Ana Sayfa > Siyasət > Gənclər siyasətlə maraqlanırmı - sorğu

Gənclər siyasətlə maraqlanırmı - sorğu


18-01-2022, 11:12. Yazar: admin
Gənclər siyasətlə maraqlanırmı - sorğu

Onları daha çox Qarabağa qayıdış prosesində iştirakçılıq, siyasi və xarici dil biliklərini gücləndirərək xaricdə Azərbaycanı təbliğ etmək maraqlandırır

Son illərdə Azərbaycanda siyasətlə maraqlanan gənclərin sayında xeyli artım müşahidə olunur. Ələlxüsus İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra gənclər siyasi-ictimai proseslərlə daha yaxından maraqlanmağa başlayıb. Onlar müxtəlif debatlara, toplantılara, yerli və xarici seminara, layihələrə qatılırlar.

Son illərdə dövlətin gənclərlə bağlı siyasətində mühüm yeniliklər var.

Bundan həvəslənən gənclər ictimai həyatın bütün sahələrində kifayət qədər fəal iştirak edir. Onlar ölkə rəhbərliyinin siyasi, iqtisadi, humanitar, sosial istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə hər zaman dəstək verir, cəmiyyətdə dayanıqlı sabitliyin və ardıcıl inkişafın təmin olunmasına töhfələrini verməyə çalışırlar.

Prezident İlham Əliyev öz çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq gənc təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Dövlətin gənclər üçün yaratdığı imkanlar onları cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsli özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etməyə həvəsləndirir.

Bu faktor mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.

Bəs görəsən, hazırda siyasətlə maraqlanan gənclərin hansı fikirləri var? Onlar hansı kitabları oxuyur? Lider kimi gördükləri şəxsiyyətlər kimdir? Gələcək Azərbaycan üçün nə kimi düşüncələri vardır?

Astara rayonundan olan Əliəskər Əsədzadə aktiv gənclərdən biridir. O, Lənkəran Dövlət Universitetinin Tarix fakultəsinin III kurs tələbəsidir.

Əliəskərin fikrincə, bu gün Azərbaycan gəncliyi arasında siyasi təfəkkürünü artırmaq istəyənlərin sayında artım müşahidə olunsa da, bu yetərli deyil.

Müsahibimin sözlərinə görə, siyasətlə bağlı oxunacaq kitablar arasında hər kəsin idealları ola bilər. “Mən ingilis yazıçı Yuval Noah Harrarinin, Karl Marksın kitablarını daha çox istifadə edirəm və yaxud Timur Soykanın ”Baronlar savaşı" kitabı da məsləhətlidir. Fikrimcə, hər Azərbaycan gənci eyni siyasi düşüncədə ola bilməz. Siyasi düşüncə baxımından gənclərimiz liberal, sosialist və milliyətçi yöndə daha çox aktivdirlər. Özüm sosialist düşüncəli gənc olduğumdan ideal şəxs kimi Che Gueveranı, Fidel Kastronu, İosif Stalini və Leonid Brejnevi seçmişəm. Gələcək Azərbaycan üçün hər nə qədər kommunist düşüncəli olsam da demokratik prinsiplərin idarəetmə və hakimiyyət seqmentlərində daha çox inkişaf etməsinin arzusundayam. Həmçinin gələcək Azərbaycanda əhalinin rifahının ən yüksək səviyyədə olmasının tərəfdarıyam. Eyni zamanda ölkədə rüşvət və korrupsiyanın tamamilə aradan qaldırılması əsas istəklərimdəndir".

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Gənclər Təşkilatının sədri Rüfət Rüstəmov isə deyir ki, gənclərimizin böyük bir qisminin fikri Ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu gənclər siyasətinin layiqli davamçısı olmaqdır: “Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və müxtəlif gənclər təşkilatları bu prosesdə daim gənclərə yardım və istiqamətlər göstərirlər. 44 günlük Vətən müharibəsində qazanılan qələbədə - istər döyüş meydanında, istərsə də siyasi arenalarda gənclərin payı əvəzsizdir”.

O, gənclərin oxuduğu ədəbiyyat siyahısının kifayət qədər geniş olduğunu qeyd edib: “Mən bu siyahıdan Çingiz Abdullayevin yazdığı əsərləri çox rahatlıqla ayıra bilərəm. Onun detektiv janrında yazdığı əsərlər gənclərin düşdükləri müxtəlif situasiyalardan rahatlıqla çıxmaları üçün köməklik edə bilir. Kitablarla yanaşı tarixdə siyasət üzrə iz qoymuş şəxslərin sitatlarını oxuyur, onlara fikir bildirirlər. Lider kimi gördüyümüz şəxs dedikdə isə onu deyə bilərəm ki, hər bir gəncin bu barədə fikirləri müxtəlifdir. Uzaq keçmişə getsək Fateh Sultan Mehmet və Şah İsmayıl Xətaini, yaxın keçmişə isə Mustafa Kamal Atatürkü, Heydər Əliyevi və Məmməd Əmin Rəsulzadəni misal gətirmək olar. Son illərdə baş verən hadisələrə görə deyə bilərik ki, indi gənclərin lider kimi gördüyü şəxs Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Vətən müharibəsi dövründə gənclər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək qələbənin əsasını təşkil etdilər”.

Rüfət Rüstəmov qeyd edir ki, hər bir Azərbaycan vətəndaşı kimi gənclərin gələcəklə bağlı ən əsas fikri Qarabağa qayıdış prosesinin aktiv iştirakçısı olmaq və prosesi sürətləndirməkdir: “Döyüş meydanında müharibə bitsə də siyasi arenada hələ də davam edir. Gənclər siyasi və xarici dil biliklərini gücləndirərək xaricdə Azərbaycanın haqq səsi olmaq istəyirlər. Son dövrlərdə yüksək vəzifələrə gənclərin təyin edilməsi də gəncliyə stimul verir və onların gələcəklə bağlı planlarını genişləndirir. Bu biz gənclərə olan etimadın əsas göstəricisidir”.
Geri dön