Ana Sayfa > Siyasət > Tofiq Zülfüqarov: “David Babayanın səfəri ABŞ-ın ikili standartlardan çıxış etdiyini göstərir”

Tofiq Zülfüqarov: “David Babayanın səfəri ABŞ-ın ikili standartlardan çıxış etdiyini göstərir”


2-09-2022, 12:57. Yazar: admin


“Özünü qondarma “DQR”-in “xarici işlər naziri” kimi təqdim edən David Babayanın ABŞ-a səfəri Vaşinqtonun bir daha ikili standartlardan çıxış etdiyini göstərir”.

Bunu APA-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Sabiq xarici işlər naziri ermənilərin bu cəhdinin ilk dəfə olmadığını söyləyib: “Abxaziya, Osetiya, Dnestryanı bölgə, Luqansk, Donetskdə də qondarma qurumlar var. Prinsip olaraq bu qondarma qurumlar tanınmamalı, onların “rəsmiləri”nin səfərləri qəbuledilməz sayılmalıdır. Çünki separatçıları, terrorçuları iki yerə ayırmaq, birinin yaxşı, birinin pis olduğunu söyləmək mümkün deyil. Çünki bu, ikili standartın təzahürü, ədalətsizlikdir. David Babayanın ABŞ-a səfərinə şərait yaradılması da ikili standartların növbəti təzahürüdür. Eyni zamanda hazırkı ABŞ administrasiyasının ermənilərə isti münasibəti sirr deyil. Onu da nəzərə almaq lazımdır ki, ABŞ Konqresinə seçkilər olacaq. Bununla əlaqədar ABŞ administrasiyası ermənilər üçün belə xidmətlər göstərir və seçkilərdə ABŞ-dakı ermənilərin səsini almaq istəyir. Əslində bu kimi hallara ən yaxşı münasibət fikir verməməkdir”.

ABŞ-ın artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr təyin etməsini də ikili standartların təzahürlərindən biri sayan Tofiq Zülfüqarov qeyd edib ki, ordumuz artıq Azərbaycan-Ermənistan sərhədindədir: “Azərbaycan ərazi bütövlüyü məsələsini həll etdi. Kimsə ABŞ-a səfər edəndə özünü necəsə adlandıra bilər. Amma biz onu tanımayandan sonra onun özünü necə təqdim etməsi mənasızdır, sadəcə, şoudur”.

Sabiq xarici işlər naziri onu da deyib ki, ABŞ-da lobbilər, yəni pul vasitəsi ilə Konqresdə müəyyən qərarların qəbul edilməsi normal hal sayılır, bu, bir sistem kimi qəbul edilib: “Bu və ya digər şirkətin pulu, lobbiçilik şirkəti vasitəsi ilə bu və ya şəxsi, özünü istənilən şəkildə təsdiq edən birisini, təxribatçını Konqresdə istənilən konqresmenlə görüşdürmək olar. Ermənilər də bundan istifadə edirlər. Təəssüflər olsun ki, ABŞ-da bir çox hallarda bu sistem tənqid olunmur. Bu sistemin maliyyə əsasında qurulması təəssüf doğuran bir haldır. Bu aspektdə bir mənamı da xatırlatmaq istəyərdim. Vaxtilə ermənilər tərəfindən Azərbayana qarşı bir kampaniya vardı. Bildirilirdi ki, Azərbaycan lobbiçiliyə pullar xərcləyir. Hətta Azərbaycanda da bunu tənqid edənlər vardı. Siyasi reallıqları bilməyən adamlar ermənilərin oyununa gedib müxtəlif vasitələrlə bu kampaniyada iştirak edirdilər. İndi David Babayanın ABŞ-a səfəri həm də ermənilərin pulla, lobbiçiliklə həyata keçirdikləri səfərdir. Azərbaycandakı həmin şəxslər bəs bunu niyə tənqid etmirlər?!”.
Geri dön