Ana Sayfa > Siyasət > "Rusiya Qazaxıstana qoşun yeritməklə öz mövqeyini gücləndirmədi, əksinə zəiflətdi" - Sülhəddin Əkbər

"Rusiya Qazaxıstana qoşun yeritməklə öz mövqeyini gücləndirmədi, əksinə zəiflətdi" - Sülhəddin Əkbər


11-01-2022, 10:35. Yazar: admin

"Rusiya Qazaxıstana qoşun yeritməklə öz mövqeyini gücləndirmədi, əksinə zəiflətdi" - Sülhəddin Əkbər
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev iğtişaşlarda ölənlərin xatirəsinə yanvarın 10-nu ümummilli matəm günü elan edib. KTMT iclasında çıxış edən Tokayev bildirib ki, bir sıra mənbələr Qazaxıstanda hakimiyyətin dinc asayişçilərlə mübarizə apardığını iddia edirlər. Onun fikrincə, bu, tamamilə dezinformasiyadır: “Biz heç bir zaman silahlı qüvvələrimizi dinc nümayişçilərə qarşı istifadə etməmişik və etməyəcəyik.

Bunu bilən Qazaxıstana hücum edən təşkilatçılar bir neçə aqressiya dalğası təşkil etdilər. Dediyim kimi əvvəl dinc etirazlar baş verdi. Sonra isə xüsusilə də Almatıda siyasi mitinqlər keçirildi. Daha sonra isə şəhərə üç istiqamətdən silahlı dəstələr hərəkət etməyə başladı. BMT Nizamnaməsi hər bir dövlətin xaricdən silahlı hücum zamanı individual və ya kollektiv müdafiəsi hüququnu tanıyır. Yaxın vaxtlarda ilkin araşdırma başa çatandan sonra biz dünya ictimaiyyətinə Qazaxıstana qarşı terror hücumu hazırlanması ilə bağlı əlavə sübutlar təqdim edəcəyik”. Tokayev BMT, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatların iğtişaşlar zamanı törədilən cinayətlərin araşdırılmasında maraqlı olduqlarına inandığını deyib. Qazaxıstanın ən böyük böhranını yaşadığını söyləyən Tokayev qeyd edib ki, terrorçuların əsl hədəfi konstitusiya düzənini dağıtmaq, hakimiyyəti ələ keçirmək və dövlət çevrilişi etmək idi: “Onların əsas hücumu Almatıya qarşı yönəlmişdi, şəhərin süqutu cənubun, daha sonra isə bütün Qazaxıstanın ələ keçirilməsinə yol açacaqdı”.

“Qazaxıstandakı, ilk növbədə Özbəkistandakı vəziyyətdən dərs çıxarmaq lazımdır”. Belarus Prezidenti Aleksandr Lukaşenko da deyib ki, iğtişaşlarda iştirak edənlərin əsas hissəsini peşəkar “terrorçular” təşkil edirdi:

“KTMT sülhməramlılarının yeridilməsi Qazaxıstandakı münaqişə təşkilatçılarının planlarını pozdu. Sülhməramlıların terrorçular tərəfindən ələ keçirilməsinə imkan verməməliyik. Çünki onlar öz istəyi ilə gəlməyiblər. Dostları, qardaşları zəng vurub”. Rusiya Prezidenti Vladimir Putin isə Qazaxıstanda “Maydan hərəkatının” planlaşdırıldığını, amma vaxtında qarşısının alındığını bildirib.

DİA.AZ xəbər verir ki, Rusiya və müttəfiqlərinin Qazaxıstandakı hadisələrə baxışını “Şərq”ə analiz edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, baş verən olaylardan sonra Rusiya başda olmaqla digər postsovet ölkələrindəki bütün avtoritar rejimlərin yuxusu ərşə çəkilib...

- Sülhəddin bəy, Putin, Tokayev və Lukaşenko Qazaxıstanda baş verənləri eyni cür dəyərləndirir, kənar müdaxilədən,
“terrorçulardan” danışırlar. Olaylarda dolayı yolla Qərbin suçlanması nə qədər məntiqlidir?

