Ana Sayfa > Siyasət > Qarabağda nə baş verir - politoloqdan mühüm açıqlama
Qarabağda nə baş verir - politoloqdan mühüm açıqlama15-03-2022, 10:03. Yazar: admin |
Murad Sadəddinov: “Azərbaycan hərbçiləri müraciətlərində xəbərdarlıq etmişdi ki...” Son günlər sosial şəbəkələrdə və mediada Qarabağ istiqamətində hərbi hərəkətliliyin müşahidə edildiyi haqda xəbərlər yayılır. Hətta bir qədər irəli gedilərək Azərbaycan Ordusunun Qarabağdakı erməni silahlı dəstələrinə qarşı əməliyyatlara hazırlaşdığı da qeyd edilir. Azərbaycan Müdafiə Nazirliyi ordumuzun bölmələrinin heç bir yerdəyişmə etmədiyini bəyan etsə də “Qarabağda hərbi əməliyyatlar başlayır” məzmunlu yazılar, informasiyalar durmadan yayılır. Guya Rusiyanın başının qarışması fonunda Azərbaycan durumu dəyərləndirib, işğalda qalan digər əraziləri də geri qaytarır. Amma bu, indiki şəraitdə real görünmür. Dünyanın qarışıq zamanında Azərbaycana müharibəyə başlamaq, savaş aparmaq əsla sərf etmir. Dövlətin əsas xətti diplomatik cəhdləri davam etdirməkdir. Azərbaycan 3-cü Qarabağ müharibəsinə hazırlaşır? Yoxsa sadəcə, Ermənistanla sərhədləri möhkəmlədir? Sosial şəbəkələrdə, ictimai yerlərdə ordumuzun növbəti hücum əmrini yerinə yetirəcəyi haqda yayılan xəbərlərin əsası varmı? Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, suallara cavabı və şərhləri rəsmi informasiyalara əsaslanaraq vermək daha düzgündür: “Azərbaycan Müdafiə Nazirliyi və digər güc strukturları açıq-aydın bəyanat verdilər ki, sosial şəbəkələrdə yanlış məlumatlar yayırlar. Ona görə də təhlillər də rəsmi məlumatlara əsaslanaraq bildirilməlidir. Yada salaq ki, bir müddət öncə Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan səsgücləndirici vasitələrlə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində yerləşən ermənilərə müraciətlər edilmişdi. Bu müraciətlərə səbəb ermənilərin 10 noyabr üçtərəfli bəyanatının tələblərinə zidd mühəndis istehkam işləri həyata keçirmələri idi. Ermənilərdən bu işi dayandırmaq və ərazidən uzaqlaşmaq tələb edilirdi. Yəni müəyyən gərginliklərə məhz ermənilərin razılaşmaları pozmağa yönəlik hərəkətləri səbəb olmuşdu. Azərbaycan hərbçilərinin müraciətlərində xəbərdarlıq edilmişdi ki, qanunsuz hərəkətlərə son qoyulmayacaqsa, biz başqa vasitələrə əl atmalı olacağıq. Çox güman ki, ermənilər bu müraciətlərdən nəticə çıxarmayıblar və sonda ağır nəticə ilə üzləşiblər. Güman ki, Azərbaycan Silahlı Qüvvələri o ərazilərdə müvafiq tədbirlər görmüşdülər. Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyi artıq məlumat yaydı ki, ərazidə sakitlikdir. Murad Sadəddinov: “Türkiyə artıq istənilən vaxt Azərbaycanın hərbi müdafiəsinə qoşulmaq səlahiyyəti əldə edib” Murad Sadəddinov Rusiyanın başının qarışmasından Azərbaycanın istifadə etməsi barədə təkliflərə gəlincə, Azərbaycanın Qarabağla bağlı hər hansı bir fəaliyyətini mən Ukrayna hadisələri ilə bağlamazdım. Ortalıqda üçtərəfli müqavilə var və o müqavilənin bəzi tələblərinə ermənilər əməl etmirlər. Həmin tələblər, xüsusilə də 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndində nəzərdə tutulan tələblər yerinə yetirilməyib. Yəni erməni silahlı birləşmələri Qarabağı tərk etməyiblər, tərk-silah olunmayıblar. 4-cü bənd faktiki olaraq ermənilər tərəfindən pozulur. Ona görə də gec-tez Azərbaycan bu bəndin reallaşdırılması üçün ən əlverişli vaxtı seçəcək. O bəndi Azərbaycan həyata keçirəcək. Buna ermənilər də, Azərbaycan cəmiyyəti də əmin olmalıdır". Ekspertin sözlərinə görə, bunun konkret nə zaman olması isə güman ki, regionda və regionun ətrafında baş verən hadisələrdən də müəyyən qədər asılı olacaq. Amma bu iş üçün ən ciddi əsas məhz 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin hələ də yerinə yetirilməməsidir. Geri dön |