Ana Sayfa > Siyasət > Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır

Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır


21-06-2022, 14:43. Yazar: admin
Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə  Azərbaycan Respublikası Ali Sovetinin sədri  seçildi.  Həmin gün parlamentin  tarixi iclasında  Heydər Əliyev  çıxış edərək bildirdi ki, “Azərbaycan Respublikasının bugünkü ağır,  mürəkkəb və gərgin  vəziyyətini tam məsuliyyətlə  dərk edirəm.  Bu vəzifəni üzərimə  götürərək öz məsuliyyətimi anlayıram  və bunların  hamısını  rəhbər  tutaraq əlimdən gələni edəcəyəm.  Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf  etdirməyi özüm üçün  əsas vəzifələrdən biri hesab edirəm.  Azərbaycan Respublikasının  dövlət  müstəqilliyi 1918-ci ildə  yaranmış ilk  Azərbaycan Demokratik  Respublikasının  ənənələri əsasında,  müasir tələblərlə,  dünyada  gedən proseslərlə  bağlı olaraq  təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin  şübhəsi  olmasın ki, ömrümün  bundan sonrakı  hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan  Respublikasının  müstəqil dövlət kimi  inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki,  mənim fikrimcə, Azərbaycan Respublikası,  bundan  sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir  dövlətin tərkibinə  daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.”
Parlamentin 24 iyun tarixli iclasında isə Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul olundu. Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi.
Cəmi 4 ay  Ali Sovetin sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində də böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.
Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərindən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Rəşad Şahbazov,
Tərtər Rayon Əli Kərimov adına Cəmilli kənd tam orta məktəbin direktoru

Geri dön