- Moskva MDB ölkələrində “rəngli inqilabların” qarşısını almaq metodlarını işləyir. Bunun üçün də postsovet ölkələrinə təlimatlar göndərir. Xüsusi xidmət orqanlarının kanalları ilə operativ əlaqəni davamlı olaraq saxlayırlar. Bütün avtoritar rejimlər və onların başında duran Rusiya xalqların meydanlara çıxmasına, hakimiyyətlərin demokratik seçki tələbləri ilə dəyişdirilməsinə prinsipcə qarşıdırlar. Ona görə də hamısı bunun üçün səfərbər olunub. Belə etirazlar yubanmadan, dərhal demokratiya işartıları kimi nəzərə alınır və elə rüşeym halındaca məhv edilir. Bu, birmənalı şəkildə Kremlin və digər əksər postsovet dövlətlərinin rejimlərinin demokratiyaya baxışıdır. “Rəngli inqilab” ifadəsi avtoritarların başındakı tükü biz-biz edir.
- Qazaxıstanda baş verən etirazlar birmənalı rejimə qarşı yönəlmişdi və demokratiya tələbindən irəli gəlirdi deyə bilərikmi?
- Qazaxıstanda yaranmış vəziyyət tam aydınlaşmayıb. Proseslərlə bağlı məlumatlar dəqiq deyil. Ona görə də hadisə barədə konkret nəsə söyləmək erkəndir. Bir neçə gündən sonra Qazaxıstanda gerçəkdə nələrin baş verdiyi haqda daha dəqiq fikir söyləmək olar. İlkin fikir, rəy odur ki, Qazaxıstanda etiraz hərəkatı iki yerə ayrılmalıdır. Birincisi, Qazaxıstanın qərbində başlayan və dinc tələblərin irəli sürülməsi ilə davam edən aksiyalardır. İkincisi isə, Almatıdakı etirazların geniş miqyas alaraq bütün ölkə ərazisinə yayılmasından sonra rejimin və onların arxasında duran Rusiyanın məqsədyönlü şəkildə cəmiyyətdə provokativ addımlara əl atmasıdır. Sonradan meydana çıxan təxribatçı davranışlar etiraz aksiyasını gözdən salmağa, dinc əhalinin gözünü qorxutmağa hesablanmışdı. Ən başlıcası isə xarici müdaxilənin “legitimləşdirilməsi” ilə KTMT-nin Qazaxıstana girişinə imkan yaratmaq qarşıya məqsəd qoyulmuşdu.

- Tokayev müdaxiləni “qanuniləşdirmək” üçünmü xarici “terror təhlükəsini” ortaya atdı?

- KTMT-nin, daha doğrusu, Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin əsaslandırılması üçün “beynəlxalq terror təhdidindən” danışmaq vacib idi. Guya ölkəyə Qərbdən, yaxud başqa yerdən xarici müdaxilə olduğuna görə, KTMT nizamnaməsinin 4-cü bəndi tətbiq olunub. Üstəlik, Qazaxıstan prezidentinin də müraciəti əsas götürülüb. Bu “legitimliyi” haqlı olaraq şübhə altına alanlar Qazaxıstan prezidentinin belə bir səlahiyyətinin olmadığını deyirlər. Çünki bunun üçün, yəni xarici qoşunların ölkəyə daxil olması üçün parlamentin təsdiqi mütləqdir. Amma Tokayev rejimi və arxasında duran Rusiya heç nəyə məhəl qoymadan bu cür addımlar atırlar. 20 Yanvarı görmüş Azərbaycan xalqı üçün Qazaxıstandakı mənzərə kifayət qədər aydındır.

- Türk Dövlətləri Təşkilatının ən önəmli üzvü - Qazaxıstan itirildimi? Rusiya öz məqsədinə çatdımı?

- Çoxları düşünür ki, Rusiya Qazaxıstana qoşun yeritməklə öz mövqeyini gücləndirdi. Mən tam tərsini düşünürəm. Əksinə, Rusiya bu addımı ilə Qazaxıstan xalqını itirdi. Necə ki, 20 Yanvardan sonra Azərbaycanda xalq hərəkatı, milli azadlıq hərəkatı geniş vüsət aldı, bundan sonra Qazaxıstandakı proseslər anti-Rusiya xarakteri alacaq. Qazaxıstanda da həqiqi milli azadlıq və demokratik hərəkatın formalaşmasını müşahidə edəcəyik.
Geri dön