyə atır


10-06-2015, 04:47. Yazar: admin
SOCAR öz işçilərini küçəyə atır
Sovet dövründə dünyada ilk dəfə olaraq ailəlilər üçün yataqxanalar yarandı. Həmin yataqxanalarda işçilərin ailələri ev alanadək müvəqqəti yaşayırdı. SSRİ-nin dağılması ilə ailəli yataqxanaların ömrü illərlə uzandı. Bu gün yataqxana bəzi ailələr üçün yeganə “sığınacaq” yeridir. Ancaq bəzi ailələri bu imkandan da məhrum edirlər. Xətai rayonundakı 35 saylı yataqxananın sakini Vüsal Həsənov Qafqaz Xəbər Agentliyinə müraciət edib: “ İqtisad Universitetini bitirəndən sonra SOCAR-ın “Azərneftyağ” birliyində iqtisadçı vəzifəsində işə başladım. Sonralar “Azərneftyağ” “Azərneftyanacaq”ın tərkibinə daxil oldu. 2007-ci ildə ailə qurdum. Ailəli işçi kimi mənə yataqxanada 2 otaqlı mənzil verdilər. 28 dekabr 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə ARDNŞ-nin Mənzil-Kommunal Xidməti Departamentinin balansındakı yaşayış evləri, yataqxanalar Bakı ŞİH-nin balansına verildi. Bu sərəncamdan 3 ay sonra Mənzil-Kommunal Xidməti Departamentinin direktoru Namiq Şahverənov yataqxanada mənim ailəm yaşayan mənzilə heç bir əsas olmadan, heç vaxt bizimlə birlikdə işləməyən Səbinə Atayevanın adına order verib”. Müxbirimizin “Siz haradan bildiniz ki, Səbinə Atayeva heç vaxt sizinlə birlikdə işləməyib?” sualına Vüsal Həsənov belə cavab verdi: “ Bu barədə mənə 143 saylı JEK-in rəisi Vəli Usubəliyev dedi. Atayeva bir neçə ay JEK-də xadimə işləyib”. Zərəçəkən bildirib ki, mən Xətai rayon prokurorluğuna şikayət etdim: “ Şikayətimi araşdırmaq prokurorun böyük köməkçisi Bəsti Məçiyevaya tapşırıldı. O, mənə bildirdi ki, sizin ailənin istifadəsində olan mənzilə başqa ailəni qeydiyyata götürmək qanun pozuntusudur və cinayət tərkibli işdir. Ancaq az vaxtdan sonra mənim şikayətimi prokurorluğun böyük müstəntiqi Mehman Hümmətova tapşırdılar. 6 fevral 2015-ci il tarixdə o mənə məktub yazdı ki, toplanan materiallar göstərdi ki, bu işdə cinayət tərkibi yoxdur, ona görə də prokurorluq cinayət işi açmaqdan imtina elədi”. Biz Vüsal Həsənovdan sübutlar istədik. O, bizə 143 saylı JEK-in rəisi Vəli Usubəliyevlə diktofon yazısını təqdim elədi. Həmin diktofon yazısında Usubəliyev bildirir ki, Səbinə Atayeva onun rəis olduğu JEK-də xadimə işləyib.

Vüsal Həsənov eyni zamanda “Azərneftyağ” tərəfindən onun ailəsinə verilən orderi də bizə təqdim elədi. O, eyni zamanda Namiq Şahverənov tərəfindən Atayevanın ailəsinə verilən orderin də surətini bizə təqdim elədi. Zəruri sənədləri əldə edəndən sonra araşdırma aparmaq qərarına gəldik. Əvvəlcə, Səbinə Atayevanın “Azərneftyanacaq”da işləyib-işləmədiyini dəqiqləşdirmək qərarına gəldik. Birliyin kadrlar idarəsinin əməkdaşı Xavər ( soyadını demədi ) bildirdi ki, 2012-ci ildə bizim qurumda Səbinə Atayeva işləməyib. Bəs, SOCAR-ın sosial inkişaf idarəsi hansı əsasla Səbinə Atayevaya order verib..? Bu məqsədlə SOCAR-ın mətbuat xidmətinə müraciət etdik. Xidmətin əməkdaşı ( adını və soyadını demədi ) sualımıza cavab verməkdən imtina elədi. Neft və qaz sənayesi işçiləri həmkarlar komitəsinin sosial şöbəsinin müdiri Ramin Əliyevin fikrinə görə, Vüsal Həsənovun ailəsinin yaşadığı evə başqa order verməklə sosial inkişaf idarəsi qanunsuzluğa yol verib. Bakı ŞİH-nin təmir və tikinti şöbəsinin müdiri Faiq Əliyevin sözlərinə görə, yataqxanalar ŞİH-nin balansına veriləndən sonra SOCAR-ın idarəsinin həmin yataqxanaya kimisə qeydiyyata almağa hüququ yoxdur. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinə bildirib ki, SOCAR-ın sosial inkişaf idarəsi tez-tez qanunun tələblərini pozur: “ 2012-ci ildə SOCAR-ın sosial inkişaf idarəsi yataqxanada yaşayan ailələri zorla küçəyə atdı. Onlara məxsus yaşayış sahəsini hansısa bir müğənniyə verdi. Küçəyə atılan ailələr məhkəməyə müraciət etdilər. Bizim dəstəyimizlə həmin ailələr bütün məhkəmə instansiyalarını uddular. İndi biz həmin neftçi ailələrinin öz qanuni mənzillərinə köçürülməsini gözləyirik”.

Geri dön