Ana Sayfa > Siyasət / Manşet > Şirvan sakinləri faciənin bir addımlığında
Şirvan sakinləri faciənin bir addımlığında15-05-2015, 09:43. Yazar: admin |
Son illər ölkəmizdə səhiyyənin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir və bu iş davamlı şəkildə aparılır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində ayrı-ayrı rayonlarda müalicə diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi, keçən əsrdə inşa olunan xəstəxanaların, həkim məntəqələrinin əsaslı təmiri bunun əyani göstəricisidir. Dünya standartları səviyyəsində qurulan həmin səhiyyə ocaqları xarici ölkələrdə istehsal olunan ən müasir tibbi avadanlıqlarla təchiz edilir. Bu da əhalinin keyfiyyətli şəkildə tibbi xidmət almasına münbit zəmin yaradır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi rayonlarda səhiyyə sistemində çalışan şəxslər ölkə rəhbərliyinin bu sahəyə ayırdığı diqqətdən sui-istifadə edirlər. Belə ki, ya vətəndaşlara pulsuz tibbi xidmətdən yararlanmağa imkan yaratmırlar, ya da səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olurlar. Şirvan şəhərinin səhiyyə şəbəkəsinə daxil olan bəzi müəssisələrdə də problemlər nəzərə çarpmaqdadır. Şəhərdə fəaliyyət göstərən Müalicə-Diaqnostika Mərkəzində çalışan Günel adlı həkimin qanuna sığmayan əməlləri barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. Etibarlı mənbənin bildirdiyinə görə, mərkəzdə göz həkimi işləyən xanım bəzi yollara baş vuraraq maliyyə vəziyyətini yaxşılaşdırmağı bacarıb: "Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində işləyən bəzi həkimlər işlərinə məsuliyyətlə yanaşmır, biznes fəaliyyəti ilə məşğul olurlar. Günel xanım da onlardan biridir. O, şəhərin mərkəzi hissəsində beşmərtəbəli binanın altını alaraq orda göz klinikası açmağa hazırlaşır. Artıq bu məqsədlə binanın altındakı əsas dayaq sütunlarının yetərli hissəsi dağıdılıb. Belə olan təqdirdə binanın çökməsi, çatların əmələ gəlməsi təhlükəsi yaranıb. Bildiyiniz kimi, hazırda Azərbaycanda çox təsadüf olunan hallardan biri də vətəndaşların yaşadıqları bina evlərinə əlavə dəyişikliklərin edilməsidir. Yaşayış sahəsinin kiçikliyini səbəb gətirərək çox vaxt vətəndaşlar əlavə eyvanlar artırırlar. Təbii ki, edilmiş bu əlavələr həm binanın xarici görünüşünə xələl gətirir, həm də binada baş verə biləcək fövqəladə vəziyyətlərin riskini artırır. Bu cür hallara demək olar ki, beşmərtəbəli binaların hamısında rast gəlinir. Halbuki, bina layihələndirilən zaman bütün konstruksiyalar ölçülərək üzərinə düşəcək ağırlıq hesablanır. Qanunsuz olaraq tikiliyə edilən müdaxilə isə həm binanın ömrünü azaldır, həm də ərazidə yaşayanlar üçün təhlükə yaradır. Diaqnostika mərkəzinin işçisinin əlavə pul qazanmaq istəyi bu binada yaşayan sakinlərin həyatını risk altına atır. Artıq binanın bəzi bloklarında iri çatlar əmələ gəlib. Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin əməkdaşı Maqsud müəllim isə baş verən qanun pozuntusuna göz yumur. O, binanın daxili hissəsinə qeyri-qanuni dəyişiklik edən həkimin cəzalandırıldığını desə də, adıçəkilən xanım öz işindədir. Nazirlik yetkilisinin onu cərimə etdiyini açıqlaması sadəcə gözdən pərdə asmaqdır". Verilən məlumata əsasən, binada hər an bədbəxt hadisə baş verə bilər: "Digər rayonlarımızda, həmçinin Bakıda bir neçə dəfə belə xoşagəlməz hadisələr qeydə alınıb. Günel xanımın biznes maraqları onlarla ailənin yaşadığı binanın qəzalı vəziyyətə düşməsinə səbəb olub. Əgər müvafiq dövlət qurumlarının nümayəndələri məsələyə müdaxilə etməsə, faciə yaşana bilər". Müvafiq qanunvericilikdə göstərilir ki, ancaq zəruri və razılıq əsasında köhnə binaların memarlıq üslubuna dəyişiklik etmək mümkündür. Vətəndaş tərəfindən yaşayış binasına əlavə dəyişiklik edilərsə, bunun üçün müvafiq rayon icra hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən razılıq və mütləq memar rəyi olmalıdır. Əgər tikiliyə edilmiş əlavə və dəyişiklik yüksək elektrik xətlərinə maneə törədirsə, bu zaman qanunsuz tikiliyə cavabdeh şəxs cinayət məsuliyyətinə cəlb olunur. Bundan əlavə, tikili və şəhərsalma qaydalarını pozarsa, tikinti sahibi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşımalıdır. Şirvan Müalicə-Diaqnostika Mərkəzinin həkimi isə qanunları ayaq altına ataraq öz bildiyini edir. Amma biz inanırıq ki, aidiyyəti dövlət orqanlarının nümayəndələri mövcud problemlə maraqlanacaq və həkimin cəzalandırılması istiqamətində zəruri addımlar atacaqlar. Geri dön |