Ana Sayfa > Siyasət > ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olunub
ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olunub24-05-2022, 03:33. Yazar: admin |
Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranmasının 30-cu ildönümünə həsr edilmiş rəsmi qəbul və ziyafət təşkil olunub. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən “Report”a verilən məlumata görə, Birləşmiş Ştatlar tərəfi tədbirdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən səfir Derek Hoqan, müdafiə katibinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uolender və Oklahoma Milli Qvardiyasının ordu qərargah rəisi briqadir general Con Harrison tərəfindən təmsil olunmuşdur. Bununla yanaşı, Müdafiə Departamentinin Milli Qvardiya Bürosunun rəisinin müavini general leytenant Mark Sassevil, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri konqres üzvü Stiv Şabot və konqres üzvü Daq LaMalfa habelə Konqres üzvlərinin çoxsaylı köməkçiləri də tədbirə qatılıb. Bununla yanaşı, mərasimdə 20-ə yaxın ölkənin səfirləri, çoxsaylı hərbi attaşelər, Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndə Zalmay Xəlilzad, yəhudi təşkilatlarının rəhbərləri və 600-dən çox qonaq iştirak edib. Tədbirdə ilk öncə çıxış edən səfir Xəzər İbrahim ölkələrimiz arasında strateji tərəfdaşlığın və əməkdaşlığın müxtəlif istiqamətlərindən bəhs edib. Cari ilin mart ayında Prezident Baydenin President İlham Əliyevə məktubunda Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf etdirilməsi niyyətinin bir daha ifadə edildiyini diqqətə çatdırdı. Tədbirimiz keçirildiyi zaman ABŞ-ın Avropa Komandanlığından nümayəndə heyətinin Azərbaycanda, ADA Universitetinin dəstəyi ilə Azərbaycandan müəllim heyətinin ABŞ-da səfərdə olduğu və səylərin daha da artırılacağını bildirdi. Növbəti 30 il ərzində Azərbaycan-ABŞ əməkdaşlığının daha da inkişaf edəcəyinə ümidvar olduğu qeyd edildi. Səfir eyni zamanda, Oklahoma ilə tərəfdaşlığın qurulmasının 20 illiyindən və bu tərəfdaşlığın əhəmiyyətindən bəhs edib. Tədbirdə iştirak edən yüksək vəzifəli ABŞ rəsmiləri hər üç əlamətdar hadisə münasibətilə Azərbaycanı təbrik edib, hazırda ölkəmizlə ABŞ arasında həyata keçirilən müdafiə və təhlükəsizlik, transmilli təhdidlərə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, enerji təhlükəsizliyi, terrorçuluqla mübarizə və s. mühüm istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulamışlar. ABŞ tərəfi post münaqişə dövründə Azərbaycanın həyata keçirdiyi yenidən qurma işlərinə, minaların təmizlənməsi və humanitar yardım sahələrində dəstəyi artıqmaqda maraqlı olduğunu vurğulamışdır. Bölgəmizdə sülh və əminamanlığın təmin edilməsində ölkələrimiz arasında strateji tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Ziyafət zamanı Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30 illiyinə həsr edilmiş və silahlı qüvvələr gününə aid video-çarxlar nümayiş etdirilib. Tədbirin musiqili hissəsində Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdlərinin ifasında “Nəlbəki” milli rəqsini və ABŞ-da yaşayan həmvətənimiz Məryəm Nəcəfzadə “Sarı Gəlin” və “Koroğlu” operasından musiqi əsasında milli rəqslərimizi ifa edib. Tədbir zamanı qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim edilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin Baş Direktorunun müavini Ceyran Əsgərova və Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü Mirmövsüm Dadaşov tərəfindən Azərbaycan mətbəxinə aid ləziz yeməklər, şirniyyatlar və şərbətlər hazırlanmış, Azərbaycan mətbəxinin şah əsərlərindən olan “Şah Plov” xüsusi təqdimatla qonaqlara təqdim edilib. Tədbir zamanı Şur Trio İnstrumental Qrupunun üzvləri Vüsal İsgəndərzadə, Əbdülsəməd Mövləvi və Xalid Babayev milli və dünya musiqisindən parçalar ifa etmişdirlər. Həmçinin ABŞ-da yaşayan soydaşımız Emil Əfrasiyab piano ifası və Leyla Əfrasiyab vokal ifası ilə tədbirə rəng qatıblar. Mərasimdə Azərbaycan xalçaçılıq sənətinin nümunələri sərgilənib. Qarabağ xalçası, Azərbaycan xəritəsini əks etdirən ipək xalça və müasir incəsənət rəssamı Faiq Əhmədin “Arxiv 2” adlı xalçası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin tədbirdə Azərbaycan rəngkarlıq sənətinin nümunələri, o cümlədən ABŞ-da yaşayan həmvətinimiz Əbülfəz Bahadorinin rəsm əsərləri sərgilənmiş, Azərbaycanın tarixi və mədəniyyətinə, işğaldan azad olunmuş ərazilərimizə aid kitablar və nəşrlər ilə tanış olublar. Geri dön |