Ana Sayfa > Siyasət > Müttəfiqlik bəyannaməsi region üçün yeni mərhələdir

Müttəfiqlik bəyannaməsi region üçün yeni mərhələdir


1-03-2022, 10:59. Yazar: admin
Müttəfiqlik bəyannaməsi region üçün yeni mərhələdir

Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətin bir daha ifadə olunması hazırki mürəkkəb geosiyasi şəraitdə mühüm əhəmiyyət daşıyır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərb, siyasət, diplomatiya və informasiya-təbliğat müstəvisində strategiyasının uğurlu nəticələri Azərbaycanın tarixi zəfərində öz əksini tapdı. Cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri və qətiyyətli mövqeyi fonunda həyata keçirilən strateji kursun nəticəsində həm də çox mühüm geostrateji reallıqlar yaranıb.

Bu reallıqlar, ilk növbədə, Azərbaycan dövlətinin gücünün göstəricisi olmaqla yanaşı, ölkəmizə tərəqqi, regiona rifah və inkişaf vəd edir. Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ölkəmizin milli maraqlarını tam şəkildə əks etdirir. Azərbaycan sülhsevər ölkədir, əksər qonşuları ilə, o cümlədən Rusiya ilə dostluq və qarşılıqlı faydalı əməkdaşlıq qurub. İki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 30 ildə siyasi, iqtisadi, hərbi, humanitar sahələri əhatə edən 250-dən artıq sənəd imzalanıb.

"Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədə hər iki ölkənin mənafelərinə xidmət edən sözügedən müqavilələrə ümumi baxışı əks etdirilməklə bərabər müasir çağırışlar da yer alır.

Moskva bəyannaməsin ölkəmiz üçün mühüm əhəmiyyətini qeyd etmək üçün onun birinci və ikinci maddələrinə nəzər salmaq kifayətdir:

1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

Əlbəttə, Bəyannamənin 43 maddəsinin hər biri bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığı nəzərdə tutur. Hesab edirəm ki, Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətin bir daha ifadə olunması hazırki mürəkkəb geosiyasi şəraitdə mühüm əhəmiyyət daşıyır. Həmçinin yaxın gələcəkdə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin tam icra olunmasına şərait yaradacaq.

Nəticədə Qarabağın bir hissəsindəki separatçı tör-töküntülərin tərk-silah edilməsi, bölgədə kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılması ilə regional əməkdaşlığın yeni mərhələsi başlayacaq.

Hesab edirəm ki, Prezident İlham Əliyevin yürütdüyü fövqəladə uğurlu xarici siyasət bundan sonra da dövlətimizin milli təhlükəsizliyinin, suverenliyinin qorunmasını, ölkəmizin inkişaf yolunda uğurla addımlamasını təmin edəcək.

Etibar Əliyev,

Milli Məclisin deputatı

Geri dön